news Image
2019.06.15
07:18
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarların investisiya təminatının gücləndirilməsi əsas hədəflərdəndir

Son 15 ildə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Dövlət başçısının hələ 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya qoyulurdu. Bunun ardınca Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi dövlət proqramlarının (2004-2008-ci, 2009-2013 və 2014-2018-ci, 2019-2023-cü illər) əsas istiqamətlərindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsini özündə ehtiva etmişdir.

Sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində dövlət tərəfindən son illərdə mühüm addımlar atılıb və atılmaqdadır. Bu sahədə Azərbaycan İnvestisiya Şirkəti də mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi; Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar,

sərgilər, seminar və konfranslar keçirilmişdir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.

Ümumiyyətlə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: ölkənin investisiya imicinin formalaşdırılması; yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi; investorların cəlb edilməsi və onlarla danışıqların aparılması; investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması; Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması; ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları; "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilinin və tənzimlənməsinin həyata keçirilməsi məqsədilə 2007-ci ilin avqustunda Bakı Biznes Tədris Mərkəzi (BBTM) yaradılıb. Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədi ilə 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) nümayəndəlikləri mövcuddur.

Sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunub.

Elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. Bu sistemin tətbiqinə qədər hökumət lisenziya verən qurumların sayının azaldılması ilə əlaqədar tədbirlər görsə də, qeydiyyat məsələsində problemlər qalırdı. Sahibkarlar fəaliyyətə

başlamaq üçün 15 prosedur üzrə sənəd toplamalı, həmin sənədləri əldə etmək üçün vergilər, kənd təsərrüfatı, əmək və əhalinin sosial müdafiəsi nazirliklərindən, Dövlət Statistika Komitəsindən, Sosial Müdafiə Fondundan və digər dövlət qurumlarından keçməli idilər. Bu isə ən azı 150 gün vaxt aparırdı. Hətta işə başlamaq üçün sahibkarlar 1 il gözləməyə məcbur idilər.

"Bir pəncərə" sisteminin tətbiqindən sonra sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu «Doing Business» hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində «İslahatçı ölkə» elan edilib.

Samir Mustafayev