Əlaqə Arxiv
news Image
2019.06.22
07:20
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İnsan amilini önə çəkən islahatlar paketi

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü sosialyönümlü siyasətin məqsədi təkcə sosial bərabərsizliyi aradan götürmək olmayıb, həm də onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki fərqliliyi aradan qaldırmaq, kəskin təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərinin layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü mahiyyəti bir tərəfdən Azərbaycanda insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf edən bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Müasir dövrdə hər bir inkişaf etmiş dövlət bazar münasibətlərinin inkişafı, iqtisadi sərbəstlik, azad sahibkarlıq və özəl mülkiyyətçilik şəraitində sosial hüquqların təminatı sisteminə xüsusi diqqət yetirir. Vətəndaşların sosial təminat hüquqlarının reallaşdırılması demokratik inkişaf yolu tutmuş bütün dövlətlər üçün mühüm vəzifələrdən sayılır.

Dövlətimizin başçısı tərəfindən son 10 ildə imzalanmış sərəncamlar sosial təminat və yoxsulluğun səviyyəsinin aşağı salınması baxımından mühüm əhəmiyyətə malikdir. Buna misal olaraq «Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli fərmanı xatırlatmaq mümkündür. Fərmana əsasən, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə vətəndaşların 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 aprel tarixli fərmanı ilə əhalinin «Azərsu» Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat borcunun dövlət büdcəsi hesabına silinməsi də dövlətin sosialyönümlü siyasətinin növbəti təcəssümü olub. 2012-ci ilin iyun ayından 1-dən vətəndaşların SSRİ dövründən əmanət bankında qalmış əmanətlərinin indeksasiya olunaraq qaytarılması da respublikamızın sosialyönümlü iqtisadi siyasətinin mahiyyətindən irəli gəlib.

Bu və faktlar göstərir ki, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə möhkəm dayaqlar tapması, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanması, xüsusən də bu ilin əvvəlindən başlayaraq əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanın "sosial dövlət" konsepsiyasına sadiqliyinin bariz göstəricisidir.

Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlətimizin başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılması təmin edilib. Təkcə onu demək lazımdır ki, bu prosesini əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq

strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.

Son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılıb, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilib, yanğından zərər çəkmiş sahibkarlara kompensiya ödənilib, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılıb. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanır.

Bəzi statistik göstəricilər fonunda Azərbaycanda sosial sahədə həyata keçirilən islahatların real miqyasını təsəvvür etmək çətin deyil. Şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların aylıq müavinətin 242 manatdan 300 manata, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması, minimum əməkhaqqının 40 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 40 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi əhali tərəfindən də yüksək dəyərləndirilir.

2019-cu il aprelin 1-də imzalanmış "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. 576,8 min nəfəri əhatə edən sərəncamın icrası üçün cari ilin 9 ayında 302 milyon manat, illik 400 milyon manat əlavə vəsait ayrılıb.

Dövlətimizin başçısının bu günlərdə - iyunun 18-də imzaladığı sərəncamlar sosialyönümlü islahatların davamlı səciyyə daşıdığını bir daha təsdiqləyib. Bu baxımdan minimum əməkhaqqının məbləğinin il ərzində ikinci dəfə 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması xüsusi vurğulanmalıdır. Minimum əməkhaqqının artımının 950 minədək vətəndaşı əhatə edəcəyi gözlənilir ki, onlardan da 600 min nəfəri dövlət sektorunda, 350 min nəfəri özəl sektorda işləyənlərdir. Bu islahatın reallaşdırılması üçün üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulur. Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Hesab olunur ki, bu sərəncamlar 2,1 milyon insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. İmzalanmış sərəncamlar əsasında minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması; dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılması; pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata qaldırılması; hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının məvaciblərinin 40 faiz artırılması; dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndrilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə

maaşlarının orta hesabla 20 faiz artırılması nəzərdə tutulur. Bundan əlavə, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin də aylıq vəzifə maaşlarının orta hesabla 40 faizə yaxın artırılması nəzərdə tutulub.

Ümumilikdə, yeni sərəncamlar 1 milyon 350 minədək vətəndaşın əməkhaqqında ciddi artımlara səbəb olacaq. Ölkədə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyəcək. Bundan əlavə, dövlət başçısının təşəbbüsü ilə pensiyaların minimum məbləğinin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması, 2020-ci ilin yanvarında isə daha 15 faiz artırılması nəzərdə tutulur. Minimum pensiya məbləğinin artırılmasının ümumilikdə 660 min pensiyaçını əhatə edəcəyi gözlənilir. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldilməlidir.

İslahatların hazırki mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması da Azərbaycan üçün kifayət qədər aktualdır. Son illərdə həyata keçirilən kadr islahatlarının əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Cənab İlham Əliyev, ilk növbədə, vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı idarəetmə sistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz