Əlaqə Arxiv
news Image
2019.06.25
07:20
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Yoxlamaların dayandırılması sahibkarlıq subyektlərinə ciddi dəstəkdir

Cari ilin ötən dövrünün yekunları deməyə əsas verir ki, Azərbaycan iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olmuşdur.

Nazirlər Kabinetinin 2019-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərir. Bütün bunların nəticəsi olaraq respublikamız dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun bir müddət əvvəl açıqladığı "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir: "Əlbəttə ki, islahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq. Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək".

2019-cu ilin I rübü ötən illərdən uğurla reallaşdırılan və insan amilini daim ön plana çəkən islahatların reallaşdırılmasında yeni və məhsuldar mərhələ olmuş, dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sosialyönümlü islahatlar daha geniş miqyas almışdır. İlin birinci rübündə ümumi daxili məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz, kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması aparılan islahatların uğurlarından xəbər verir.

Bu uğurlu nəticələr, heç şübhəsiz, uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləyir ki, 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.

Ötən dövrdə xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə

dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının təşkili; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması müsbət nəticələrin əldə olunmasını şərtləndirmişdir.

Son iki ildə xüsusilə də lisenziyaların sayınınn azaldılması və yoxlamaların dayandırılması istiqamətində atılan addımlar müsbət nəticələr vermişdir. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılmışdır. Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir.

Xatırlatmaq yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir.

Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş 2015-ci il 20 oktyabr tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Bu addımlar, şübhəsiz ki, qlobal böhran dövründə ölkədə sahibkarların üzləşdiyi problemlərin həlli, onların fəaliyyətinin dəstəklənməsi baxımından prinsipial siyasi iradə nümayişi hesab oluna bilər.

Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə həmin qanunun qüvvədəolma müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması da son dərəcə əhəmiyyətli addımlardandır. Bu müddətdə yalnız vergi yoxlamalarının, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən yoxlamaların aparılması mümkün olacaqdır. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" də ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri və hədəfləri əksini tapmışdır.

Samir Mustafayev

Sizin Reklam Yeriniz