news Image
2019.06.26
07:20
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi təmin edilir

Hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Ulu öndər Heydər Əliyevin neft strategiyasında varisliyi inamla təmin etmiş dövlət başçısı İlham Əliyev «qara qızıl»dan əldə olunan gəlirlərin milli intibaha xidmət etməsi məqsədilə iqtisadi prioritetləri ilk gündən düzgün müəyyənləşdirməyə nail olmuşdur. 
Dövlət başçısı hələ 24 noyabr 2003-cü il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanında neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Neft-qaz sənayesində gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, Dövlət Neft Fondundan ayrılan vəsaitin şəffaflığını qorumaq məqsədilə onun büdcə xərcləri çərçivəsində ünvanlı istifadəsini təmin edən tədbirlərin görülməsi kimi mühüm məsələlər də həmin fərmanda öz əksini dolğun şəkildə tapmışdır. 
Neft Fondunda toplanmış gəlirlərdən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş «Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya»nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının geniş miqyaslı istismarı ilə əlaqədar olaraq neft və qaz gəlirlərinin 2008-ci ildən başlayaraq kəskin artması, habelə mövcud neft-qaz ehtiyatlarının gələcəkdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil olması şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, inkişafın stimullaşdırılması, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və qaz gəlirlərinin idarə olunması belə bir strategiyanın qəbul edilməsini zərurətə çevirmişdir.  
Təbii sərvətlərinin zənginliyinə rəğmən Azərbaycan bu gün daha çox qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənaye müəssisələrinin yaradılması, Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınmışdır. Sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda nüfuzlu dövlətlərdən birinə çevrilməsi, ilk növbədə, elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Bu da təsadüfi deyil ki, Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı regionda yüksək investisiya cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər.
Əldə olunan uğurlar həm də regionların sosial-iqtisadi inkişafı tədbirləri ilə sıx şıkildə bağlıdır. Son 15 ildə regionların inkişafı ilə bağlı həyata keçirilən, 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları bölgələrdə kütləvi işsizlik problemini xeyli dərəcədə aradan qaldırmışdır. 
Son illərdə imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, Azərbaycanın uzunmuddətli inkişaf strategiyası dərin elmi proqnozlara əsaslanır. Son 4 ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması dövlət siyasətinin dərin elmi əsaslarla aparılması məqsədinə hesablanmışdır. 
Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması da əsas hədəflərdən biridir. Hökumət ixracı məhz qeyri-neft sektoru məhsulları hesabına genişləndirməyi qarşıya məqsəd qoymuşdur. Sənəddə bu məqsədlə sənayenin bir sıra mühüm sahələrinin müəyyənləşdirilməsi və həmin sahələrə investisiyaların cəlb edilməsi vacibliyi önə çəkilir. Strateji Yol Xəritəsi 2025-ci ilədək ticari mal və xidmətlər sektorunda 150 min əlavə iş yerinin yaradılmasını da hədəfləyir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş son iclasında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu xüsusi vurğulamışdır: "Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə, bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi və bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin».
Ümumilikdə son illər Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, «qara qızıl»dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bu da təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun "İnsan kapitalı indeksi" hesabatında Azərbaycan 124 ölkə arasında 63-cü yeri tutmaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır. 
Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından kənd təsərrüfatına xüsusi diqqət və qayğı ilə yanaşılır. Aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, bu sahədə infrastrukturun yaxşılaşdırılması öz praktik nəticələrini verir. Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının, Baş Mil-Muğan kollektorunun tikintisi, aqrotexniki xidmət işlərinin yerinə yetirilməsinin keyfiyyətini yüksəltmək üçün “Aqrolizinq” ASC-nin yaradılması və s. tədbirlər bu sahənin inkişafına təkan vermişdir.
Dövlət başçısı tərəfindən ənənəvi kənd təsərrüfatı sahələrinin - pambıqçılığın, baramaçılığın, ipəkçiliyin, tütünçülüyün, çəltikçiliyin, çayçılığın, fındıqçılığın, sitrus meyvəçiliyinin inkişafı istiqamətində imzalanmış sərəncamlar, keçirilmiş müşavirələr, həmçinin istehsalçılara subsidiyaların verilməsi ixrac potensialının artırılmasına və bölgələrdə tarixi məşğulluq ənənələrinin bərpasına mühüm təkan vermişdir. Pambıqçılığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrin icrası yaxın illərdə ölkəmizdə pambıq emalını 500 min tona çatdırmağa imkan verəcəkdir.
Bütün bunların nəticəsi olaraq Azərbaycan "Doing Business" hesabatına əsasən Azərbaycan 190 ölkə arasında 25-ci pillədə, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətədavamlılıq" hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. 
Qlobal maliyyə böhranı şəraitində bu və digər mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması da Azərbaycanın dövlət siyasətinin strateji hədəflərindəndir. Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını vacib sayır. 
Son prezident seçkilərindən dərhal sonra dövlətimizin başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Hazırkı məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir. 

Samir Mustafayev