news Image
2019.06.29
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Müasir nəqliyyat inftastrukturu sahibkarlığın inkişafına təkan verir

Son 15 ildə ölkə iqtisadiyyatının bütün strateji əhəmiyyətli sahələrində müşahidə olunan pozitiv inkişaf və tərəqqi özünü nəqliyyat-kommunikasiya sistemində də qabarıq göstərir. Sosial-iqtisadi inkişafa təkan verən bu şəbəkənin tamamilə yenidən qurulması və modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın avtomobil nəqliyyatı yollarının da müasirləşməsini təmin edir.

Şübhəsiz, inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir qloballaşma şəraitində hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti həm də onun malik olduğu nəqliyyat-kommunikasiya kompleksinin inkişaf səviyyəsi ilə ölçülür. Geniş və çoxşaxəli, mükəmməl infrastruktura malik, dövrün tələblərinə cavab verən yol-nəqliyyat şəbəkəsinə malik olmayan hansısa dövlətin dinamik inkişafından söz açmaq qeyri-mümkündür. Bu reallığı böyük müdrikliklə qiymətləndirən ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikanın əlverişli geostrateji mövqeyini, eləcə də beynəlxalq əhəmiyyətli, qlobal kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq, yol-nəqliyyat sisteminin tamamilə yenidənqurulmasını və modernləşdirilməsini özünün dərin elmi əsaslara söykənən iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Böyük öndər Azərbaycanın perspektiv iqtisadi inkişafına hesablanmış təkmil fəaliyyət konsepsiyasına əsaslandığından, yol-nəqliyyat kompleksinin müasir tələblərə uyğun qurulmasını son dərəcə vacib sayırdı. «Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir» - deyən ümummilli lider Heydər Əliyev dəmir yolu, su, avtomobil, hava nəqliyyatı sahələrinin dinamik inkişafına həm də Azərbaycanın xarici iqtisadi, ticari, humanitar və mədəni əlaqələrinin inkişafı baxımından qiymət verirdi.

Bu həssas və qayğıkeş rəhbər münasibəti həm də real vəziyyətin kritikliyi ilə şərtlənirdi. Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda hakimiyyətdə olan təsadüfi, naşı qüvvələrin yeritdiyi uğursuz iqtisadi siyasət nəticəsində Azərbaycanın yol-nəqliyyat kompleksində də dərin böhran hökm sürürdü. İctimai-siyasi sabitliyin olmadığı, özbaşınalığın, xaosun hökm sürdüyü bir şəraitdə Azərbaycana əlverişli tranzit zona kimi etimad azalmış, respublikanın ərazisindən yük və sərnişin daşınmalarının həcmi kəskin surətdə aşağı düşmüşdü. Lakin ümummilli lider Heydər Əliyevin qətiyyəti və prinsipiallığı, habelə uzaqgörən daxili və xarici siyasəti nəticəsində bu böhranlı vəziyyəti qısa müddətdə aradan qaldırmaq mümkün oldu. Azərbaycanın bir sıra aparıcı qonşu dövlətlərlə münasibətlərinin sivil məcraya yönəldilməsi xarici iqtisadi-ticari əlaqələrin bərpasına və bilavasitə nəqliyyat-kommunikasiya kompleksinin yüksəlişininə təkan verdi.

1994-cü ilin sentyabrında Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə inkişafının əsasını qoyan «Əsrin müqaviləsi»nin imzalanması ilə respublikanın iqtisadi və tranzit-kommunikasiya əhəmiyyəti xeyli dərəcədə artdı. Şərqlə-Qərb arasında strateji körpü rolunu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi. Tarixi İpək yolunun

bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması məhz ulu öndər Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir.

TRASEKA layihəsi 1993-cü ildə Brüsseldə keçirilən Avropa İttifaqının sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilir. Layihənin həyata keçirilməsində ən mühüm mərhələ isə 1998-ci il sentyabrın 8-də Bakıda «Böyük İpək Yolunun bərpası» mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilməlidir. Ümumilikdə 32 dövlət və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdityi bu irimiqyaslı tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş imzalanmışdır. Bu saziş onu imzalayan ölkələr arasında beynəlxalq yük və sərnişin daşımalarını, həmçinin üçüncü ölkələrlə tranzit daşımalarını tənzimləyir. Konfrans nəticəsində həmçinin TRASEKA layihəsinin daimi katibliyinin Bakıda yerləşməsi haqqında qərar da qəbul edilmiş və 2001-ci ilin fevralında bu məsələ gerçəkləşmişdir. Bu bir daha Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin formalaşdırılmasında Azərbaycana necə böyük əhəmiyyət verildiyini təsdiqləyir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev son 15 ildə respublikanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə xidmət edən strateji siyasi kursu layiqincə davam etdirir. Bu, cənab Prezidentin sosial-iqtisadi islahatların sürətləndirilməsinə, regionların davamlı və tarazlı inkişafına xidmət edən dövlət proqramlarının qısa müddətdə Azərbaycana gətirdiyi dividendlərdən də aydın görünür. Cənab İlham Əliyevin imzaladığı 24 noyabr 2004-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanı, habelə 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin yol-nəqliyyat kompleksində həllini gözləyən bəzi problemlərin kompleks həlli baxımından vacib əhəmiyyət kəsb edir. Hər üç proqramda ölkə həyatının digər strateji sahələri kimi, nəqliyyat-kommunikasiya şəbəkəsinin modernləşdirilməsinə və yenidən qurulmasına da xüsusi diqqət ayrılmışdır.

"Azəravtoyol" ASC-dən bildirilir ki, icrası yekunlaşmış "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkədə yol təsərrüfatı yeniləşib və müasirləşib. Bu gün həm rahatlıq, həm də təhlükəsizlik baxımından Azərbaycanın magistral yolları daha çox fərqlənir: dövlət başçısı İlham Əliyevin imzaladığı 60-dək sərəncama əsasən, uzunluğu 515 kilometr olan 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi başa çatdırılıb. Bu avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, respublikanın ümumi istifadəsində olan avtomobil yollarında 14 yeni körpü və 2 piyada keçidi tikilib istifadəyə verilib. Ölkənin avtomobil yollarında 9 körpü əsaslı təmir edilib. 2017-ci ildə yenidən qurulması başa çatdırılmış 28 kəndlərarası və qəsəbələrarası yolların əksəriyyətinin açılış mərasimində dövlət başçısı İlham Əliyevin şəxsən iştirak edib, Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin, habelə paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev, Çobanzadə, Naxçıvani və Mehdi Abbasov küçələrində aparılan yenidənqurma işləri ilə tanış olub".

Dövlət başçısının Bakının Sabunçu rayonu ərazisində əsaslı şəkildə yenidən qurulan Maştağa-Bilgəh yolunun, həmçinin Nardaran qəsəbəsində Abşeron və Nəsrulla Əsgərov küçələrinin, Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlqoyma mərasimində, Qarayəm-İsmayıllı avtomobil yolunun, Qəbələ rayonunda Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun, Biləsuvar rayonunun Əsgərəbad-Muğan-Çaylı avtomobil yolunun, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun bu rayonun ərazisindən keçən 23,4 kilometrlik hissəsinin, Salyanın Babazanan yaşayış massivinin şəhərin mərkəzi ilə birləşdirən Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpünün, Qusar rayonunda Qusar-İmamqulu kənd Quxuroba, Xaçmaz rayonunda Xudat-Yalama-Zuğuloba avtomobil yollarının, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax hissəsinin, Qazax rayonunun Qazax-Kosalar avtomobil yolunun, Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun, Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun, Bakının Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun, əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun, Binə qəsəbəsində Əli İsazadə küçəsinin, Xəzər rayonunda Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin və Ağ şəhərdə tikilən 2 kilometr uzunluğunda küçələrin açılış mərasimlərində iştirakı bu sahəyə olan yüksək diqqət və qayğının göstəricisidir.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, ilk növbədə, sahibkarlığın, özəl sektorun inkişafı məqsədilə yol nəqliyyatı kompleksində mövcud problemlərin aradan qaldırılmasına çalışır.

Samir Mustafayev