news Image
2019.07.03
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar cəlb edilir

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.

Sərəncamın preamblua hissəsində bildirilir ki, qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək üçün bu sahəyə birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib.

Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması, habelə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinə aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılmışdı: ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi; ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi; mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi; “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”; ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.

Sərəncamla İqtisadiyyat Nazirliyinə tapşırılmışdı ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin; sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Vergilər

Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın; “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılmışdı ki ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.

Ümumiyyətlə, son 15 ildə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: ölkənin investisiya imicinin formalaşdırılması; yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi; investorların cəlb edilməsi və onlarla danışıqların aparılması; investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması; Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması; ixraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları; "Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Sahibkarlığın inkişafında kifayət qədər vacib rol oynayan qanunverici sənədlərdən biri də Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərmanıdır. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən bu fərmanın verilməsi o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının, bürokratik əngəllərin

aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb, həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar açılması kimi məsələlər ehtiva olunub.

"Bir pəncərə" sisteminin tətbiqindən sonra sahibkarlar sənədlərini yalnız bir dövlət orqanına - Vergilər Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçə bilirlər. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlib, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu «Doing Business» hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində «İslahatçı ölkə» elan edilib.

Samir Mustafayev