news Image
2019.07.06
07:26
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Partnyorluq sazişi sahibkarlığın inkişafına təkan verir

Son illər vergi sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, inzibatçılığın müasir tələblər səviyyəsində qurulması və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə edilmişdir. Bütün bunların nəticəsi olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi və keyfiyyəti yüksəlmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətləri əsasında reallaşdırılmış elektron xidmətlər fiziki və hüquqi şəxslərin işini asanlaşdırmış, ölkədə biznes mühitinin liberallaşdırılmasına imkan yaranmışdır.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində ölkədə vergilərin könüllü ödənişi sisteminin inkişaf etdirilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin sivil və şəffaf əsasda qurulması, qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklərdən biri də vergi partnyorluğu sazişinin imzalanması ilə bağlıdır. Sənəd mahiyyətcə vergi orqanı ilə vergi ödəyicisi arasında münasibətlərin qarşılıqlı inam və sivil əməkdaşlıq müstəvisində inkişafını nəzərdə tutur. Bu məsələnin Vergi Məcəlləsində əksini tapması ölkəmizdə biznes mühitinin daha da liberallaşdırılmasına, sahibkarlığın inkişafının sürətləndirilməsinə, nağdsız ödəniş sisteminin inkişafına, əmək münasibətlərinin leqallaşdırılmasına xidmət edir.

Ümumilikdə, müasir dünya ölkələrinin mütərəqqi təcrübəsi nəzərə alınmaqla reallaşdırılan bu yeniliyin strateji hədəfi, ümumilikdə, vergi ödəyicilərinin qanuni mənafelərinin daha çevik və mükəmməl mexanizmlər əsasında qorunması, müasir dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla sivil, müasir, çevik və münaqişəsiz vergi inzibatçılığının formalaşdırılmasıdır.

Müasir dövrdə vergi inzibatçılığının səmərəliliyi baxımından vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərdə mübahisəli məsələlərin minimuma endirilməsi son dərəcə zəruridir. Bir sıra ölkələrin təcrübəsində geniş rast gəlinən horizontal monitorinq sistemi də məhz vergi orqanları ilə vergi ödəyiciləri arasında sivil əməkdaşlığa əsaslanan partnyorluq münasibətlərinin qurulmasını nəzərdə tutur. Horizontal monitorinq partnyorluq münasibətlərinin qurulmasına maraq mövqeyindən yanaşmanı, dövlətin mənafeyi ilə vergi vergi ödəyicilərinin maraqları arasında optimal balansın təmin edilməsini, əməkdaşlıq və partnyorluq əlaqələrinin inkişafını ön plana çəkir.

Horizontal monitorinqin tətbiqində əsas məqsəd vergi orqanı ilə vergi ödəyicisinin əməkdaşlığı sayəsində vergi bəyannamələrinin təqdim olunması prosesinin keyfiyyətini yüksəltmək və vergitutma ilə bağlı məsələlərə aydınlıq gətirməkdir. Horizontal monitorinq 3 əsas meyara - qarşılıqlı etibar, anlaşma və şəffaflığa əsaslanır. Horizontal monitorinq vergi orqanı ilə vergi ödəyicisinin daimi məlumat mübadiləsinə əsaslanır. Bu mübadilə təhlükəsiz və etibarlı, istifadə olunan proqram təminatı sadə, məlumatlar rahat emal edilə bilən, sistemin özü isə şəffaf olmalıdır. Etibarlı proqram təminatı məlumatlardan sui-istifadənin qarşısını alır, daxili və xarici nəzarəti mümkünləşdirir və vergi ödəyicisi ilə etibarlı «vergi zənciri» yaratmağa xidmət edir.

Beynəlxalq təcrübədə partnyorluq münasibətlərinin tətbiqi forması olan «horizontal monitorinq» sistemi geniş yayılmışdır. Vergi orqanı ilə vergi ödəyiciləri arasında yüksək etimada əsaslanan «horizontal monitorinq» sistemi ənənəvi auditdən imtina edilməsini, vergi ödəyicisinin apardığı əməliyyatlar barədə vergi orqanının davamlı olaraq məlumatlandırılmasını, izahatların verilməsini nəzərdə tutaraq vergi nəzarətinin tərəfdaşlıq müstəvisinə keçirilməsini təmin edir. Vergi partnyorluğu sazişi müasir dünyada vergi orqanı ilə vergi ödəyiciləri arasında münasibətləri yüksək səviyyədə tənzimləyən mütərəqqi yanaşmalardan biri hesab olunur. Bu saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılmış niyyət razılaşmasıdır. Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli qərarı ilə təsdiq edilmiş «Vergi partnyorluğu sazişinin Forması» və «Vergi partnyorluğu sazişinin bağlanması Qaydaları» prosesin başlanmasına normativ-hüquqi zəmin yaratmışdır.

Sazişin bağlanması üçün vergi ödəyicisi könüllülük prinsipi əsasında vergilər nazirinin 2 iyul 2013-cü il tarixli əmri ilə təsdiq olunmuş «Vergi partnyorluru sazişinin bağlanması üçün Ərizə» formasını dolduraraq vergi orqanına təqdim edir. Daxil olmuş müraciətə 15 gün müddətində baxılır və sazişin bağlanması barədə qərar qəbul edilərək vergi ödəyicisinə yazılı məlumat verilir. Vergi partnyorluğu sazişinin imzalanması zamanı vergi orqanı bir sıra amilləri nəzərə alır. Saziş vergi öhdəliklərinin azaldılması ilə bağlı heç bir şərt nəzərdə tutmur. Sazişin imzalanması zamanı, ilk növbədə, uçot sistemi elektronlaşdırılmış vergi ödəyicilərinə üstünlük verilir. Yəni İKT-nin ən son imkanlarından yararlanan vergi ödəyiciləri həm vergi qanunvericiliyinə tam əməl etmək imkanı qazanır, həm də maliyyə-uçot sistemini şəffaf şəkildə qururlar. Sazişin imzalanması zamanı vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, ƏDV ödəyicisi olan, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.

Hər bir vergi ödəyicisinin partnyorluq sazişini imzalamaq üçün vergi orqanına müraciət etmək hüququ vardır. Lakin vergi ödəyicisinin dövlət büdcəsi qarşısında vergi öhdəlikləri olduqda, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) müəyyənləşdirildikdə vergi orqanı sazişin bağlanılmasından yazılı məlumat verməklə imtina edir. Sənəd qüvvədə olduğu müddətdə onun şərtlərinə əməl etməyən vergi ödəyiciləri ilə imzalanmış sazişə xitam verilə bilər. Ümumilikdə, vergi ödəyiciləri belə bir sazişi imzalayıb-imzalamamaqda tam sərbəstdirlər.

Vergi partnyorluğu sazişi həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının maraqlarına cavab verir. Bu sazişi imzalamış vergi ödəyicisi vergi öhdəliklərinə vaxtlı-vaxtında, qanunvericiliyə uyğun şəkildə əməl etməyə çalışır. Nəticədə vergi orqanı inzibatçılıq xərclərindən, vaxt itkisindən azad olur. Ən vacibi də budur ki, saziş vergi ödəyicilərinin fəaliyyətinə müdaxilələrin azalmasına gətirib çıxarır. Vergi partnyorluğu sazişini imzalayan vergi ödəyiciləri vergi orqanlarından zəruri informasiyaları almaq imkanlarını daha da genişləndirir, biznesin inkişafı ilə bağlı gələcəkdə yarana biləcək vergi öhdəlikləri barədə əvvəlcədən məlumatlı olurlar.

Vergitutmada partnyorluq münasibətləri vergi orqanları ilə vergi ödəyiciləri arasında vergilərin hesablanması, ödənilməsi və onlara nəzarətin həyata keçirilməsi məsələləri üzrə etibara, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanan razılaşmaların əldə edilməsini nəzərdə tutur. Bir çox ölkələrin, o cümlədən İrlandiya, İsveçrə,

Niderland və ABŞ-ın təcrübəsi vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi baxımından partnyorluq sazişlərinin imzalanmasının əhəmiyyətini təsdiqləmişdir.

Partnyorluq sazişi vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi nəzarətinin həyata keçirilməsinə dair prinsipial şərtləri müəyyən edir. Razılaşmanın şərtləri vergi orqanının nümayəndələri ilə vergi ödəyicisi arasında aparılan müzakirələr nəticəsində müəyyən edilir. Sazişlə hər iki tərəf üzərinə müəyyən öhdəliklər götürür. Məsələn, vergi orqanı ənənəvi auditdən imtina edəcəyi, vergi nəzarətinin distant formalarına üstünlük verəcəyi, vergi ödəyicisi isə vergi ödəmək üçün vergi qeydiyyatına duracağı; vergi bəyannamələrini vaxtında təqdim edəcəyi; bəyannamələrdəki məlumatların düzgün və tam olacağı; bəyannamələrdə göstərilmiş məbləği tam və vaxtında ödəyəcəyi; həyata keçirdiyi əməliyyatlar barədə vergi orqanını davamlı şəkildə məlumatlandacağı ilə bağlı öhdəlik götürürlər.

Vergi orqanı monitorinqin istənilən mərhələsində vergi ödəyicisinə qarşı nəzarət tədbirlərini şəffaf şəkildə həyata keçirir, vergi ödəyicisini əvvəlcədən məlumatlandırmaqla neqativ halların yaranmasının qarşısını vaxtında alır. Əgər vergi ödəyicisi vergi orqanının etibarından sui-istifadə edərsə, nəzarət tədbirləri sərtləşdirilə və lazımi ölçü götürülə bilər.

Belə bir sazişin imzalanması heç bir halda vergilərin ödənişi ilə bağlı güzəştlərin tətbiqindən, vergi yükünün azaldılmasından getmir. Sadəcə olaraq, bu sazişi imzalayan və onun şərtlərinə düzgün əməl edən vergi ödəyiciləri özlərini gözlənilməz yoxlamalardan sığortalamış olurlar.

Vergi partnyorluğu sazişlərinin imzalanması hər bi iş adamı üçün imic məsələsidir. Belə bir sazişi imzalamağa özündə güc tapan vergi ödəyicisi fəaliyyətinin tamamilə şəffaf və qanuni olması ilə bağlı cəmiyyətə ciddi mesaj vermiş olur və sosial öhdəliklərə sadiqlik nümayiş etdirir.

S.Mustafayev