Əlaqə Arxiv
news Image
2019.07.09
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əmək müqaviləsi ilə işləyənlərin sayında ciddi artım var

Respublikamızda əmək bazarına nəzarətin daha da gücləndirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi məqsədilə son illər bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişilikliklər mahiyyətcə əmək ehtiyatlarından səmərəli istifadəyə, əmək bazarında mövcud münasibətlər sisteminin hüquqi müstəvidə tənzimlənməsinə, işçi hüquqlarının etibarlı müdafiəsinə və qeyri-leqal məşğulluğun ardan qaldırılmasına xidmət edir.

Bu ilin iyun ayının sonuna Azərbaycanda bağlanılan əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 7,3 faiz və ya 101,66 min nəfər, o cümlədən qeyri-dövlət sektorunda 14,0 faiz və ya 77,0 min nəfər artıb. Vergilər Nazirliyindən verilən məlumata görə, bağlanılan əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11 minə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3 faizi ticarət, 18,9 faizi xidmət, 18,7 faizi sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı əhəmiyyətli artım əmək bazarında başlanmış şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir. 2019-cu ilin yanvar-may aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3 faiz artaraq 1 milyard 21,6 milyon manat təşkil edib, bu sahədən daxilolmalar üzrə proqnozlar 113,8 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,9 faiz artaraq 667,5 mln. manat təşkil edib, proqnozlar 117,1 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 74,2 faiz artaraq 39 milyon manat təşkil edib, proqnozlar 116,5 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 87,8 faiz artaraq 28,9 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnozlar 120,6 faiz icra edilib. 5 ayda bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 68,7 faizdən 74,2 faizə yüksəlib. Beləliklə, qeyri-neft sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi üzrə güzəştin tətbiqi nəticəsində itirilən vergi məbləğinin tam olaraq sosial sığorta və işsizlikdən sığorta haqları üzrə əlavə daxilolmalar hesabına kompensasiya edilməsi prosesi müşahidə olunur.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 27 dekabr tarixli qanun və həmin qanunun tətbiqi ilə bağlı imzalanmış 2014-cü il 3 fevral tarixli fərman qeyri-leqal məşğulluqla mübarizənin gücləndirilməsi, bu sahədə çevik və səmərəli, müasir tələblərə uyğun iş üsullarının formalaşdırılmasına yaxşı imkanlar açıb. Fərmana uyğun olaraq Vergilər Nazirliyinin yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində (ƏƏSMN) yaradılmış elektron informasiya sistemi işəgötürənlərlə işçilər arasında yaranmış əmək münasibətlərinin operativ, dəqiq və əhatəli uçotunun aparılması baxımından mühüm əhəmiyyətə malikdir.

Həmin dəyişikliklər əsasında tətbiq edilən mühüm yeniliklərdən biri də əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsidir. Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-nin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar" təsdiq edilib. Həmin Qaydaların 3-cü bəndində işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı müddəalar təsbit olunmuşdur. Həmin müddəalara əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası olmalıdır.

Prosesin həyata keçirilməsinə nəzarət prosesində ƏƏSMN-lə yanaşı, Vergilər Nazirliyinin də yaxından iştirakı Vergi Məcəlləsinin tələblərindən irəli gəlir. Belə ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə isə işəgötürən Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir. Burada "xeyli sayda" dedikdə on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. "Azərbaycan Respublikası

Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həminin qanunun tətbiqi ilə bağlı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Fərmanın 3-cü bəndinin 14-cü abzasına əsasən, cinayətin əlamətləri vergi nəzarəti zamanı aşkar olunduqda Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaq Vergilər Nazirliyinə həvalə edilmişdir.

Vergilər Nazirliyi vergi ödəyicililərini həmin yeniliklərdən irəli gələn məsələlərlə bağlı məlumatlandırılması sistemli işlər həyata keçirib. Bu məqsədlə işəgötürənlərə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş elektron imza - o cümlədən "ASAN imza" vasitəsilə daxil edilməsinin mümkünlüyü izah edilir.

Bundan başqa, qanunvericiliyin tələblərinin pozulması halında işəgötürənlərin üzləşəcəkləri sanksiyalar, cərimələr və cinayət məsuliyyəti barədə onlara zəruri xəbərdarlıqlar edilir. Bununla bağlı, Nazirlik işəgötürənlər üçün xüsusi xəbərdarlıq forması hazırlamışdır. Həmin formada əmək müqaviləsinin imzalanmamasının, habelə əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sisteminə daxil edilməməsinin doğurduğu hüquqi məsuliyyət barədə fiziki və hüquqi şəxslərə ətraflı məlumatlar verilir. Xəbərdarlıq formasında, həmçinin, işəgötürənlərə əmək müqavilələrinin bağlanılması ilə bağlı əlavə məlumat almaq üçün nazirliyin 195 nömrəli Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.

Samir Mustafayev

Sizin Reklam Yeriniz