news Image
2019.07.12
07:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Biznes mühitinin liberallaşdırılması strateji hədəflərdəndir

 

Qeyri-neft sektorunun payının artırılması istiqamətində düşünülmüş strategiya həyata keçirən Azərbaycan hökuməti mühüm göstəricilərə imza atıb. Təsadüfi deyil ki, sosial-iqtisadi inkişafda keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirilən son 16 il həm də sahibkarlar ordusunun milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir.

2004-cü ildən həyata keçirilən regional dövlət proqramlarında biznes mühitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin əksini tapması bölgələrin tərəqqisi prosesində özəl sektorun imkanlarını səfərbər etmək, sosial xarakterli məsələlərin həllində sahibkarların fəal iştirakına nail olmaq istəyindən irəli gəlib. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramları respublikamızın regionlarında yerli sahibkarlığın, yeni istehsal və emal müəssisələrinin açılmasına, işsizlik və yoxsulluq probleminin əsaslı dərəcədə həllinə ciddi təkan verib. Ötən illərdə kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli məqsədilə yeni mexanizmlər tətbiq edib.

İnhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarının aradan qaldırılması məqsədilə konkret qərarlar qəbul olunub. Ümumilikdə, son 16 ildə qəbul olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı" (2004-2006-cı illər), "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və digər qanun, fərman və sərəncamlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan verməklə, regionlarda qeyri-neft sektorunun inkişafını stimullaşdırıb.

Ölkə başçısının son 4 ildə imzaladığı 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" Sərəncamı, 1 iyun 2016-cı il tarixli "Elektron

vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" fərmanı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Regionlarda fiziki və hüquqi şəxslərin say artımına təsir göstərən mühüm amillər sırasında qeydiyyat prosedurlarının sadələşdirilməsi tədbirləri mühüm yer tutur. Təsadüfi deyil ki, Azərbaycan «Doing Business» hesabatında hələ 2017-ci ildə 3 islahat («biznesə başlama», «tikinti üçün icazələrin alınması» və «beynəlxalq ticarət» sahələrində) həyata keçirən islahatlara görə öncüllər sırasında yer alıb.

Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində «Biznesə başlama» göstəricisi üzrə Azərbaycan altı pillə irəliləyərək ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna düşüb, Sinqapur, Yeni Zelandiya, Honkonqla bərabər dünyada ən yaxşı təcrübəyə malik ölkələr kimi səciyyələndirilib. Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq Azərbaycan «tikinti üçün icazələrin alınması» göstəricisi üzrə islahatçı ölkə kimi tanınıb. «Doing Business» hesabatında ölkəmiz «Vergilərin ödənilməsi» indikatoru üzrə də irəliləyib.

Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildən sahibkarlıq subyektlərinin «bir pəncərə» prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi qeydiyyat prosedurlarının sadələşdirilməsi ilə yanaşı, sahibkarlıq fəaliyyəti subyektlərinin say artımına müsbət təsir edib. Azərbaycanda 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub. 2012-ci ildən yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılıb. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə azalıb. «Dövlət rüsumu haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə vergiləri internet üzərindən ödəmək imkanı yaradılıb. 2013-cü ildən Vergi Məcəlləsində edilən bir sıra mühüm dəyişikliklərin qüvvəyə minməsi, o cümlədən "Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə başlanılması ümumən vergi mühitinin liberallaşmasına təsir göstərib. Dünya Bankının «Doing Business» qrupunun təhlili göstərir ki, «vergi bəyannamələrinin hazırlanması», «göndərilməsi» və «vergilərin ödənişi»nə sərf olunan vaxt «Böyük Səkkizlik» ölkələrində orta hesabla 219 saat (bu, dünyada orta göstəricidən 67 saat azdır), İƏİT-ə üzv ölkələrdə 212 saat, Azərbaycanda isə 214 saatdır.

Sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən mühüm tədbirlərdən biri də hökumət qurumlarının fəaliyyətində e-xidmətlərin geniş tətbiqinin təmin edilməsidir. Ölkə başçısının 26 oktyabr 2011-ci il tarixli «Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında» fərmanına əsasən, yaradılmış icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsini təmin edir. Sayt sahibkarları icazələr haqqında ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlamaq, fəaliyyətini genişləndirmək istəyən sahibkarlara tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər,

icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair məlumatları vahid mənbədən əldə etməyə imkan verir.

Bütün bunlardan əlavə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın konkret olaraq 12-ci maddəsində də sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapmışıd. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulmuşdu.

2013-cü ildə Milli Məclisdə qəbul olunmuş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun ölkə başçısının sahibkarların qanuni mənafelərinin təminatçısı olduğunu bir daha təsdiqləyir. Qanun sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsini və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasını nəzərdə tutur. Qanunda sahibkarlıqla məşğul olan insanların fəaliyyətinə əngəl törədən neqativ halların aradan qaldırılması ilə bağlı bağlı təsirli və operativ tədbirlərin görülməsinə dair müddəalar əksini tapıb.

Samir MUSTAFAYEV