Əlaqə Arxiv
news Image
2019.07.17
07:20
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Güzəştlərin tətbiqi aqrar sahənin inkişafını sürətləndirir

Respublikamızda həyata keçirilən vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həmçinin sahibkarlığın inkişafını stimullaşdırmaq, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi kimi mühüm vəzifələrə xidmət edir. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunması ilə bağlıdır. Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar təkmilləşdirilib.

Ümumiyyətlə, son illər ölkəmizin iqtisadi fəallığının artmasında həyata keçirilən vergi siyasəti, bu siyasətin əsas istiqamətlərindən biri olan vergi yükünün azaldılması mühüm rol oynayır. İqtisadi siyasətin əsas prioritetlərindən biri sahibkarlığı dəstəkləmək və sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq, özəl istehsal sahələrinin inkişafı üçün münbit şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkdən ibarətdir. Bu məqsədlə davamlı olaraq dövlət tərəfindən sahibkarlara müxtəlif vasitələrlə dəstək göstərilir, onlara əlverişlı fəaliyyət üçün geniş imkanlar yaradılır. Bu tədbirlərin əsas istiqamətlərindən biri sahibkarlıq sektoruna vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.
Xatırladaq ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında» Qanuna edilmiş müvafiq dəyişikliklərlə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2019-cü il yanvarın 1-dən etibarən daha 5 il müddətinə bir sıra vergiləri ödəməkdən azad ediliblər.
Bu şəxslər digər fəaliyyət növləri ilə məşğul olduqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun şəkildə həmin fəaliyyət üzrə vergiyə cəlb edilirlər. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki və hüquqi şəxslər muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini ödəməlidirlər.
Güzəştlər kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə aid olunmur. Başqa sözlə, həmin güzəştlər, misal üçün, süd məhsulları və yem istehsalı, balıq, pendir, qurudulmuş meyvə, ət satışı ilə məşğul olan müəssisələrə şamil edilmir. Statistika Komitəsinin təsnifatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir.
Xatırlatmaq lazımdır ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında» Qanuna görə, 2001-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Qanuna 2008-ci il noyabrın 25-də edilmiş sonuncu dəyişikliyə əsasən, həmin müddət 2014-cü il yanvarın 1-dək uzadılıb. 
İqtisadçı ekspertlərin fikrincə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının istehsal maya dəyəri xərclərinin və qiymətlərinin aşağı salınmasına, məhsul bolluğunun yaradılmasına nail olmaqdır. Hesablamalara əsasən, 2003-2018-cü illərdə kənd təsərrüfatı istehsalçılarına edilən vergi güzəştlərinin məbləği 3 milyard manatı ötüb. Kənd təsərrüfatı müəyyən bir inkişaf səviyyəsinə çatanadək bu güzəştlərin tətbiqi məqbul sayılır. Güzəştlərin növbəti dəfə uzadılması kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılmasına hesablanıb. Vergi güzəştləri kənd təsərrüfatı sahəsində iri fermer təsərrüfatlarının, kooperativlərin yaranmasından, bu sahənin bəlli bir inkişaf mərhələsinə çatmasından sonra ləğv oluna bilər. Torpaqların şoranlaşması, meliorasiya problemi, məhsuldarlığın aşağı olması, məhsulun satışında yaranan problemlər və digər amillər nəzərə alınaraq, kənd təsərrüfatı 2024-cü ilədək vergilərdən azad edilib. 
Əlbəttə, bu, vergitutma bazasının genişləndirilməsi nöqteyi-nəzərindən optimal addım sayılmasa da, hökumət kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurətini nəzərə alaraq müəyyən zaman intervalında belə güzəştləri məqbul sayır. Vergi güzəştlərinin tətbiqində məqsəd aqrar respublika kimi müsbət ənənələrə malik Azərbaycanda kənd təsərrüfatını qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevirməkdir. Vergi güzəştlərinin tətbiqi zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi obyektiv problemlərin olduğu, iri fermer təsərrüfatlarının, kooperativlərin sayının azlığı, bu sahənin ümumi daxili məhsulda payının aşağı olması və digər amillər də nəzərə alınır.
Vergi güzəştlərinin mühüm nətisəsi olaraq 2018-ci il sahibkarlıq mühitinin yaxşılaşması, yeni müəssisələrin istifadəyə verilməsi və digər əlamətdar iqtisadi hadisələrlə yadda qalıb. Vergi güzəştləri son illərdə sənaye texnoparklarının inkişafına daha çox təkan verib və texnoparklara yatırılan sərmayələrin artım dinamikası, eyni zamanda xarici investorların bu sahəyə marağı bunun əyani göstəricisi sayıla bilər. Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sənaye texnoparklarının rezidentləri olan fiziki şəxslər 2013-cü ildən 7 il müddətinə əmlak və torpaq vergisini ödəməkdən azad olunublar.
Texnoparklara tətbiq olunan vergi rejimi xarici investorların 2013-cü ilin əvvəllərindən başlayaraq Azərbaycana marağını daha da artırıb və ötən müddət ərzində Cənubi Koreyanın, Qazaxıstanın, Türkiyənin, Rusiya, Ukrayna və digər ölkələrin nüfuzlu iş adamları Sumqayıtdakı texnoparkda olub, bu sahəyə investisiya qoymaq planlarını bildiriblər. Eyni zamanda, vergi güzəştləri sayəsində texnoparkın istehsal dövriyyəsinin və yeni istehsal sahələrinin artması üçün münbit şərait yaranıb. Hazırda Sumqayıt texnoprakında çalışan işçilərin sayı 5 min nəfər təşkil edir və yaxın 5 ildə bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.
Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, körpələr evləri, körpələr evi-uşaq bağcaları, xüsusi uşaq bağçaları və uşaq evləri 10 il müddətinə hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilmişlər. Bu güzəşt gələcəkdə ölkəmizdə yeni uşaq bağçalarının, körpələr evlərinin tikilib istifadəyə verilməsinə, fəaliyyətinə stimul verəcək.
Vergi güzəştləri ölkədə investisiya fəallığının da artmasına səbəb olub və bunu 2018-ci ildə ölkəmizdə iqtisadi artımın sürətlənməsi, milli sahibkarlığın inkişafı fonunda yerli özəl şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcminin çoxalmasına əlverişli şərait yaradıb. Sərmayə portfelində daxili investisiyaların artımı Azərbaycanın maliyyə-budcə imkanlarının güclənməsi ilə yanaşı, yerli iri şirkətlərin kapital ehtiyatlarının yaxşılaşdığını təsdiq edir, ölkə iqtisadiyyatında aktivlik göstəricisini şərtləndirir.
Beynəlxalq təcrübəyə əsasən, investisiyaların artım tempi bilavasitə vergi yükü ilə sıx bağlıdır. Belə ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu gəlirinin 30-40 faizindən çox olduqda iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə vergi yükünün səviyyəsinə diqqət yetirsək, ölkəmizdə bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək mümkündür. Bu, Şərqi Avropa, habelə MDB ölkələri olan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərdən aşağıdır. Bu faktor Azərbaycan iqtisadiyyatına sərmayələrin həcminin artmasında əsas vasitələrdən biri hesab oluna bilər.
Həyata keçirilən tədbirlər regionlarda qeyri-neft sektorunun, sahibkarlığın inkişafına təkan verib. Son 5 ilə nisbətən respublikanın şəhər və rayonları üzrə vergi daxilolmalarının 40 faizdən çox artması da bunu göstərir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz