news Image
2019.07.18
07:20
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əmək bazarına nəzarət tədbirləri gücləndirilir

Son illərdə aidiyyəti dövlət qurumları tərəfindən əmək bazarına nəzarətin gücləndirilməsi, işçilərlə işəgötürənlər arasında münasibətlərin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi istiqamətində sistemli tədbirlər görülür. Əmək müqaviləsinin imzalanmasının zəruriliyi, işçilər üçün yaratdığı üstünlüklər, işçilərin pensiya təminatındakı rolu və digər mühüm məqamlar insanlara geniş izah olunur.

Problemin aktuallığı onunla şərtlənir ki, Azərbaycanın sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra özəl şirkətlərində - ticarət, xidmət sahələrində vergi və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə iş yerlərinin rəsmiləşdirilməməsi hallarına hələ də təsadüf olunur. Muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi hesabatlarında göstərilən rəqəmlər də əksər hallarda reallığı əks etdirmir.

Həyata keçirilən tədbirlərdə məqsəd yalnız ölkə iqtisadiyyatında şəffaflıq və hesabatlılığı təmin etməkdən, vergidən yayınma hallarının qarşısını almaqdan ibarət deyil. Bu reallıq da xüsusi diqqətə çatdırılır ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi, eləcə də əmək haqlarının düzgün göstərilməsi, ilk növbədə, gələcəyə etibarlı təminatın yaradılması deməkdir. Əmək müqaviləsinin imzalanmaması zaman keçdikdə, təkcə işçilərin deyil, bir sıra hallarda hətta işəgötürənlərin də hüquqlarının pozulması ilə nəticələnir.

Bütün bunları nəzərə alan Vergilər Nazirliyi qeyri-leqal məşğulluğun aradan qaldırılması, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Hələ ötən illərdə nazirlikdə müvafiq Tədbirlər Planı hazırlanıb, bu sahədə işlərin koordinasiyalı qurulması və səmərəliliyin artırılması məqsədi ilə Qərargah yaradılıb. Əmək müqavilələrinin bağlanılmaması meyarı üzrə bir sıra riskli vergi ödəyiciləri seçilib, həmin vergi ödəyicilərinin fəaliyyəti müxtəlif vergi yoxlamaları ilə əhatə edilib. Yoxlamalar nəticəsində həmin riskli vergi ödəyicilərində fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb, bu tədbirlərin nəticələri ictimaiyyətə açıqlanıb.

Əmək münasibətlərinə sistemli nəzarətin təşkili məqsədilə müasir informasiya və innovativ texnologiyaların verdiyi imkanlardan da geniş istifadə olunub. Belə ki, Vergilər Nazirliyi tərəfindən işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixlərinin əks olunduğu vahid məlumat bazası yaradılıb. Eyni zamanda, artıq işəgötürənlərin özlərinin də işçilər haqqında məlumatları həmin vahid məlumat bazasına daxil etmək imkanı var.

Xüsusi vurğulamaq lazımdır ki, 2013-cü ilin 1 yanvarından qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər paketi də əmək bazarına nəzarətin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Məsələn, həmin dəyişikliklər nəticəsində fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsinin 30 faizdən 25 faizə endirilməsi, minimum dərəcənin tətbiq olunduğu məbləğin isə 2000 manatdan 2500 manata qaldırılması əmək müqavilələrinin leqallaşdırılması üçün stimul yaradıb. Eləcə də bir müddət əvvəl tətbiqinə start verilmiş vergi partnyorluğu sazişi vergi ödəyicilərini əmək muqavilələrinin imzalanmasına həvəsləndirib.

Fəqət, bu sahədə mövcud problemlərin qısa zamanda tam aradan qaldırılmasının qeyri-mümkünlüyü də etiraf olunmalıdır. Hazırda aidiyyəti orqanlar müvafiq uçota durmadan fərdi əmək fəaliyyəti ilə məşğul olan, məcburi ödənişlərdən yayınan

şəxslərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər. Vergi orqanları tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanır.

İşəgötürənlərin ödədiyi sosial sığorta haqlarının həcmi məşğulluğun səviyyəsinə təsir göstərən mühüm amillərdən biri hesab edilir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu ödənişlərin azaldılması xərclərin aşağı düşməsinə zəmin yaradaraq işçi qüvvəsinə olan tələbi artırır və məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərir. Bir çox Avropa ölkələrində həyata keçirilən bu islahatların məqsədi böhrandan ziyan görən sahibkarları yeni işçilərin cəlb edilməsinə təşviq etmək və işsizliyin qarşısını almaqdır. Bu yolla həm ixtisaslı işçi qüvvəsini saxlamaq, həm də struktur işsizliyinin yayılmasını dayandırmaq mümkündür. Finlandiya, Fransa, Macarıstan, İrlandiya, Portuqaliya və Türkiyə kimi bir sıra ölkələr böhran zamanı işsizliyin səviyyəsini azaltmaq məqsədilə yuxarıda qeyd olunan güzəştlərdən istifadə ediblər.

Qeyri-leqal məşğulluq və əmək müqavilələrinin rəsmiləşdirilməməsi hallarına hazırda dünyanın bütün ölkələrində rast gəlinir. Adətən, işçi qüvvəsinin hərəkətinin sürətlə dəyişdiyi, çeviklik olan sahələrdə - ticarətdə, ictimai iaşə və nəqliyyat sektorlarında, tikintidə qeyri-leqal məşğulluğa daha çox təsadüf olunur. İşəgötürənlər bir çox hallarda sosial sığorta ödənişlərinin yüksək həcmini əsas götürərək işçilərlə əmək müqaviləsi imzalamaqdan imtina edirlər. Halbuki Azərbaycanda işəgötürənlərin sosial sığorta ödənişləri 22 faiz olduğu halda, bəzi MDB ölkələrində bu rəqəm 35 faizə çatır. Ümumiyyətlə, Azərbaycanda bu faiz dərəcəsi digər MDB respublikaları ilə müqayisədə nisbətən aşağıdır. Lakin bu dərəcələrin bir qədər də aşağı salınması əmək müqaviləsinin rəsmiləşdirilməsinə yönəlmiş tədbirlərə əlavə təkan ola bilər.

Əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarət prosesində ƏƏSMN-lə yanaşı, Vergilər Nazirliyinin yaxından iştirakı Vergi Məcəlləsinin tələblərindən irəli gəlir. Belə ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə isə işəgötürən Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir. Burada "xeyli sayda"

dedikdə on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həminin qanunun tətbiqi ilə bağlı "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Fərmanın 3-cü bəndinin 14-cü abzasına əsasən, cinayətin əlamətləri vergi nəzarəti zamanı aşkar olunduqda Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə ibtidai istintaq Vergilər Nazirliyinə həvalə edilib.

Vergi ödəyicililərinin həmin yeniliklərdən irəli gələn məsələlərlə bağlı məlumatlandırılması sistemli işlər həyata keçirib. Bu məqsədlə işəgötürənlərə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yalnız gücləndirilmiş elektron imza - o cümlədən "ASAN imza" vasitəsilə daxil edilməsinin mümkünlüyü izah edilir.

Qanunvericiliyin tələblərinin pozulması halında işəgötürənlərin üzləşəcəkləri sanksiyalar, cərimələr və cinayət məsuliyyəti barədə onlara zəruri xəbərdarlıqlar edilir. Bununla bağlı, işəgötürənlər üçün xüsusi xəbərdarlıq forması da mövcuddur. Həmin formada əmək müqaviləsinin imzalanmamasının, habelə əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sisteminə daxil edilməməsinin doğurduğu hüquqi məsuliyyət barədə fiziki və hüquqi şəxslərə ətraflı məlumatlar verilir. Xəbərdarlıq formasında, həmçinin, işəgötürənlərə əmək müqavilələrinin bağlanılması ilə bağlı əlavə məlumat almaq üçün nazirliyin 195 nömrəli Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.

Samir Mustafayev

money.az currency