Əlaqə Arxiv
news Image
2019.07.25
07:25
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əmlakın qeydiyyatı üçün mükəmməl mexanizmlər formalaşıb

Azərbaycanda sərbəst bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olmasını şərtləndirən mühüm amillərdən biri də əmlak bazarının sürətlə inkişaf etməsi, habelə bu sahə ilə bağlı hüquqların müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsində innovativ yeniliklərin geniş tətbiqidir. Son illər həyata keçirilən islahatlar Azərbaycanda əmlakın qeydiyyatı və bununla bağlı hüquqların qorunması sahəsində lider dövlətə çevirib.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik «Doing Business 2018» hesabatında Azərbaycan əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə 190 ölkə arasında ilk yerlərdən birini tutub. 2018-ci il üçün tərtib edilən hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinin azlığına görə, dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır.

Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan 2017-ci illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan Polşa, Rumıniya, Bolqarıstan, Avropa və Mərkəzi Asiya ölkələrini qabaqlayır. «Doing Business 2018» hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu 4.6, Avropa və Mərkəzi Asiya regionunda isə 5.3 təşkil edir. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Türkiyə, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələrini qabaqlayır.

«Doing Business 2018» hesabatına əsasən ölkəmizdə qeydiyyat müddəti cəmi 5.5 gün davam edir. Ötən illə müqayisədə isə qeydiyyat müddəti 3 gün azalıb. Müqayisə üçün bildirilməlidir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 22.3 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 20.4 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 4 dəfə daha sürətlidir.

Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asiya regionu üçün isə 2,5 faizini təşkil edir.

30 ballıq şkala illə qiymətləndirilən torpaq idarəetmə sisteminin keyfiyyət göstəricisinə görə ölkəmiz 14,5 bal toplayıb. Bu onu göstərir ki, ölkəmizdə qeyd edilən sahədə infrastrukturun etibarlılığı, məlumatların "şəffaflığı" təmin edilib, coğrafi əhatə dairəsi genişləndirilib, torpaq mübahisələrinin həlli mexanizmləri təkmilləşdirilib və əmlaka sahib olma imkanları artırılıb. Müqayisə üçün qeyd edilməlidir ki, İƏİT ölkələri üzrə bu göstərici 22.7, Avropa və Mərkəzi Asya regionu üzrə isə 19.8 təşkil edir.

«Doing Business 2018» hesabatında Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması üzrə görülən işlərin nəticəsidir. Komitə tərəfindən bu sahədə elektron xidmətlərin tətbiqi prosesi daha da sürətləndirib. Hazırda daşınmaz əmlakın qeydiyyatı üzrə 24 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm

“Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə onlayn müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı edib.

Komitədən həmçinin bildirilir ki, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi də əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur. Torpaqların kateqoriyaya aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi, iqtisadi və keyfiyyət göstəricilərinin qiymətləndirməsi, bontirovkası, sənədlərin alınması da bu prinsip əsasında həyata keçirilir.

Bundan başqa komitə tərəfindən innovativ xidmət olan “Əmlakın qeydiyyatı kalkulyatoru” da istifadəyə verilib. Sistem vasitəsilə daşınmaz əmlaklara dair qeydiyyat məbləğinin əvvəlcədən dəqiq bilinməsi istifadəçilər tərəfindən maliyyə vəziyyətinin planlaşdırılmasına, xərclərin əvvəlcədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradıb.

Komitənin onlayn xidmətləri də bu sahədə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir. 3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir.

Komitənin faydalı xidməti olan 3 SMS xidməti də vətəndaşların aktiv istifadəsindədir. Belə ki, onlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi imkanını əldə edirlər. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.

Bu sahədə şəffaflığın və səmərəliliyin daha da yüksəldilməsi məqsədi ilə Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi xüsusən də 2012-2017-ci illərdə elektron xidmətlərin tətbiqini genişləndirib. Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanında bir sıra məsələlərlə yanaşı, əmlak hüquqlarının qeydiyyatı prosesində islahatların davam etdirilməsi, daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması ilə bağlı təkliflərin hazırlanması məsələsi əksini tapıb.

2014-cü ildən başlayaraq daşınmaz əmlakın qeydiyyatının real vaxt rejimində həyata keçirilməsi də inqilabi yeniliklərdən biri hesab olunur.

Daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı mobil ofislərin yaradılması da diqqətçəkən yeniliklərdəndir. Bu yenilik xüsusi təbəqədən olan insanlara (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlarf) daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin xüsusi nəqliyyat vasitələrində - ünvanlarda göstərilməsini nəzərdə tutur. Yerindəcə göstərilən xidmətlər əlavə vaxt itkisinin qarşısının alınması baxımından xüsusilə faydalı hesab olunur. Ünvanlarda göstərilən xidmətlərə isə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu; həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması; növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir.

Vergi Məcəlləsində əksini tapmış digər bir mühüm yenilik isə dəyişiklik daşınmaz əmlakın aylıq icarə haqqı məbləğlərinə bazar qiymətlərinin tətbiqi ilə bağlıdır. 2013-cü il yanvarın 1-dən etibarən daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilir. Bu zaman Vergi Məcəlləsinə müvafiq olaraq rəsmi mənbələrdən əldə edilmiş məlumatlar, dövlət və yerli icra hakimiyyətlərinin məlumat bazaları, vergi ödəyicilərinin bəyan etdikləri məlumatlar, eləcə də vergi qanunvericiliyi ilə istifadəsinə icazə verilən məlumat mənbələri bazar qiymətlərinin müəyyən edilməsi üçün əsas götürülür.

Samir Mustafayev

Sizin Reklam Yeriniz