news Image
2019.08.06
07:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Vətəndaş mənafeyini əsas tutan sosial islahatlar kursu

Təcrübə göstərir ki, insan amilinin inkişafına xidmət edən çoxşaxəli siyasət yürüdən, mövcud potensialı bu yöndə səmərəli şəkildə səfərbər edən dövlətlər milli tərəqqiyə nail olur və dünya arenasında özünəlayiq yer qazanırlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan amilinin  prioritetə çevrilməsi yönümündə qurur.

Azərbaycanın 25 ildən artıq müddətdə sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası da sosial məsələlərin həllini dövlətin ali məqsədi kimi ön plana çəkir. Bu ali sənəddə sosial dövlət konsepsiyası  əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan edilmişdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Yəni ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır.

Sosial dövlət prinsipinin rəhbər tutulması səbəbindən müstəqilliyin ilk illərindən başlayaraq ölkə əhalisinin aztəminatlı təbəqəsi keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində dəyişdirilməsi çətinliklər törədən əvvəlki sosial müdafiə sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Qısaca xatırlatmaq istərdik ki, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 1996-2003-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı qüvvədə olmuşdur. Eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artmışdır.

2003-cü ildə «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyərək prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev də bazar iqtisadiyyatı şəraitində «sosial dövlət» konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Azərbaycan Prezidenti ötən 16 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.

Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Ümumiyyətlə, dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli sürətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur.

Xatırladaq ki, hələ 2012-ci ildə ən yaddaqalan sosial layihələrindən biri kimi ölkə başçısının 2012-ci il 14 mart tarixli fərmanı ilə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin birdəfəlik qaytarılması təmin edildi. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllininin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərdi. Fərmanın icrası üçün 1 milyard manata yaxın vəsait ayrıldı və bu da 2 milyon 400 min şəxsi əhatə etdi.

Dövlət başçısı İlham Əliyev bu məsələnin həllini ədalətli təşəbbüs kimi dəyərləndirərək demişdir: «Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azəraycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amiliin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödəilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir mil­ard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir».

Xüsusi vurğulamaq lazımdır ki, insana qayğı və hörmət prinsipinə əsaslanan liberal siyasət nəticəsində bu gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur. Bazar münasibətlərinin, demokratik inkişafın tərəfdarı olan Azərbaycan Prezidenti bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə həmkarlar təşkilatlarının roluna yüksək önəm verir və milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsini cəmiyyətin mənəvi təkamül yolu ilə inkişafının mühüm şərti sayır.

Son illərdə möhtərəm Prezidentimizin həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun artırılması məqsədilə verdiyi bir sıra mühüm fərman və sərəncamlar da bunu bir daha təsdiqləyir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarının yüksək səviyyədə keçirilməsi, habelə bu sahədə çalışan işçilərin bir qisminin Azərbaycan Prezidenti tərəfindən təltif olunması da bu diqqət və qayğının əyani təzahürüdür. Bundan əlavə, Milli Məclisdə yeni dövrün tələbləri nəzərə alınmaqla, Əmək Məcəlləsinə edilmiş mütərəqqi əlavə və dəyişikliklər dövlətin işçilərin hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunması istinqamətində atdığı mühüm addımlardandır.

Müasir dünya təcrübəsi göstərir ki, istənilən cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olmasında, o cümlədən əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqları getdikcə daha böyük rol oynamağa başlayırlar. Bu mənada, həmkarlar ittifaqlarının inkişafı, tutduğu mövqenin davamlı olaraq güclənməsi təbii olaraq cəmiyyətin özünün ümdə tələblərindən birinə çevrilir. ABŞ, Avropa kimi inkişaf etmiş ölkələrdə cəmiyyətin sosial-iqtisadi həyatına təsir imkanları böyük olan kifayət qədər güclü həmkarlar ittifaqları formalaşmışdır. Onların təsiri altında isə işəgötürənlər tərəfindən işçiyə yüksək şərait yaradılması nəticə etibarı ilə əmək məhsuldarlığına müsbət istiqamətdə təsir göstərir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni istehsal prosesində sosial xarakterli bazar münasibətləri istiqamətləri seçilmişdir. Bu istiqamətlərin seçilməsi bütün istehsal xidmət sahələrində işçilərin sosial-əmək şəraitinin təkmilləşdirilməsinə, o cümlədən onlar üçün zərərsiz iş şəraitinin yaradılmasına, əməyin hərtərəfli mühafizəsinə və bununla insan amilinin ön plana çəkilməsinə prioritet xarakter verir. Qeyd edilənlər kontekstində bu gün həmkarlar ittifaqlarının Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında xüsusi bir çəkiyə sahib olduğunu sezmək elə də çətin deyildir. Sovetlər dönəmindən fərqlənən yeni inkişaf dövründə həmkarlar ittifaqları yeni ictimai-iqtisadi formasiyanın və idarəçilik sisteminin tələblərinə uyğunlaşmış, bu məqsədlə köklü islahatlar prosesindən keçmişdir.

Yeni sosial-siyasi münasibətlərin formalaşması kontekstində Azərbaycan Həmkarlar İttifaqlarının vəzifələri dəyişmiş, onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin forma və metodları əsaslı şəkildə yenidən qurulmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanunun qəbul edilməsilə həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat orqanlarından, siyasi sistemin digər vəsilələrindən asılılığı aradan qaldırılmış, bu birliklərdə inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının və orqanlarının müstəqilliyi təmin edilmişdir.

Hazırda həmkarlar ittifaqları dövlətin məşğulluq siyasətinin hazırlanmasında, üzvlərinin hüquqlarının etibarlı müdafiəsində, bunun kollektiv müqavilələrlə möhkəmlənməsində, qanunvericilik əsasında sosial tərəfdaşlıq razılıqlarının əldə olunmasında da mühüm rol oynayır. Bu səbəbdəndir ki, sosial-tərəfdaşlıq razılaşmalarının və kollektiv müqavilələrin bütün normativ şərtlərinin qəbulunda həmkarlar ittifaqları yaxından iştirak edir. Eyni zamanda həmkarlar ittifaqları işçilərin hüquqlarını təkcə kollektiv yox, eyni zamanda fərdi qaydada müdafiə edir. Azərbaycanda fəaliyyət göstərən çoxsaylı xarici şirkətlərin bəzilərində işçilərinin hüquqlarının qorunması və təmin edilməsində məhz həmkarlar ittifaqları müstəsna rol oynamışdır.

 

Samir Mustafayev