news Image
2019.08.30
07:27
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əhalinin rifahının yaxşılaşdırılması sösialyönümlü islahatların əsas hədəfidir

Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət son 15 ildə həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub. Prezident İlham Əliyevin bu illərdə imzaladığı sərəncam və fərmanlarda, dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda dayanıb.

Azərbaycanda sosial məsələlərə xüsusi diqqət yetirilməsi həm də respublikanın 70 il sosializm sistemində yaşaması ilə səciyyələnir. İctimai-iqtisadi formasiya dəyişkənliyini yaşayan bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Bu prizmadan keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. Sərt bazar qanunlarının diktə etdiyi şərtlərin vətəndaşların mənafeyinə toxunmaması, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması zərurəti bütün dünyada eyni inkişaf kursu seçmiş dövlətləri düşündürən mühüm məsələlərdəndir.

Azərbaycanda son illər bu sahədə formalaşmış uğurlu təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Eyni zamanda müəyyən zərurət qarşısında həyata keçirilən sərt islahatlar sosialyönümlü tədbirlərlə kompensasiya edilir.

2004-cü ildən ümumilikdə ölkə vətəndaşlarına dövlət qayğısının artırılması və onların sosial müdafiəsini gücləndirilməsi məqsədilə Prezident tərəfindən onlarla fərman və sərəncam imzalanıb. Dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilib, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer alıb. Buna misal olaraq «Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» və digər vacib sənədləri göstərmək olar.

Sosial sferada həyata keçirilən siyasətin mühüm elementlərindən biri də yoxsulluğun azaldılmasına xidmət edən proqramlardır. Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli məqsədilə 2008-ci ilin sentyabrın 15-də «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» təsdiq edilib. Proqram əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin

yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi və digər strateji məqsədləri özündə ehtiva edirdi.

Hazırda bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, son illərdə Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Dünya Bankının hesabatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Bankın hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

Ümumiyyətlə, dövlətin sosialyönümlü siyasəti yalnız bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla vəsait və ehtiyatların düşüncəli sürətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər. Sosialyönümlü dövlətin əsasını insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri təşkil edir. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni, ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.

Ötən dövrün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalamasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllininin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Fərmanın icrası üçün 1 milyard manata yaxın vəsait xərclənmiş, bu proses 2 milyon 400 min şəxsi əhatə edib.

Son bir ildə ölkəmizdə sosial müdafiə tədbirləri daha geniş vüsət alıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılıb. Vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edib.

2019-cu il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,0 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq 232,3 manat təşkil edib və orta aylıq əmək haqqının 39,7 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2019-cu il 19 fevral tarixli 1515–VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il 1 mart tarixindən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunub.

2019-cu il iyulun 1-i vəziyyətinə 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 68,0 min nəfər, əlilliyə görə - 173,0 min nəfər, ailə başçısını itirməyə görə - 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9,0 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,0 min uşaq üçün sosial müavinət verilib.

2019-cu ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 32102 ailəyə 34241 uşağın anadan olmasına görə, 4126 nəfər radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxsə müalicə üçün və 3355 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsə birdəfəlik müavinətlər verilib.

Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 380 nəfər zərərçəkən kompensasiya alıb. Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş müxtəlif kateqoriyadan olan şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 239,8 min nəfər olub.

Əhalinin gəlirlərinin dinamik artımı isə hökuməti qarşıya qoyduğu daha bir mühüm hədəfə yaxınlaşdırmaqla, həyat keyfiyyətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırmağa imkan verir.

Samir Mustafayev