news Image
2019.09.04
07:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Regional proqramlar hərtərəfli tərəqqini təmin edir

Son 15 ildə imzalanmış 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoyaraq, inkişaf prosesində ahəngdarlığı və yüksək dinamizmi təmin edib, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlib. İnkişaf, sosial təminat və infrasruktur yönümlü bu layihələr, ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təmin olunmasına, insan hüquq və azadlıqlarının təminatına, dövlət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsinə - bir sözlə, davamlı və sabit inkişafa xidmət edib.

Azərbaycan hökumətinin daha çox diqqət yetirməli olan problemləri düzgün müəyyənləşdirən Prezident İlham Əliyevin hələ 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» ilk iqtisadi fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynayıb. Fərmanda bölgələrin inkişafı məqsədilə bir sıra kompleks tədbirlərin reallaşdırılması da nəzərdə tutulmuşdu.

Şübhəsiz, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional balansın qorunması, iri şəhərlərlə rayonlar, kəndlər arasındakı kəskin fərqin azaldılması vacib amillərdəndir. Dövlət başçısı İlham Əliyevin son 15 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanıb. 2004-cü il 11 fevral tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Rroqramı (2004-2008-ci illər) bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, işsizliyin, yoxsulluğun, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olub, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilib.

Dövlət başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» ilk proqramın davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Dövlət proqramlarında özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və regionların tərəqqisində sanballı payı olan bu insanlara hərtərəfli dəstəyini əsirgəmir.

27 sentyabr 2014-cü il tarixli sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı isə birinci və ikinci proqramla həllini tapmamış problemlərin aradan qaldırılmasına yeni imkanlar açıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunmuş konfransda bölgələrin inkişafı üçün dördüncü dövlət proqramının da hazırlandığını diqqətə çatdırmışdır. Məsələ bundadır ki, ötən illərdə görülən tədbirlərə rəğmən, əlavə dəyərin formalaşdırılmasına özünü göstərən fərq sayca üçüncü regional Dövlət Proqramının qəbulunu zəruri edib. Müqayisə üçün bildirək ki, 2016-cı ildə ÜDM istehsalında Bakı şəhərinin payı 77 faiz, regionların payı 23 faiz təşkil edirb. Eyni zamanda, hazırda kənd təsərrüfatı ölkə üzrə ÜDM-in cəmi 5-7 faizini istehsal edir. Halbuki, əhalinin 47 faizi kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi regional inkişaf proqramlarının əsas hədəflərindən biridir və son 1 ildə bu istiqamətdə əhəmiyyətli irəliləyiş hiss olunmaqdadır.

Görülən tədbirlərin nəticəsi olaraq indi bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasında arasında kəskin getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması inkişafdakı tarazlığı təmin edib. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi də Azərbaycan Prezidenti İlham Əliyevin «Mən hər bir vətəndaşın prezidenti olacağam» vədinə sadiqliyinin əyani təcəssümüdür.

Ümumilikdə, 2003-2018-ci illərdə respublikamızda ümumi daxili məhsul real həcmdə 3,3 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artıb. 2003-cü ildə Azərbaycanın cəmi 1,3 milyard manat təşkil edən dövlət büdcəsi son 15 ildə 15 dəfə artaraq 2018-ci ildə 23 milyard manata çatıb, strateji valyuta ehtiyatlarımız 25 dəfə artaraq 49 milyard dollara yüksəlib.

Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə regionlarda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu məqsədlə son 4 ildə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının, habelə ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin genişləndirilməsi; sahibkarların müraciətlərinin birbaşa

cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılıb.

Regionların sosial-iqtisadi inkişafının ən ciddi nailiyyətlərindən biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasət artıq real nəticələrini verməyə başlayır. Başqa sözlə, müstəqil respublikamız dünya iqtisadiyyatında neftin qiymətlərinin geosiyasi maraqlar çərçivəsində müəyyənləşdiyi hazırkı mərhələdə enerji resurslarından asılılığı tamamilə minimuma endirmək məramını açıq ifadə edir.

Hər bir ölkədə hökumətin fəaliyyətinin səmərəlilik əmsalı xalqın sosial rifah səviyyəsi ilə ölçülür. Mübaliğəsiz deyə bilərik ki, tarixin heç bir mərhələsində Azərbaycan insanının sosial durumu indiki kimi yaxşı olmayıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb.

Azərbaycan ötən 15 ildə kifayət qədər iddialı görünən sosial layihələri reallaşdırmaqla sosial rifah dövləti olduğunu isbatlayıb. Bu baxımdan respublikamızın 95 faizdən çox ərazisinin qazlaşdırılması, 70 faizinin içməli su, 100 faizinin elektrik enerjisi ilə təmin edilməsi, müasir yolların çəkilməsi, eləcə də vətəndaşların sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması, əhalinin qaza və suya olan borclarının silinməsi, çadır düşərgələrinin ləğvi, yoxsulluğun, işsizliyinin minimuma endirilməsi, hərbçilər, şəhid ailələri, əlillər, eləcə də mənzili olmayan aztəminatlı jurnalistlər üçün sosial evlərin inşası kimi tədbirləri xüsusi qeyd etmək olar.

Son aylarda dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər Azərbaycanın sosial yönümlü dövlət olduğunu bir daha təsdiqləyir. Ərazi bütövlüyümüz uğrunda həlak olmuş qəhrəman insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödənişin edilməsi, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün yeni evlərin tikintisinin nəzərdə tutulması, minimum əməkhaqqının 90 faizədək artırılaraq əvvəlcə 180, daha sonra 250 manat müəyyən edilməsi bunun əyani göstəricisidir.

Bununla da minimum əməkhaqqının məbləği parlament tərəfindən bir müddət əvvəl təsdiq olunmuş yaşayış minimumla bərabərləşib, ehtiyac meyarı göstəricisini isə 26 faiz üstələyib. Şübhəsiz, bu kimi sosial addımlar ölkənin iqtisadi qüdrəti, eləcə də regionların sosial-iqitsadi inkişafı dövlət proqramının uğurları nəticəsində reallaşdırılır.

Samir Mustafayev