Əlaqə Arxiv
news Image
2019.09.10
07:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İslahatlar ölkənin sənaye potensialının güclənməsini təmin edir

Son 16 ildə ölkəmizdə yürüdülən siyasətinin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlülü olması və bütün problemlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. «Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah» tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaradıb.

Qlobal böhran şəraitində Azərbaycanın iqtisadi dayanıqlılıq nümayiş etdirməsi ilk növbədə, ölkədə sahibkarlar sinfinin formalaşması və hazırkı inkişaf səviyyəsi ilə izah olunmalıdır. Son 16 ildə sahibkarlığın inkişafı istiqamətində dövlət səviyyəsində bir sıra siyasi, təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir.

Regionların sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008-ci, 2009-2013, 2014-2018-ci illər) dövlət proqramlarının ən uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbilərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 83 faizə çatıb.

Sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilib. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, sahibkarlara zəruri texniki yardımlar – məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşıb. Sahibkarlıq fəaliyyətinə yüksək diqqət və qayğı qayğı sayəsində bu sektorda mühüm inkişaf müşahidə olunur. Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarətedici və yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı, 2008-ci və 2010-cu il tarixli fərmanları ilə Fondun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilib, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılıb.

Sahibkarların hüquqlarının müdafiəsi zərurətini diqqətə çəkən Prezident İlham Əliyev deyib: "Yerlərdə sahibkarlara tam şərait yaradılmalıdır. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Yerli icra orqanları bu şəraiti yaratmalıdırlar. Yerli

icra orqanlarının rəhbərlərinin fəaliyyətini ilk növbədə o bölgələrdə, o rayonlarda iqtisadi inkişafın templəri müəyyən edəcəkdir. Çünki indi əsas vəzifə hər bir rayonun sosial-iqtisadi inkişafıdır. Yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Hər bir rayonda sənaye zonaları yaradılacaq".

Şübhəsiz, sahibkarlığın inkişafı, yeni müəssisələrin istifadəyə verilməsi həm də işsizlik probleminin həlli baxımından vacibdir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də məhz yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından ibarət olmuşdur. Bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər həyata keçirilib. Əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastruktur təkmilləşdirilib, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması təmin edilib.

Azərbaycanda enerji resurslarından asılıllığın azaldılmasını, qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını da vacib sayır. Hələ 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkənin zəngin sənaye potensialının realizəsinə yaxşı imkanlar açıb. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib.

Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. Hələ 2009-cu il 14 aprel tarixli «Xüsusi iqtisadi zonalar haqqında» Qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan verib. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnalogiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir.

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək

texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Dünyada davam edən maliyyə böhrana baxmayaraq, Azərbaycanda yerli məhsul istehsalı bolluğu yaratmaq üçün məqsədyönlü tədbirlər və ardıcıl iqtisadi islahatlar aparılır. Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda investisiyanın təşviqi sənədini almış şəxslər və fərdi sahibkarlar tərəfindən ölkəyə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunub. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizi və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasında sahibkarlığın inkişaf strategiyasının nəinki ölkəmizin iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz