Əlaqə Arxiv
news Image
2019.09.14
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Biznes mühitinin liberallaşdırılması tədbirləri davam etdirilir

Özəl sektorun inkişafı, biznes mühitinin daha da liberallaşdırılması son illərdə imzalanmış bir sıra fundamental əhəmiyyətli sənədlərin başlıca qayəsini təşkil edir. Konkret olaraq 2018-ci ildə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilib, qanunlar daha da təkmilləşdirilib. Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş 11 istiqamət üzrə yol xəritələrində, o cümlədən "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tapşırıqların icrası istiqamətində islahatlar 2018-ci ildə də davam etdirilib.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə "Kredit büroları haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlara uyğun olaraq 2018-ci ilin fevral ayında Azərbaycan Kredit bürosu, mart ayında isə Daşınar Əmlakın Yüklülüyü Reyestri fəaliyyətə başlayıb. 18 may 2018-ci il tarixdə isə "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanun Azərbaycan Respublikası Ələt Azad İqtisadi Zonasının (AİZ) fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli, 1912 nömrəli sərəncamına əsasən Ələt qəsəbəsində yaranmaqda olan yeni AİZ beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqi, "Made in Azerbaijan" brendinin dünya üzrə tanınmasında müstəsna xidməti olacaq. AİZnin regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı bir bazara xidmət göstərməsi planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti əlaqələndirilib. Agentlik tərəfindən 2018-ci il ərzində Masallı, Siyəzən, Xaçmaz, Şabran, Gəncə, Yevlax, Quba və Qusarda yaradılmış 8 "KOB Dostu" fəaliyyətə başlayıb və sahibkarlara xidmət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi, Strukturu və kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilə xidmətlərin siyahısı təsdiq edilib. Həmçinin, 24 dekabr 2018-ci il tarixdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda Agentliyin fəaliyyətinin qısa, orta və uzunmüddətli prioritetləri, monitorinqi və qiymətləndirilməsi Qaydaları təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndinə və 20 aprel 2016-cı il tarixli 866 nömrəli Fərmanın 2.3.1-ci yarımbəndinə əsasən 2 noyabr 2015-ci il tarixindən sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziyaların verilməsi İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi davam etdirilib. 2018-ci ildə

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlara 2048 lisenziya verilib.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 2-ci hissəsinin və "Lisenziyalar və icazələr" portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə lisenziyaların və icazələrin elektron qaydada verilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə "Lisenziyalar və icazələr" portalı yaradılıb. 1 mart 2018-cil il tarixindən etibarən 24 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilib. "Lisenziyalar və icazələr" portalı vasitəsilə sahibkarlara 2018-ci ildə 580-dan çox elektron lisenziyanın verilməsi təmin edilib.

Sahibkarların hüquqlarının qorunması, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, şəffaflığın təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. 20 oktyabr 2015-ci il tarixində qəbul edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vergi yoxlamaları; maliyyə bazarları sahəsində aparılan yoxlamalar; gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar; "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar; insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar; habelə korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalar istisna olmaqla Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 noyabr 2015-ci il tarixindən 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb.

Həmin Qanunun tətbiqindən sonrakı 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 640 yoxlama, o cümlədən 2018-ci il ərzində 483 yoxlama keçirilib. Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 38 ay ərzində vergi yoxlamaları istisna olmaqla, 185 mindən çox yoxlama keçirilib.

Sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 31 iyul 2018-ci il tarixli 224 nömrəli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və

"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib. Yeni Qaydaya əsasən Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib, orta həcmli kreditlərin yuxarı həddi 50 001 manatdan 1.000.000 manatadək artırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilib. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 3-cü hissəsinə əsasən, sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlərin həmin meyarlar əsasında həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanına əsasən "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası” təsdiq edilib. Həmin Fərmana əsasən 2019-cu il fevralın 1-dən "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi nəzərdə tutulub. "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqində məqsəd idxal-ixrac əməliyyatlarında qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq; gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsini təmin etmək; xarici ticarət iştirakçılarında könüllü riayət mədəniyyətini formalaşdırmaq; risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarını tətbiq etmək; gömrük nəzarətini daha çevik və şəffaf həyata keçirmək; eləcə də idxal-ixrac əməliyyatlarında məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsipləri əsasında qurmaqla beynəlxalq ticarəti asanlaşdırmaqdan ibarətdir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz