news Image
2019.09.21
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qeyri-neft məhsullarının ixracı təmin edilir

Müasir tələblərə cavab verən, yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin açılması hər bir ölkədə dünya bazarlarına rəqabətə davamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaradır. İxracın qeyri-neft sektoru hesabına genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan xarici ticarət dövriyyəsinin strukturunda da müsbət keyfiyyət dəyişikliklərinə nail olur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11499,1 milyon dollar, idxalın dəyəri 8433,7 milyon dollar təşkil edib. Nəticədə 3065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb: 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib və bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artmış, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalıb.

Ölkə sahibkarlarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi həm də qanunvericiliyin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi tədbirləri ilə izah olunur. Ölkə başçısının 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı»nın əhəmiyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. Proqram dövlətin gömrük siyasətinin müasirləşdirilməsinə imkan yaradıb və xarici iqtisadi əlaqələrini genişləndirib.

Son illər dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, gömrük orqanlarının fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi də diqqət mərkəzindədir. Hazırda Gömrük Komitəsi tərəfindən 20-ə yaxın elektron xidmət göstərilir. «E-gömrük» bəyannaməsinin verilməsi; elektron qaydada ilkin məlumatlandırma; xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları haqqında statistik məlumatların verilməsi; rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük brokeri və gömrük daşıyıcısı fəaliyyətinə lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi üçün müraciətin və sənədlərin qəbulu; gömrük və müvəqqəti saxlanc anbarlarının təsis edilməsinə lisenziyanın verilməsi; vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi; yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması məsələləri aiddir.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunur ki, "Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür".

Sərəncamda Azərbaycan Respublikasının Gömrük Komitəsinə bir sıra mühüm məsələlərlə yanaşı, məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək tapşırılmışdı. Komitə, həmçinin elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin edib. Gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirib.

Böhran dövründə ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının

genişləndirilməsidir. “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd təsərrüfatı və emal məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulur. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədəcə olacaq həmin fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir.

İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisinin 50 faizindən azadolma; torpaq və əmlak vergisindən tam azadolma; layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma aiddir.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2019-cu il 1 aprel tarixinədək 304 sahibkarlıq subyektinə 350 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 3 milyard manatdan çox investisiya yatırılacağı, 23 minə yaxın yeni iş yerinin açılacağı bildirilir.

Xarici ölkələrdə dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyini də əhəmiyyətli addımlardan biri olub.

Samir Mustafayev