news Image
2019.09.27
07:25
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sənayenin qeyri-neft sektoru sürətli inkişafdadır

Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Əsaslı kapital qoyuluşlarının nəticəsidir ki, son illər sənayenin qeyri-neft sektorunda da nəzərəçarpacaq artım müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-avqust aylarında 30,9 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artlb. Sənaye məhsulunun 70,0 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 30,9 faiz artıb. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 80,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 78,0 faiz, içkilərin istehsalı 44,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 35,8 faiz, tütün məmulatlarının istehsalı 32,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,7 faiz, mebel istehsalı 30,4 faiz, kağız və karton istehsalı 26,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4 faiz, qida məhsullarının istehsalı 15,7 faiz, poliqrafiya məhsullarının istehsalı 12,0 faiz, maşın və avadanlıqların istehsalı 4,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, geyim istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 1,6 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5 faiz artıb.

Ümumiyyətlə, hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub. 2013-ü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Dövlət başçısının 24 aprel 2013-cü il tarixli Fərmanı ilə «Sənaye parkları haqqında Nümunəvi Əsasnamə»nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılmasının, idarə edilməsinin, habelə onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılıb. Sənayeləşmənin ən innovativ və mütərəqqi

modeli olan sənaye texnoparklarının yaradılması isə indistrual cəmiyyətin formalaşmasına güclü zəmin yaradıb. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapital tutumlu bölməsi sayılır və Cənubi Koreya, Çin, Malaziya, Yaponiya və Sinqapurda sənayenin əsas baza sütunu kimi mühüm yer tutur. Bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarla zavod fəaliyyət göstərir.

Respublikamız hələ 2012-ci ildə Sumqayıt Texnoparkının əsasını qoymaqla yeni strateji proqramın icrasına başlayıb. Sumqayıt Texnoparkı 45 hektar ərazidə yerləşir və müasir sənaye potensialının əsas sütunlarından biridir. Postsovet məkanında yeni olan bu layihə sənaye məhsullarının istehsal və ixracı baxımından perspektivli layihələrdən sayılır. Sumqayıt Texnologiyalar Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi genişlənir. Burada respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Texnologiyalar Parkı yüzlərlə iş yerinin açılmasına şərait yaratmaqla yanaşı, ölkə və Sumqayıt şəhərinin iqtisadiyyatının inkişafında mühüm rol oynayır və əhalinin sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına kömək edir.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə daha bir texnoparkın - Balaxanı Sənaye Parkının təməlinin qoyulması Azərbaycanda sənayeləşmənin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu şərtləndirib. Sənaye Parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı həyata keçirilir. Yeddi hektar ərazini əhatə edəcək parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradır. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayır.

Azərbaycanın böyük sənaye potensialına malik iri müəssisələri Sumqayıt şəhərində yerləşdiyindən Prezident İlham Əliyev son illər şəhərin bu sahədəki keçmiş şöhrətinin özünə qaytarılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Dövlət başçısı Sumqayıta səfərləri zamanı şəhərin yaxın illərdə nəinki Cənubi Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb. Qeyd edilib ki, son illər Sumqayıtda infrastrukturun müasirləşdirilməsi tədbirləri, sahibkarlığın dinamik inkişafı, eləcə də yeni istehsal müəssisələrinin açılması bu hədəflərin reallaşdırılması üçün yeni imkanlar açır.

Sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunur. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Sənayenin inkişafının əsas istiqamətlərindən biri də bu sahədə dövlət dəstəyinin genişləndirilməsidir. Bu baxımdan sənaye parklarının yaradılması sahəsində zəruri işlər sürətləndirilir.

Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən güzəştli maliyyə resurslarına çıxışın, maarifləndirmənin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq üçün daha əlverişli şəraitin yaradılması da ölkədə qeyri-neft sənayesinin inkişafına töhfəsini verir. Azərbaycan üçün ənənəvi neft-qaz emalı sənayesinin daha da inkişaf etdirilməsi qarşıdakı illər üçün əsas prioritetlərdən biri olaraq qalır. Perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesidir. Bu sahənin inkişafında 4 zavoddan ibarət olacaq və tam istehsal zəncirinin qurulması nəzərdə tutulan Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edəcək.

Yeni neft və qaz emalı zavodlarının, müxtəlif çeşiddə polimerlər istehsal edən neft-kimya və Sumqayıt Karbamid zavodlarının inşası neft-kimya və kimya sənayesi sənayesinin inkişafını sürətləndirməklə, ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verir.

Samir Mustafayev