Əlaqə Arxiv
news Image
2019.10.01
07:25
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İslahatlar iqtisadiyyata investisiya qoyuluşlarını təşviq edir

Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf məqsədinə xidmət edən mühüm tədbirlərdən biri də respublikada əlverişli investisiya mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşlarının təşviq edilməsidir. Son 16 ildə bu sahədə həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatına yerli və xarici investisiya yatırımlarının sürətlənməsinə ciddi təkan verib.

Qanunvericiliyə əsasən, Azərbaycanda investisiya fəaliyyətinin dövlət tənzimlənməsində başlıca məqsəd vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir. Bunun təmin olunması üçün bütün mənbələrdən – respublika və yerli büdcələr hesabına maliyyələşən investisiya qoyuluşları həyata keçirilir.

Azərbaycanda əcnəbi şirkətlərin investisiya fəaliyyəti 1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlməklə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

İqtisadiyyat Nazirliyindən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunub. Yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilib, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılıb, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib. Lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilib.

Bu istiqamətdə mühüm addımlardan biri də ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində

Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi ilə qeydiyyatı sisteminin formalaşdırılması olub. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilib. Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılıb.

Aparılan islahatların davamı olaraq, 2015-ci ilin oktyabrında Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb, Şuranın Əsasnaməsi və tərkibi təsdiq edilib. Azərbaycan Respublikasının ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması nəzərdə tutulub. "Bir pəncərə" prinsipinin tətbiqi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi isə Kordinasiya Şurasına həvalə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilməsi də bu istiqamətdə mühüm addımlardan olub. Həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilib. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilib.

Dövlət başçısının "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 1 mart 2016-cı il tarixli fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3 faiz baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödənilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə mənfəət və ya gəlir vergisinin 50%-dən azadolma; torpaq və əmlak vergisindən tam azadolma; layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azadolma aiddir.

İqtisadiyyat Nazirliyinin məlutına əsasən, 2019-cu ilin 1 aprel tarixinədək 304 sahibkarlıq subyektinə 350 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi

sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 3 milyard manatdan çox investisiya yatırılacağı, 23 minə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulub.

Bundan əlavə, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 mart 2016-cı il tarixli sərəncama əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilib.

Bütün bunların nəticəsi olaraq Azərbaycan aparıcı beynəlxalq nüfuzlu hesabatlarda mövqeyini ilbəil gücləndirir. Dünya Bankı tərəfindən dərc edilən "Doing Business 2019" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 25-mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub. Həmçinin Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan və rəqabətqabiliyyətlilik üzrə ən geniş qiymətləndirmə hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 35-ci yerə yüksəlib.

Samir Mustafayev

Sizin Reklam Yeriniz