Əlaqə Arxiv
news Image
2019.10.04
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Azərbaycandakı biznes mühiti yüksək qiymət alır

Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan edən prosesləri diqqət mərkəzində saxlayan dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən nüfuzlu reytinq agentlikləri hesabatlarında Azərbaycanı əlverişli biznes mühitinə, yüksək investisiya cəlbediciliyinə, makroiqtisadi sabitliyə malik ölkə kimi səciyyələndirirlər. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən birgə hazırlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən «Doing Business 2020» hesabatı da dünyada ən etibarlı reytinq göstəricilərindən hesab olunur.

Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər. Xatırladaq ki, Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi.

Hesabat xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda («Qlobal Rəqabətlilik Hesabatı», «Qlobal İnnovasiyalar İndeksi», «İqtisadi Azadlıq İndeksi», «Qlobal İmkanlar İndeksi» və s.) baza rolunu oynayır.

«Biznesə başlama» sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) 2 günə bərabərdir.

«Biznesə başlama» göstəricisi xarici investisiya və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərən amil kimi dəyərləndirilir. Bu göstərici Azərbaycan üçün əlverişli sərmayə mühitinin olmasının bir təkanverici faktoru sayıla bilər. Xarici sərmayəçilər biznesin qeydiyyatında və fəaliyyətə başlamada vaxt amilinə mühüm önəm verirlər.

«Biznesə başlama» prosedurları üzrə respublikamız əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa

və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1, OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3, Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına malikdir.

Hesabatın «Vergilərin ödənilməsi» indeksi üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur. Bu metodologiyaya əsasən, orta ölçülü şirkətin il ərzində ödəməli olduğu vergi və ödəmələr, həmçinin onların inzibatçılıq yükü müəyyən edilir. Vergi və ödəmələrə müxtəlif mənbələrdən olan mənfəət və gəlirlərə görə vergilər, o cümlədən əmlak icarəsindən vergilər, dividend və kapital vergiləri, maliyyə köçürmələrindən əldə edilən gəlirdən vergilər, işəgötürənin ödədiyi əmək vergiləri, sosial ayırmalar, əmlak, avtomobil, yol vergiləri və sair aid edilir.

Dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər əvvəlki illərin reytinq cədvəllərində öz əksini tapıb və «Vergilərin ödənişi» göstəricisi ölkəmizin xeyli irəliləməsinə səbəb olub. Hesabatda isə ölkədə sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb. Ötən dövr ərzində Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb və həmin hesabatların hazırlanıb ödənilməsinə sərf olunan vaxt 40 saat qiymətləndirilib. Digər yığımlar - sosial müdafiə ayırmaları, mənfəət və əlavə dəyər vergisi üzrə 159 saat müəyyənləşdirilib. Ödənişlərin sayı 6, ümumi vergi dərəcəsi isə 39,8 faiz qeyd olunub.

Son illərdə qlobal maliyyə böhranına rəğmın, beynəlxalq maliyyə qurumlarının analitiklərinin ölkəmizlə bağlı nikbin proqnozlar səsləndirməsi hökumətin yürütdüyü çevik makroiqtisadi siyasətin səmərəli nəticələri ilə şərtlənir. Xüsusilə də neft və qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illər qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Ən müxtəlif maliyyə qurumları 2019-cu ildə Azərbaycanda ümumi daxil istehsalının 1 faizdən aşağı olmayacağını proqnozlaşdırırlar. Bu nikbin proqnozlar, ilk növbədə, respublikamızda makroiqtisadi sabitliyin və əlverişli biznes mühitinin formalaşdırılması tədbirləri ilə bağlıdır. Respublikamızda biznesə başlama və vergi nəzarəti tədbirləri ildən-ilə sadələşdirilir, vergi inzibatçılığı təkmilləşdirilir, vergi dərəcələri optimallaşdırılır.

Xatırlatmaq yerinə düşər ki, son 5 ildə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər mütərəqqi xarakteri ilə ölkədə biznes mühitinin yaxılaşmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə mühüm töhfə olub. Kiçik və orta sahibkarlıq subyektlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək «vahid pəncərə» prinsipi əsasında aparılması, gömrük orqanlarında da bu sistemin təşkili, texnoparkların

yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və digər addımlar bu baxımdan xüsusi vurğulanır.

Son illər, həmçinin, ölkədə sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, aqrar-sənaye komplekslərinin, texnoparkların və biznes-inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Bütün bunlar göstərir ki, dövlətin özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirdiyi tədbirlər davamlıdır, ardıcıldır və məntiqi cəhətdən biri-birini tamamlayır.

Ölkə başçısının 2014-cü il 3 mart tarixli «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. Fərman əsasında hazırlanacaq təkliflər tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkəsinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı şərtlərinin sadələşdirilməsini, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasını təmin edib. Ümumilikdə, fərman respublikamızda biznes mühitinin daha da liberallaşmasını, sahibkarlar üçün daha münbit fəaliyyət imkanlarını stimullaşdırıb.

Son illər Azərbaycanda elektron xidmətlərin tətbiqi sürətləndirilib, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimdə qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanılıb, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılıb. Ölkəmizdə elektron xidmətlərin tətbiqi ictimai həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 460-dən çox xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır.

Məhz həyata keçirilən bu və digər islahatların nəticəsi olaraq inkişaf tempi qeyri-neft-qaz sektoru hesabına təmin edilir və bu uğurlu makroiqtisadi tendensiya beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən də müsbət dəyərləndirilir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz