Əlaqə Arxiv
news Image
2019.10.09
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əlverişli biznes mühiti daxili sərmayələrin artımını təmin edir

Ölkə iqtisadiyyatına əsaslı kapital qoyuluşlarının həcminin artması son illər Azərbaycanın investisiya reytinqinin yüksəlməsinə təkan verməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri sosial-infrastrukturun formalaşmasını da təmin edib. Dövlət büdcəsində əsaslı kapital qoyuluşları üçün nəzərdə tutulan vəsaitlərin davamlı artımı cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödənilməsinə, ölkənin mövcud istehsal potensialından səmərəli istifadəyə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqinə geniş imkanlar açıb.

Azərbaycanda əcnəbi şirkətlərin investisiya fəaliyyəti isə 1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlməklə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Qanuna əsasən, investisiya mənfəət və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.

Respublikamızın müasir investisiya siyasətinin əsas xüsusiyyəti ölkə iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna investisiya şəklində yönəldilməsidir. Ölkədəki mövcud siyasi, iqtisadi və hüquqi atmosfer iqtisadiyyatın sağlamlaşdırılmasının mühüm göstəricisi sayılan investisiya qoyuluşlarının həcminin artım dinamikasına da müsbət təsir göstərir. Hökumətin ardıcıl şəkildə həyata keçirdiyi tədbirlər respublikada investisiya qoyuluşlarından və əsas fondlardan istifadənin səmərəliliyini yüksəldir. Hazırda Azərbaycanda dövlət investisiya siyasəti ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmini məqsədilə ümumi biznes şəraitinin yaxşılaşdırılması, xüsusi mülkiyyətin qorunması, korporativ idarəetmənin təkmilləşdirilməsi, bütün investorlar üçün azad rəqabət mühitinin yaradılması, iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq aşağıdakı prioritetlərin həyata keçirilməsinə yönəldilir: a) infrastruktur sahələrinin inkişafı və onların obyektlərinin davamlı istismarının təmin edilməsi; b) regionların tarazlı inkişafının təmin edilməsi; c) insan kapitalının davamlı inkişaf etdirilməsi və sosial təminatın gücləndirilməsi.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 19 sentyabr 2018-ci il tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamda qeyd olunurdu ki, Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. Sərəncamda bir sıra məsələlərlə yanaşı, “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları

istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görülməsi vacibliyi önə çəkilib. Eyni zamanda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.

Ümumiyyətlə, son 16 ildə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Son 16 ildə regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ümumi daxil məhsul istehsalına görə dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmiş Azərbaycan investisiya cəlbediciliyini də qoruyub saxlamışdır: 1993-2018-ci illərdə ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulub. Dünyanın mötəbər «beyin mərkəzi» sayılan Davos Forumunun 2018-2019-cu illər üçün hesabatında Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görülüb. Respublikamız bu göstərici ilə MDB məkanında lider mövqeyini qoruyub saxlayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açıb. İqtisadiyyatın şaxələndirməsi tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir və onun real artım tempi, neft sənayesinin artım tempini üstələyib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə demişdir: "Son illərdə biz gördük ki, daxili investisiyalar üstünlük təşkil edir. Bu da müsbət haldır, çünki yenə də göstərir ki, Azərbaycan investisiyalar üçün çox cəlbedici ölkədir və xarici sərmayə burada lazımi səviyyədə qorunur".

Ölkə iqtisadiyyatına yatırılan xarici və daxili sərmayələrin həcminin artması dinamik inkişafa təkan verən başlıca amildir. Dövlət Statistika Komitəsinin

məlumatına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8627,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 64,3 faizi məhsul istehsalı sahələrinə, 26,0 faizi xidmət sahələrinə, 9,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 faiz, büdcə vəsaitləri 27,7 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib. 2019-cu ilin yanvar-avqust aylarında Bakı şəhərində şpris istehsalı zavodu, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Qobustan rayonunda "Azərxalça" ASC-nin Qobustan filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində "SOCAR karbamid" zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Azərbaycanda daxili investisiya axınını şərtləndirən mühüm amillərdən biri də ölkənin böyük həcmdə strateji valyuta ehtiyatlarına malik olmasıdır. Hazırda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatan respublikamız bu vəsaitin müəyyən qismini bölgələrdəki pespektivli və rentabelli sahələrin inkişafına yönəldərək külli miqdarda gəlir əldə etməyə iddialıdır.

Samir Mustafayev

Sizin Reklam Yeriniz