Əlaqə Arxiv
news Image
2019.10.12
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Səmərəli iqtisadi islahatlar dinamik inkişafı təmin edir

Səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zamanda həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Dövlət başçısı İlham Əliyev ötən 16 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirərək, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri sayıb. Bu cür hesabatlar konkret dövrdə əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, qazanılmış uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında obyektiv müzakirələrin aparılması, bu problemlərin həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2004-cü il tarixli «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)», 14 aprel 2009-cu il tarixli «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və 2014-cü il 27 fevral tarixli «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» regionların iqtisadi inkişafında tamamilə yeni səhifə açıb, insanların kəndlərdən şəhərlərə axınının qarşısını alıb, xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xüsusi təkan verib.

2004-2018-ci illər ərzində reallaşdırılan regionların sosial-iqtisadi inkişafi dövlət proqramlarının təhlili göstərir ki, ötən müddətdə ölkənin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlib. Yerlərdə sahibkarlığın inkişafının sürətləndirilməsi, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması nəticəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə olunub.

Statistik göstəricilər son 16 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 49 mlrd. ABŞ dollarına çatıb. 2004-2018-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artıb. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olub.

Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə paytaxt Bakı şəhərinin inkişafı arasında arasında kəskin getdikcə azalır. Dövlət proqramları nəticəsində regionların tərəqqisinə 50 milyard manatdan çox vəsaitin yatırılması

inkişafdakı tarazlığı təmin edib. Yalnız onu demək kifayətdir ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9 milyona yaxın iş yerinin 50 faizdən çoxunun məhz regionların payına düşməsi Azərbaycan Prezidenti İlham Əliyevin regional siyasətinin uğurlarının əyani təcəssümüdür.

Dövlət rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Son illərdə imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, Prezident İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm, habelə Apellyasiya şuralarının, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması iqtisadi islahatların səmərəliliyi yüksəldib. Dövlət başçısının siyasi iradəsilə həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Bu baxımdan 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" və digər sənədlər ölkədə sahibkarlığın inkişafına ciddi təkan verib, ölkəmizin qlobal böhran meyillərinə çevik müqavimətini təmin edib.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyib. Hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xəttilə 200 milyon manatdan əlavə vəsait toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektoruna sənaye istehsalı 15,6 faiz artıb. Hesabat dövründə kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, inflyasiyanın aşağı həddə - 2,1 faiz civarında olması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması inkişafdakı pozitiv dinamikanın əyani göstəriciləri kimi qeyd olunmalıdır.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət alır. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə 141 ölkə arasında 58-ci yerdədir və 11 pillə irəliləyib. BMT

İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan «orta insan inkişafı» qrupu ölkələrini tərk edərək, «yüksək insan inkişafı» ölkələri kateqoriyasına daxil olub.

Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılması təmin edilib. Təkcə onu demək lazımdır ki, bu prosesini əyani təzahürü olaraq icbari tibbi sığorta sisteminin tətbiqi təmin edilib, bu sistemin 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulub. Bundan əlavə, İşsizlikdən Sığorta Fondunun yaradılması, məşğulluq strategiyasının qəbulu, ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının təmin edilməsi sosial islahatların mühüm tərkib hissəsidir.

Qısaca demək kifayətdir ki, son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılıb, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilib, yanğından zərər çəkmiş sahibkarlara kompensiya ödənilib, mavi yanacağa görə nəzərdə tutulmuş limit artırılıb. Bu və digər sosialyönümlü addımlar, şübhəsiz, vətəndaşlar tərəfindən də rəğbətlə qarşılanır.

Samir Mustafayev

Sizin Reklam Yeriniz