Əlaqə Arxiv
news Image
2019.10.15
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Aqrar sektorda islahatlar beynəlxalq miqyasda müsbət qiymət alır

Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlaşdırılmış inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. Bu hədəflərə çatmaq məqsədilə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da dolğun əksini tapıb.

Konsepsiyada qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun orta illik artım tempinin 7 faizdən çox olması qarşıya məqsəd qoyulub və bu da əsasən aqrar sektorun inkişafı hesabına təmin edilməlidir. Sənəddə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının gerçəkləşdirilməsi təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə bağlı strateji məsələdir.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, 2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb.

Son illər ölkədə, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş sahəvi dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub.

Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edir. Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində hazırda Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları inşa edilir. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

KTN-nin məlumatına əsasən, yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabililiyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. Bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100 faizdən çoxdur.

Aparılan islahatların müsbət nəticəsi olaraq müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda aqrar sektorda ciddi irəliləyişlərin olacağını proqnozlaşdırırlar. Belə ki, Dünya Bankının Azərbaycanda aqrar sektorun artım tempi ilə bağlı proqnozları nikbin qənaət üçün ciddi əsaslar verir. Bankın proqnozlarına əsasən, 2019-2021-ci illər ərzində kənd təsərrüfatı sektorunda məhsul istehsalının tədricən artacağı gözlənilir. 2019-cu ildə aqrar sektorda məhsul istehsalının 4,2 faiz, 2020-ci ildə 4,4 faiz, 2021-ci 4,5 faiz təşkil edəcəyi gözlənilir. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanın aqrar sektoru 4,2 faiz, 2018-ci ildə isə 4,6 faiz artıb.

Ümumiyyətlə, son illər regionlarda aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər daha da intensivləşib. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması deyilənləri əyani təsdiq edir. Xatırladaq ki, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Ölkə başçısının 2014-cü il 16 yanvar tarixli «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamında isə kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsinin, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasının, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunmasının zəruriliyi bir daha önə çəkilib. Sərəncamda göstərildiyi kimi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili, ərzaq təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Sərəncamla kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçıların maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmini məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilib.

Sərəncam əsasında kənd təsərrüfatının inkişafında strateji hədəfləri və prioritet istiqamətləri özündə əks etdirən "Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası" hazırlanıb. Strategiyaya əsasən, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı ilə bağlı özəl tədarük-satış bazalarının, ticarət şirkətlərinin və avtorefrijerator parkının yaradılması, Bakının rayonlarında və iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış "fermer mağazaları" və "yaşıl

marketlər" şəbəkəsinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması və daxili bazarın qorunmasının gücləndirilməsi nəzərdə tutulur.

Hazırda dövlət torpaq fondu hesabına iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində əməli addımlar atılır. Ümumiyyətlə, sənayeləşmə strategiyasına uyğun olaraq sənaye sektorunda olduğu kimi, aqrar bölmədə də texnoparkların yaradılması nəzərdə tutulur. Aqrar parkların yaradılması ilə kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetiriləcək, mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.

Bunlardan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında anbar kompleks-lərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması üçün həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq, eləcə də modelləşdirmə seqmentləri nəzərə alınacaq, Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinə, Dünya Bankının tövsiyələrinə istinad olunur.

Proqnozlara görə, qarşıdakı 10 ildə aqrar sahəyə maliyyə dəstəyi 3 dəfəyə yaxın artacaq ki, bu da aqrar-sənaye sektorunda rəqabətliliyin təmin edilməsinə, yeni texnologiyalara çıxışın artırılmasına, qida təhlükəsizliyinə zəmin yaradan avadanlıqların və proseslərin təkmilləşdirilməsinə və bazarlara çıxışın yaxşılaşdırılmasına, həmçinin məhsulun keyfiyyətinə dəstək verən, innovasiyalara yol açan investisiyalara imkan yaradacaq.

Samir Mustafayev

Sizin Reklam Yeriniz