news Image
2019.10.16
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə əmək bazarını qoruyur

Azərbaycanda əlverişli sahibkarlıq mühitinin formalaşması, çoxsaylı istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılması, tikinti-quruculuq işlərinin geniş vüsət alması, habelə bir sıra transmilli nəqliyyat və enerji layihələrinin reallaşdırılması son illər respublikamıza miqrant axınının sürətlənməsinə səbəb olub. Bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması səbəbindən respublikamızın ərazisindən tranzit qaydasında keçən və ya qısa müddətə gələn, üçüncü dövlətlərə getməyə cəhd edən, habelə qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı getdikcə artır.

Yaşadıqları ölkələrdə normal işlə təmin olunmayan və ya yüksək gəlirli iş axtarışında olan əcnəbilər leqal və qeyri-leqal üsullarla Azərbaycana gələrək burada məskunlaşmağa və çalışmağa səy göstərirlər. Məhz bu səbəbdən də son illər ölkə rəhbərliyi tərəfindən daxili əmək bazarının qorunması, işəgötürənlərlə əcnəbi işçilər arasında əmək münasibətlərinin leqallaşdırılması, onların sosial sığorta ödənişlərinə, vergilərə cəlb olunması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Respublikada miqrasiya proseslərinin daha səmərəli üsul və vasitələrlə, vahid dövlət orqanı tərəfindən tənzimlənməsi məqsədilə hələ 2007-ci ildə yaradılmış Dövlət Miqrasiya Xidməti (DMX) son illər bu istiqamətdə müəyyən nəticələr əldə edib. Ölkə başçısının 4 mart 2009-cu il tarixli «Miqrasiya proseslərinin idarəolunmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» fərmanı əsasında miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına, həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan verən müasir sistem yaradılıb. Miqrasiya proseslərinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən DMX əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı; müvəqqəti olma, müvəqqəti və daimi yaşama; iş icazələrinin verilməsi və müddətlərinin uzadılması; qaçqın statusunun müəyyənləş-dirilməsi; vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq məsələlərinin həlli məsələlərində müəyyən nizam-intizam yaratmağa müvəffəq olub.

Prezident İlham Əliyevin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 24 may 2011-ci il tarixli fərmana müvafiq olaraq DMX-nın rəsmi internet səhifəsində xüsusi elektron xidmət bölməsi yaradılıb, həmin ilin sentyabrından elektron xidmətlərin göstərilməsinə başlanılıb. İstənilən şəxsin elektron xidmət bölməsindən maneəsiz, sərbəst istifadəsi, həmçinin elektron qaydada qəbul edilən sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilib. Bundan başqa, Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə miqrasiya sahəsində Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) yaradılıb. Bu sistem ölkədə qanunsuz miqrasiya ilə mübarizəyə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsinə geniş imkanlar yaradıb. VMMS vasitəsilə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və

vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır və ölkəyə gələn əcnəbilər barədə məlumatlar toplanaraq nəzarətdə saxlanılır.

Bundan başqa, hazırda “ASAN xidmət” mərkəzlərində Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşama icazəsinin, o cümlədən iş icazəsinin verilməsi üçün tələb olunan sənədlərin qəbulu və müvafiq icazə vəsiqələrinin verilməsi həyata keçirilir. Beynəlxalq tələblərə cavab verən Miqrasiya Məcəlləsinin qəbulu da bu sahədə müəyyən tənzimləyici tədbirlərin tətbiqinə imkan yaradıb. Məcəlləyə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxs əvvəllər Azərbaycanda olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə, yaxud miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə onların respublikamıza gəlişinə 5 il müddətinə qadağa qoyulur. Məcəllənin tələbinə əsasən, əcnəbi 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda, yaxud ölkəmizdə müvəqqəti yaşadığı dövrdə gəlişinin bəyan edilmiş məqsədini pozduqda da ona müvəqqəti yaşamaq üçün icazə verilmir, yaxud əvvəl verilmiş icazə ləğv edilir.

Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, müraciət və qərar qəbuletmə prosedurları sadələşdirilib. Miqrasiya Məcəlləsi ilə tənzimlənən yeniliklərdən biri də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazələri ilə bağlı olub. Əvvəlki qanunvericilik müvəqqəti yaşama üçün, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdisə, Məcəllənin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Sənəddə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqətiolma müddətinin 60 günədək uzadıla bilməsi də öz əksini tapıb.

Hazırda respublikamıza dünyanın ən müxtəlif dövlətlərindən miqrantlar gəlirlər. Faiz etibarilə üstünlük isə Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarına aiddir. Ümumilikdə, miqrasiyasi proseslərinin tənzimlənməsi, ilk növbədə, daxili bazarın qorunması zərurəti ilə şərtlənir. Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ilə təsdiq edilmiş «Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası»na əsasən, hər il respublikamızda əcnəbinin işçilər üçün kvota müəyyənləşdirilir.

DMX-nın məlumatına əsasən, 2019-cu ilin 9 ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 542541 müraciət qeydə alınıb. Ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 11061 qərar qəbul edilib. Qərarlardan 6050-si İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 4084-ü ölkəni tərk etmə, 1966-sı ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 4616 qərardan 848-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 3768-i isə Miqrasiya Məcəlləsinin müvafiq

maddələrinin tələblərinin pozulması ilə bağlı olub. 212 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 100-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 71, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 12 qərar qəbul edilib.

Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Onu da bildirək ki, hazırda Azərbaycanda qeyri-qanuni miqrantların saxlama mərkəzi ən yaxşılardan biridir. Bu saxlama mərkəzlərində ora yerləşdirilən insanların yaşaması üçün bütün lazımi şərait yaradılıb.

Bütün bunlarla yanaşı, DMX müvəqqəti və daimi yaşama qaydalarına əməl olunmaması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsi hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Samir Mustafayev