news Image
2019.10.18
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İlin 9 ayının makroiqtisadi göstəriciləri müsbətdir

Bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirə bir daha göstərir ki, hökumətin iqtisadi siyasətində islahat tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Hesabat dövründə tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrasrukturun müasirləşdirilməsinə, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən tədbirlər hökumətin diqqət mərkəzində olub.

Hesabat dövrünün sosial-iqtisadi göstəricilərindən söz açan Prezident İlham Əliyev iqtisadiyyatda ciddi artımın olduğunu diqqətə çatdırmaqla, bunu son illərin ən yaxşı göstəricilərindən biri kimi dəyərləndirib: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.

Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər".

Neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədi ilə iqtisadiyyatın şaxələndirilməsi və qlobal böhranın mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər son 4 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.

Azərbaycan Prezidenti İlham Əliyevin hökumətin son iclasındakı proqram xarakterli nitqi ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir. Bu mərhələnin səciyyəvi cəhətləri sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların tamamilə aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasıdır. Bu tədbirlər əsasən, lisenziyaların sayının azaldılmasını, onların verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflaşdırılmasını, vergi yükünün optimallaşdırılmasını, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsini və dövlətin güzəştli kreditlərinə çıxış imkanlarının sadələşdirilməsini nəzərdə tutur.

Keyfiyyətcə yeni mərhələdə ölkə başçısının müəyyənləşdirdiyi başlıca hədəflərdən biri də məhz ölkədə aktual iqtisadi çağırışlara cavab verə biləcək

hökumət idarəetmə modelinin formalaşdırılması, şəfflaflığın və hesabatlılığın artırılması, büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsidir.

Prezident İlham Əliyev bununla bağlı deyib: "Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır".

Son illər həyata keçirilən islahatların ana xəttini yenə də qeyri-neft sektorunun inkişafının dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması məsələləri təşkil edir. Etiraf etməliyik ki, hazırda respublikamızda inkişaf dövrünü yaşayan qeyri-neft sektoru əhalinin daxili tələbatını və ixracdan əldə olunan gəlirləri təmin etmək iqtidarında deyildir. Məhz buna görə də hökumət hesab edir ki, hazırkı dövrdə bir tərəfdən yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Əlbəttə, mövcud qlobal iqtisadi şərait iqtisadi islahatları genişləndirməklə onların müntəzəmliyinin təmin edilməsini; sahibkarlıq subyektləri tərəfindən mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə yolu ilə yeni konseptual yanaşmaların tətbiqini, mövcud iqtisadi potensialdan, əlverişli investisiya mühitindən səmərəli istifadəni zəruri edir. Bu və digər praktik məqsədlərin həyata keçirilməsi məqsədilə ötən illərdə imzalanmış fərman və sərəncamlar göstərir ki, ölkə başçısı İlham Əliyev orta və uzunmüddətli perspektivdə hökumətin həyata keçirəcəyi iqtisadi islahatların innovasiya yönümlü olmasını, dərin elmi əsaslara, proqnozlara, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanmasını vacib sayır. 2016-cı ilin əvvəllərindən etibarən Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Prezident İlham Əliyev şəffaflığa xidmət edən islahatların bundan sonra da davam etdiriləciyini vurğulayıb: "Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa

qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər".

Son illərdə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin böyük əksəriyyəti məhz vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artırılmasına xidmət edib. Ötən dövrdə ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarların ixrac imkanlarının genişləndirilməsi olub. Xatırladaq ki, investorların Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştlərdən faydalanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib.

Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olub. Bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılıb.

Hökumətin son müşavirəsi bir daha təsdiqləyir ki, qarşıdakı ildə Azərbaycan vətəndaşlarının maddi rifah halı daha da yaxşılaşacaq, sosial-iqtisadi inkişaf və sabitlik kursunun respublikamıza gətirdiyi dividentləri hər bir azərbaycanlı öz gündəlik həyatında daha qabarıq hiss edəcək.

Samir Mustafayev