news Image
2019.11.05
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Nağdsız hesablaşmaların genişlənməsi şəffaflığa zəmin yaradır

Bütün sahələrdə müasirləşən, yüksək dinamizmlə inkişaf edən Azərbaycan hazırkı mərhələdə iqtisadi həyatın bütün sahələrində şəffaflığı və hesabatlılığı təmin etməyə, müasir dünyanın tətbiq etdiyi yeniliklərdən səmərəli şəkildə bəhrələnməyə çalışır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir. Nağdsız ödəniş sisteminin inkişafı, nağdsız dövriyyənin genişləndirilməsi cəmiyyətdə maliyyə sabitliyinin qorunub saxlanılması baxımından da zəruri sayılır.

Son illərdə Azərbaycanda biznes və maliyyə-təsərrüfat subyektlərində şəffaf mexanizmlərin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd, ilk növbədə, nağdsız dövriyyənin inkişafı yolu ilə iqtisadi sferada hesabatlılığı və şəffaflığı təmin etmək, vətəndaşları plastik kartlardan istifadəyə həvəsləndirməkdir. Məlumat üçün bildirək ki, ümumi daxili məhsulda nağdsız dövriyyənin həcmi baltikyanı ölkələrdə 40-45 faiz, Rusiya Federasiyasında 30 faiz təşkil etdiyi halda, Azərbaycanda bu göstərici cəmi 10-15 faiz təşkil edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə nağdsız ödəniş sisiteminin genişləndirilməsi üçün geniş imkanlar açıb. Nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edən qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

Qanuna əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncamına əsasən, qarşıdakı dövrdə nağdsız ödənişlərin genişləndirilməsi nəzərdə tutulur.

2017-2018-ci illərdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər isə sahibkarlar üçün yeni tələblər yaradıb. Ölkəmizdə nağd ödəmələrə məhdudiyyətlərin müəyyən edilməsi zərurəti çoxdan müzakirə edilsə də, 2017-ci ildə bu il real çərçivələrə salınıb. Bunlardan biri ödəmələrin, xüsusilə müxtəlif vergi və rüsumların, dövlət və sosial ödəmələrinin, həmçinin orta və iri vergi ödəyicilərində ödənilən əmək haqlarının nəğdsiız qaydada həyata keçirilməsinə dair tələblərdir. Bundan başqa, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılmasının ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılmasıdır.

Həmçinin, banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur. Burada xüsusilə vurğulamaq lazımdır ki, qanunda nağd pul vəsaitlərinin bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq olunur.

Göründüyü kimi, bu dəyişikliklər sahibkarlıq subyektlərini öz əməliyyatlarının böyük qismini nağdsız qaydada aparmasına məcburi tələblər qoyub və bu da şübhəsiz dövriyyələrin şəffaflaşması və vergitutma bazasının genişləndirilməsi üçün olduqca mühümdür.

Ümumyyətləə, cəmiyyəti narahat edən neqativ hallara, ilk növbədə, korrupsiya hallarına qarşı mübarizə sahəsində ən səmərəli vasitələrdən biri də nağdsız ödəniş sisteminə keçidin təmin edilməsidir. Postneft erasına keçid - ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi Azərbaycanda da sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirib. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ölkənin vergi sisteminin təkmilləşdirilməsi, vergilərdən yayınmanın qarşısının alınması, dövlət büdcəsinin gəlirlərinin artırılması, çevik və şəffaf maliyyə alətlərinin tətbiqi baxımından nəğd ödəniş sistemindən qeyri-nəğd ödəniş sisteminə keçidin vacibliyini xüsusi önə çəkib.

Prezident İlham Əliyev hələ 22 noyabr 2005-ci il tarixli «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Belə bir bir sərəncamın imzalanması Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini, habelə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının tətbiq edilməsini təmin etmək məqsədinə xidmət edirdi.

Sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, habelə dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində əməkhaqlarının 2006-cı il 1 yanvar tarixindən başlayaraq ödəniş kartları vasitəsilə ödənilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdı. Eyni zamanda sərəncamla pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması məqsədi ilə POS-terminalların beynəlxalq standartlara uyğun tətbiqi qaydalarının hazırlanması məsələsi önə çəkilirdi.

Nağdsız ödəniş sisteminin inkişafı Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi, vergi bazasının genişlənməsi baxımından vacibdir. Yəni hər bir vətəndaş plastik kartlar vasitəsi ilə artıq ödəniş etmək riskindən xilas olur. Nəticədə korrupsiya və rüşvətxorluğa zəmin yaradan hallar aradan qalxır. Ən müxtəlif ticarət və iaşə

obyektlərində vergidən yayınmaların qarşısı alınır, büdcəyə daxilolmalar artır. Nəticədə iqtisadiyyat güclənir, büdcədən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların sosial rifah halı güclənir.

Son illər Azərbaycanda qeyri-nəğd ödənişlərin artması aidiyyəti dövlət strukturlarının, ilk növbədə, Mərkəzi Bankın, vergi orqanlarının, İqtisadi İnkişaf Nazirliyinin bu sahədə həyata keçirdiyi tədbirlərin, maarifləndirmə-təşviqat işinin uğurlu nəticəsidir. Ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların quraşdırılmasının təmin edilməsi ilə ölkədə fəaliyyət göstərən banklarla birlikdə texniki, eyni zamanda, məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir. Beləliklə, qarşıda duran əsas vəzifələrdən biri nağdsiz ödənişlərin stimullaşdırılması, həmçinin vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdan kənar nəğd qaydada aparılmasının minumuma endirilməsi istiqamətində işlərin genişləndirilməsidir.

Nazirlər Kabinetinin 2012-ci il oktyabrın 4-də təsdiq etdiyi «Azərbaycan ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları»nda ölkədə POS-terminalların quraşdırılması prosesi 2015-ci ilin sonunadək intensiz aparılıb. Qaydalara edilmiş əlavələrə görə, Bakıda, Gəncədə və Sumqayıtda bu proses 2012-ci ildə, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad rayonlarında və şəhərlərində (kənd və qəsəbələr istisna olmaqla) - 2013-cü ildə, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2014-cü ildə başa çatdırılıb.

Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qeyri-nəğd ödəniş sisteminin iqtisadi həyatın bütün sahələrində tətbiqi ciddi zərurət kimi meydana çıxıb. Hökumət səviyyəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər yaxın illərdə bu sahədə əhəmiyyətli dönüşün baş verəcəyini əminliklə söyləməyə ciddi əsaslar yaradır. Hökumət müasir mexanizmlərin tətbiqi yolu ilə cəmiyyətdə özünü göstərən neqativ hallara, o cümlədən vergidən yayınma və korrupsiyaya qarşı mübarizə tədbirlərini genişləndirmək niyyətindədir.

Samir Mustafayev