news Image
2019.11.08
07:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlığın inkişafı qeyri-neft məhsulları ixracının artımını təmin edir

Qlobal böhran meyillərinə baxmayaraq, 2019-cu ilin ilk 9 ayında Azərbaycanda xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi təmin edilib. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait və ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.

Son illərdə sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynayır.

Ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarlara ixrac üçün geniş imlarlar yaratmaq, bu prosesi stimullaşdırmaqdır. Xatırladaq ki, ölkə başçısının "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqidir. Həmin il oktyabrın 5-də isə "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilib. Sənədə əsasən, yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Sənəddə "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi mühüm istiqamətlərdən biri kimi yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçirilir.

Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Son iki ildə sahibkarların ixrac fəaliyyətinin dəstəklənməsi məqsədi ilə ümumilikdə 40 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqləri verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 1,413 mlrd. ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 206 mln. dollar və ya 17 faiz çoxdur. Bu ilin doqquz ayında Rusiyaya 465,6 mln. dollar (artım 16 faiz), Türkiyəyə 304 mln. dollar (artım 10 faiz), İsveçrəyə 125,4 mln. dollar (artım 19faiz), Gürcüstana 123,2 mln. dollar (artım 26 faiz) və İtaliyaya 34,4 mln. dollar (artım 2,2 dəfə) dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (142,3 mln. dollar) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 120,8 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (87,9 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə, 2019-cu ilin doqquz ayı ərzində meyvə-tərəvəz ixracı 389,8 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 152 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 mln., pambıq lifi ixracı 86,7 mln., kimya sənayesi məhsullarının ixracı 76,6 mln. dollar, elektrik enerjisinin ixracı 62,9 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 mln. dollar, şəkər ixracı 23,2 mln. dollar, pambıq ipliyi ixracı 22,5 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.

İxracın artması həm də gömrük sahəsində keçirilən mütərəqqi islahatlarla bağlıdır. Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» 3 mart 2014-cü il tarixli fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların

davam etdirilməsini təmin edib. Fərmana əsasən, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsinə cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunur. Bununla da tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endirilib. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azaldılıb.

Reallaşdırılan ən mühüm yeniliklərdən biri də bəzi gömrük xidmətlərinin «ASAN Xidmət» mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi sahibkarların işini xeyli dərəcədə asanlaşdırır və neqativ halların qarşısını alır.

Ümumiyyətlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Hazırda Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqsədi ilə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunub.

Bütün bunlarla yanaşı, xarici ölkələrdə dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara alınıb.

Samir Mustafayev