Əlaqə Arxiv
news Image
2019.11.13
08:32
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Yoxlamaların dayandırılması səmərəli nəticələr verir Yekunlaşmaqda olan 2019-cu ilin ötən dövrü deməyə əsas verir ki, Azərbaycan inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olub. Ümumdünya İqtisadi Forumu tərəfindən nəşr edilən "Qlobal Rəqabətlilik İndeksi"nə əsasən Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Qlobal Rəqabətlilik hesabatı dünya miqyasında mötəbər hesabat olmaqla, beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir. İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə ehtiva edən "Qlobal Rəqabətlilik İndeksi" son hesabatda 141 ölkəni özündə cəmləşdirib. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Dünyadakı qeyri-münbit iqtisadi vəziyyət fonunda hesabat dövründə ümumi daxili məhsulun 2,5 faiz artması Azərbaycanda aparılan uğurlu islahatların nəticəsidir. Bundan əlavə, yanvar-sentyabr aylarında Azərbaycanın valyuta ehtiyatlarının 49 milyard dollar səviyyəsinə yüksəlməsi, ixracın idxalı 2 milyard manat üstələməsi də makroiqtisadi sabitliyin və manatın məzənnəsinin qorunub saxlanılması baxımından uğurlu göstəricilərdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında deyib: "Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır". Xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixli "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı sahibkarlığa dəstək istiqamətində mühüm addım olmuş, bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılmışdır. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkmişdir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. 2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının təşkili; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması müsbət nəticələrin əldə olunmasını şərtləndirmişdir. Son 4 ildə xüsusilə də lisenziyaların sayının azaldılması və yoxlamaların dayandırılması istiqamətində atılan addımlar müsbət nəticələr vermişdir. Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" fərmanına əsasən, sahibkarlıq fəaliyyətinin bəzi növləri üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsinə başlanılmışdır. Lisenziya və icazələr sahəsində aparılmış islahatlara əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı (maliyyə bazarları istisna olmaqla) 59-dan 29-a, icazələrin sayı isə təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmişdir. Xatırlatmaq yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir. Ölkə başçısının təşəbbüsü ilə Milli Məclisdə qəbul edilmiş 2015-ci il 20 oktyabr tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Bu addımlar, şübhəsiz ki, qlobal böhran dövründə ölkədə sahibkarların üzləşdiyi problemlərin həlli, onların fəaliyyətinin dəstəklənməsi baxımından prinsipial siyasi iradə nümayişi hesab oluna bilər. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə həmin qanunun qüvvədəolma müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması da son dərəcə əhəmiyyətli addımlardandır. Bu müddətdə yalnız vergi yoxlamalarının, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən yoxlamaların aparılması mümkün olacaqdır. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" də ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri və hədəfləri əksini tapmışdır. Samir Mustafayev
Sizin Reklam Yeriniz