Əlaqə Arxiv
news Image
2019.11.19
08:32
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əsaslı kapital qoyuluşları biznes mühitini yaxşılaşdırır

Şaxələndirilmiş iqtisadi modelin reallaşdırılması istiqamətində inamlı addımlar atan Azərbaycan hökuməti 2019-cü ilin ötən dövründə karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atıb.

Hökumət iqtisadiyyata əsaslı kapital qoyuluşu prosesində əcnəbi sahibkarlıq subyektlərinin də fəal iştirakını təmin etməyə çalışır, bu məqsədlə «açıq qapı» siyasəti həyata keçirilir. Ölkədə əcnəbi investorların hüquq və mənafelərinin qorunmasına, mülkiyyətininin toxunulmazlığına, yerli sahibkarlara bərabər iş şəraitinin yaradılmasına, əldə edilmiş mənfəətdən maneəsiz istifadəsinə imkan verən mükəməl qanunvericik sistemi mövcuddur. «İnvestisiya fəaliyyəti haqqında», «Xarici investisiyaların qorunması haqqında» qanunlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, hökumət ötən illərdə bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Ölkədə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mövcud lisenziyalaşdırma sistemi köklü surətdə dəyişib. Bundan başqa, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi ölkədə investisiya mühitinin liberallaşdırılmasına xidmət edən addımlardan biridir.

Sahibkarların investisiya təminatının gücləndirilməsi məqsədilə hökumət tərəfindən son illərdə mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin hələ 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir.

Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakı məqsədlərə xidmət edir: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi; Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Sizin Reklam Yeriniz