news Image
2019.12.04
08:32
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlıqla bağlı mübahisələrə ixtisaslaşmış məhkəmələrdə baxılması təmin ediləcək

Respublikanın dinamik sosial-iqtisadi inkişaf tempinin diqtə etdiyi zərurətdən irəli gələrək «Elektron hökumət» quruculuğu çərçivəsində reallaşdırılan tədbirlər elektron xidmətlərin genişləndirilməsi yolu ilə qanunverici, icraedici və məhkəmə orqanlarının fəaliyyətinin çevikliyinin, səmərəliliyin, şəffaflığın yüksəldilməsinə, ümumilikdə, vətəndaş məmnunluğunun təminatına xidmət edir. Vətəndaşlarla, o cümlədən iş adamları ilə birbaşa təmasda olaraq onlara müxtəlif növ xidmətlər göstərən institutların fəaliyyətinin müasirləşdirilməsi, onların fəaliyyətində elektron xidmətlərin geniş tətbiqi şəffaflığın, hesabatlılığın, insan hüquq və azadlıqlarının təminatı baxımından xüsusi aktuallıq kəsb edir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli fərmanına əsasən, son 8 ildə dövlət qurumlarının fəaliyyətində elektron xidmətlər genişləndirilib, korrupsiyaya zəmin yaradan birbaşa təmaslar minimum səviyyəyə endirilib.

Ümumilikdə, Prezident İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» fərmanı, 2011-ci il 27 dekabr tarixli «Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı», 2011-ci il 27 dekabr tarixli, 2012-ci il 5 sentyabr tarixli «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı» insan hüquq və azadlıqlarının təmini, demokratik və açıq cəmiyyətin qurulması baxımından İKT-nin ən son nailiyyətlərindən istifadəni ön plana çəkir. Ölkənin uzunmüddətli inkişafının strateji hədəflərini müəyyənləşdirən 2012-ci il 30 dekabr tarixli «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında məhkəmə-hüquq sisteminin liberallaşdırılmasına xidmət edən kompleks tədbirlər sırasında məhkəmələrin fəaliyyətinin elektronlaşdırılmasına da xüsusi yer almışdı.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın «Elektron hökumət»in inkişafı» adlanan 10-cu bəndi isə bilavasitə icra və məhkəmə orqanlarının fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi ilə bağlı məsələləri özündə ehtiva edirdi. Son illər elektron xidmətlər, əsasən, müvafiq nazirlik, komitə, xidmət və agentliklərin fəaliyyətini əhatə edirdi. Şübhəsiz, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi bu sahədə yeni iş üsul və vasitələrinin, innovativ yeniliklərin tətbiqini zəruri edir. Elektron xidmətlər məhkəmə orqanları ilə vətəndaşlar, o cümlədən biznes strukturları arasında birbaşa təması minimuma endirməklə, neqativ hallara şərait yaradan halları aradan qaldırır, korrupsiyaya qarşı mübarizə baxımından vacib əhəmiyyət daşıyır.

Son illərə qədər özünü göstərən ən ciddi problemlərdən biri də məhz proses iştirakçılarının məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması idi. Müxtəlif səbəblərdən (qanunsuz tikililərin mövcudluğu, tərəflərin faktiki ünvanlarının dəqiq müəyyən edilməməsi və s.) məhkəmə bildirişlərinin vaxtında çatdırılmaması məhkəmələrdə işlərə baxılarkən çəkişmə

prinsipinə lazımi səviyyədə əməl edilməməsi ilə nəticələnir, işlərə qanunla müəyyən edilmiş müddətdə baxılmasında çətinliklər yaradırdı. Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən «Elektron məhkəmə bildirişlərinin tətbiqinə dair» Konsepsiya hazırlanmışdı. Konsepsiyası əsasında, həmçinin yeni bir proqram – «Elektron-məhkəmə məlumat sistemi» işlənmiş və tətbiqinə başlanılmışdı. Proqramın tətbiqinə başlanılandan sonra birinci instansiya məhkəmələrinə daxil olan işlər üzrə elektron qeydiyyat uçotu təşkil edilib. Bu proqrama uyğun olaraq məhkəmə iclası barədə bildirişlər iş təyin olunan anda hakimin elektron imzası ilə təsdiq olunur və dərhal tərəflərin “e-mail” ünvanlarına və ya mobil telefonlarına “SMS” formasında göndərilir.

Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 13 fevral tarixli «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında» sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradıb. Preamblua hissəsində qeyd olunduğu kimi, sərəncamın imzalanmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təminatı, habelə müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Sərəncam «ASAN xidmət»in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan yaradır. «Elektron məhkəmə» sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradıb, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edib.

Sərəncama əsasən yaradılmış yeni sistem ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu; cinayət işləri, mülki, inzibati, iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini; məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış qaydada bölgüsünün aparılmasını; məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəlin tərtib edilməsini; məhkəmə prosesində iştirak edən şəxslərə, o cümlədən sahibkarlara məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılmasını; məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və onları onlayn rejimdə müşahidə etmək imkanının yaradılmasını; işlər üzrə prosessual müddətlərə riayət olunmasına nəzarət edilməsi və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici funksiyalara malik olmasını; qəbul edilən məhkəmə qərarlarının icraya yönəldilməsinin və icra prosesinin izlənilməsini; sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik "şəxsi kabineti"nin yaradılmasını; "Elektron hökumət" portalı ilə və Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyanı; məhkəmə statistikasının elektron qaydada aparılmasını; məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı isə keyfiyyətcə yeni mərhələdə sahibkarların mənafeyinə xidmət edən islahatların dərinləşməsinə geniş imkanlar açıb. Fərmana əsasən, sahibkarların

məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması tapşırılmışdı.

Bu istiqamətdə artıq mühüm addımlar atılıb və ölkə prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılıb. 2020-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq həmin məhkəmələrin müvafiq bina, avadanlıq, digər təşkilati-texniki vasitələrlə təmin edilməsi, məhkəmə aparatlarının formalaşdırılması üzrə tədbirlər görülür. Yeni məhkəmələrin yaradılması, şübhəsiz, Azərbaycanda sosial-iqtisadi inkişafında mühüm rolu olan iş adamlarının qanuni mənafelərinin ixtisaslaşmış məhkəmələrdə daha etibarlı müdafiəsinə təminat yaradacaq, ümumən biznes mühitinini liberallaşmasını təmin edəcək.

Samir Mustafayev

money.az currency