Əlaqə Arxiv
news Image
2019.12.17
08:32
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sənaye sahibkarlığı qeyri-neft sektorunun inkişafında xüsusi paya malikdir

Qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, enerji resurslarının ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin azaldılması, iqtisadi şaxələndirmə prosesinin sürətləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirən Azərbaycan hökuməti sənaye sektorunda modernləşməni xüsusi diqqət mərkəzində saxlayır. Davamlı və tarazlı inkişafda sənayenin lokomotiv rolunu düzgün dəyərləndirən Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında da bu sahənin müasirləşdirilməsi tədbirləri dolğun əksini tapıb.

Təsadüfi deyildir ki, sənayenin inkişafına xüsusi önəm verən dövlət başçısı tərəfindən hələ 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə templəri yüksəlib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, ölkəmiz bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəlib. İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub, "Azərspace" və "Azersky" telekommunikasiya peykləri orbitə buraxılıb, Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilib.

Görülən işlər nəticəsində ölkənin müdafiə sənayesi ordumuzu müasir silahlarla təchiz edir və onun məhsulları beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir və inkişaf etmiş xarici ölkələrə satılır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panelləri və külək generatorlarından istifadə olunmağa başlanılıb. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılıb və bununla da daha bir yeni sənaye sahəsinin əsası qoyulub. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu zavod istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir.

Son illər sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində də ciddi addımlar atılıb. Kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, 3 Yüksək Texnologiyalar Parkı yaradılıb. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Sənaye parklarının rezidentləri üçün bir sıra güzəştlərin nəzərdə tutulması da xüsusi qeyd olunmalıdır. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata

alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunurlar.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard ABŞ dollarınadək olan 11 müəssisəyə rezident statusu verilib. Sənaye Parkının rezidentlərindən olan, polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” 2013-cü ildən fəaliyyət göstərir.

Balaxanı Sənaye Parkında isə işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların (PET) və plastik materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahəsində 5 rezident fəaliyyət göstərir. Bu rezidentlər tərəfindən parka ümumilikdə 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye parklarına əlavə rezidentlərin cəlb olunması istiqamətindfə işlər davam etdirilir.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodunda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilər istehsal olunur. Artıq zavodda onlarla gəmi tikilərək istifadəyə verilib, çoxsaylı gəmilərin təmiri işləri həyata keçirilib.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrik yaradılıb. Artıq Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisi yekunlaşıb. Zavodun investisiya dəyəri 46 milyon ABŞ dollarıdır və layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması planlaşdırılır.

Azərbaycan üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında Rusiya Federasiyası və İran İslam Respublikası ilə birgə 2 dərman zavodunun təməli qoyulub. Birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanacaqdır. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Hazırda mövcud 5 sənaye parkında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minədək iş yeri açılıb. Sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib, bunun 233 milyon manatlıq hissəsi ixrac olunub.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Azərbaycanda ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2017-ci il sentyabrın 24-də istifadəyə verilib. Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri,

polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Sənaye Məhəlləsində ümumilikdə 500-ə yaxın iş yeri yaradılıb. Sahibkarlar tərəfindən Sənaye Məhəlləsinə böyük maraq göstərilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndirilir.

Ümumilikdə, ölkə regionlarında 4 sənaye məhəlləsi yaradılıb. Bu məhəllələrdə 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si fəaliyyət göstərir. Sənaye məhəllələrinə indiyədək sahibkarlar tərəfindən 53,8 milyon manat investisiya yatırılıb, 650-dən çox iş yeri açılıb. 90 milyon manatdan çox sərmayə yatırılacaq ki, bu da əlavə olaraq 1400-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.

Hazırda ölkənin digər bölgələrində də sənaye zonalarının yaradılması ilə bağlı araşdırma və təhlillər aparılır. Bölgələrdə daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi) təşkili barədə təkliflər aidiyyəti üzrə təqdim edilib. Sənayedə ikirəqəmli artıma nail olunması və növbəti illərdə də dinamik inkişafın təmin edilməsi üçün kompleks tədbirlər davam etdirilir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz