Əlaqə Arxiv
news Image
2020.02.05
08:35
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Yoxlamaların azaldılması biznes mühitini liberallaşdırır

Son illər sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ölkədə biznes mühitinin daha da liberallaşmasına müsbət təsirini göstərib. "Bizə çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir", - deyən Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli mövqeyi son illərdə sahibkarların qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini təmin edib.

Xatırlatmaq lazımdır ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli və 2011-ci il 15 fevral tarixli fərmanlarına uyğun olaraq yaradılmış və 1 may 2011-ci il tarixindən fəaliyyətə başlamış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmaqla həyata keçirilir. Reyestrin fəaliyyəti sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Sahibkarlar "www.yoxlama.gov.az" saytına sərbəst şəkildə daxil olmaqla, qeydiyyatdan keçə, şəxsi VÖEN-ni və qeydiyyatdan keçdikdən sonra əldə etdiyi şifrəni daxil etməklə özü barəsində təyin edilmiş plan üzrə yoxlamalar haqqında əvvəlcədən məlumat əldə edə bilərlər. Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri istisna olmaqla, plandankənar yoxlamalar haqqında məlumatla isə sahibkarlar həmin yoxlamanın keçirilməsinə ən geci 1 gün qalmış tanış ola bilərlər.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il 2 iyul tarixində qəbul edilib və 2014-cü il martın 1-dən qüvvəyə minib.

Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur. Qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub.

Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir. Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik

sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.

Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.

Plandankənar yoxlamalar aşağıdakı hallarda aparılır:

1) sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;

2) sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;

3) insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya bu barədə yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;

4) sahibkar plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.

Qanuna əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir.

Həmin sənədlər və məlumatlar sahibkara təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Sahibkarlardan yoxlamalarla bağlı yuxarıda qeyd olunan tələblər pozulduqda İqtisadiyyat Nazirliyinin "195-2" Çağrı Mərkəzinə və ya elektron poçt ünvanına ([email protected]), eləcə də yoxlama aparan orqana müraciət etmələri tövsiyə olunur.

Xatırladaq ki, Milli Məclisdə qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun ölkədə iş adamlarının fəaliyyəti üçün geniş imkanlar açıb. Qanun sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid qaydalarını müəyyən edir. Məqsəd sahibkarlıq subyektlərində çoxsaylı yoxlamaları azaltmaq, qanunsuz müdaxilələri aradan qaldırmaqdır. Yeni qanuna əsasən, bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının qarşısını almaq üçün vahid məlumat reyestri yaradılıb.

Qanun sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasına, bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsinə, habelə institusional-təşkilati tədbirlərin həyata keçirilməsinə hesablanıb. Sənəd dövlət başçısının 2010-cu il aprelin 13-də imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanda əksini tapmış məqsədlərin reallaşdırılması baxımından da yeni imkanlar açıb. Xatırladaq ki, həmin fərman əsasında 2011-ci li mayın 1-də

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə" təsdiq edilib və bu sənəddən irəli gələn vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunub.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsinə, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların hüquqlarının qorunmasına, sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir. Bununla da sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunub. İlk növbədə, yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi qarşıya qoyulub.

Əsasnaməyə görə, hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək dövlətin sahibkarların mənafelərinin qorunmasına verdiyi əhəmiyyətin təzahürüdür. Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanıb və adından asılı olmayaraq, onların hamısının reyestrdə qeydiyyata alınmasının təmini vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulub.

Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər üç aydan bir Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat verir. Bu məlumatlara keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar, yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər daxil edilir. Digər mühüm yenilik bundan ibarətdir ki, Əsasnamə ilə sahibkarlıq subyektlərinə yoxlamalara münasibət bildirmək imkanı yaradılıb. Belə ki, reyestrə yoxlayıcı orqanların təqdim etdiyi məlumatlarla yanaşı, sahibkarlıq subyektlərinin yoxlama barədə qeydləri, müraciətləri, şikayəti və digər məsələlər də daxil edilir. Aşkarlığın təmin olunması məqsədilə yoxlamalar barədə məlumatlar www.yoxlama.gov.az internet şəbəkəsində yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri yalnız özlərinə aid yoxlamalarla bağlı məlumat bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər.

Samir Mustafayev

Sizin Reklam Yeriniz