Əlaqə Arxiv
news Image
2020.02.11
08:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Ötən il ümumi daxili məhsulun dinamik artımı qeydə alınıb

Son illərdə Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması inkişafın Azərbaycan modelinin uğurlarını bir daha təsdiqləyir.

2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları deməyə əsas verir ki, Azərbaycan iqtisadi böhranın bütün mərhələlərini tam geridə qoyub. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olub.

Dövlət Statistika Komitəsinin ilkin məlumatına görə, 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81681,0 milyon manata çatıb. Yola saldığımız ildə iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artıb. ÜDM-in 41,4 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olub.

Son iki ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atılıb. İqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar da cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.

Qeyri-münbit iqtisadi vəziyyət fonunda hesabat dövründə ölkə iqtisadiyyatının nail olduğu makroiqtisadi göstəricilər təqdirəlayiq və uğurludur. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 10 dəfədən çox artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 70 faizə çatıb. Bundan əlavə, qısa müddətdə Azərbaycanın valyuta ehtiyatlarının 2 dollar həcmində artaraq 51milyard dollar səviyyəsinə yüksəlməsi, ixracın idxalı üstələməsi makroiqtisadi sabitliyin və manatın məzənnəsinin qorunub saxlanılması baxımından uğurlu göstəricilərdir.

Xarici ticarətdə müsbət saldonun təmin edilməsi, şübhəsiz, ixrac sahibkarlığının dəstəklənməsi tədbirləri də ilə sıx şəkildə bağlıdır. Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı da sahibkarlığa dəstək istiqamətində mühüm addım olub,

bununla ixrac məhsullarına ixrac təşviqinin maliyyələşdirilməsi və geriödəmə dəstəklərinin verilməsi mexanizmi yaradılıb. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini ön plana çəkib. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir.

Şübhəsiz, ixracın idxalı üstələməsi son iki ildə həyata keçrilən qaninverici və institusional islahatların uğurlu nəticəsidir. Ümumilikdə, ölkə başçısının 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında", 20 aprel 2016-cı il tarixli "İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri"nin təsdiq edilməsi haqqında", 19 may 2016-cı il tarixli "Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" və "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları», 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında" sərəncamı sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Ötən illərdə dövlət başçısının tapşırıqların müvafiq olaraq elektron xidmətlərin tətbiqi sürətləndirilib, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanıb, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılıb. Bununla yanaşı, icazələrə dair yaradılmış internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaranıb.

Ölkəmizdə elektron xidmətlərin tətbiqi həyatımızın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 420-dək xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır. Bunun nəticəsidir ki, son 16 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 3 dəfə artıb, məşğulluqda özəl sektorun payı 74 faizə, vergi daxilolmalarında 70 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi təqribən 84 faiz təşkil edib. Ölkəmizdə sahibkarlığın inkişaf göstəricilərinin dinamikası bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan "Doing Business" üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər. Xatırladaq ki, Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi.

Xatırlatmaq yerinə düşər ki, hələ 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyat sistemi tətbiq olunub, 2012-ci ildən isə yerli hüquqi şəxslərin (MMC) dövlət qeydiyyatının elektron qaydada aparılmasına başlanılıb. Hazırda Azərbaycanda "e-qeydiyyat"ın tətbiqi nəticəsində biznesə başlamaq üçün 6 prosedur əvəzinə cəmi 3 prosedur yerinə yetirilir, tələb olunan sənədlərin sayı isə 7-dən 2-dək azalıb.

2012-ci ildən, həmçinin, vergi ödəyicilərinə vergiləri internet üzərindən ödəmək imkanı yaradılıb. Son illər Vergi Məcəlləsində edilən bir sıra mühüm dəyişikliklərin qüvvəyə minməsi, o cümlədən "Vergi Partnyorluğu Sazişi"nin tətbiqinə başlanılması ümumən vergi mühitinin liberallaşmasına təsir göstərib.

Ölkənin iqtisadi inkişafının ən uğurlu göstəricilərindən biri də regional inkişaf tədbirlərinin nəticəsi olaraq mərkəzin dotasiyalarından asılı olan rayonların sayının ilbəil azalmasıdır. Bu isə regionların iqtisadi və sənaye potensialının son illər əhəmiyyətli dərəcədə möhkəmlənməsindən xəbər verir.

Samir Mustafayev

Sizin Reklam Yeriniz