Əlaqə Arxiv
news Image
2020.02.12
08:31
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Turizm gəlir gətirən sahələrdən birinə çevrilir


Əlverişli turizm potensialına malik Azərbaycan son illər dünya turistlərinin daha çox üz tutduqları ölkələr sırasında yer almağa iddialıdır və demək olar ki, bu istiqamətdə nəzərəçarpacaq uğurlar da əldə edib. Sözügedən məqsədin reallaşdırılması üçün ölkəmizdə turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə realizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sektorda aparılan islahatların əsas məqsədi respublikada qabaqcıl səviyyədə turizm mədəniyyətinin formalaşdırılması və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsidir. 
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 22,9 faizi Gürcüstan, 10,0 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,6 faizini kişilər, 33,4 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə 2019-cu ildə gələnlərin sayında daha çox artım Türkmənistan (84,2 faiz), Hindistan (66,8 faiz), Çin (62,4 faiz), Misir (55,6 faiz), Malayziya (54,9 faiz), Səudiyyə Ərəbistanı (46,3 faiz), Macarıstan (33,6 faiz), Polşa (31,1 faiz), Özbəkistan (28,4 faiz), Qazaxıstan (25,7 faiz), Böyük Britaniya (25,5 faiz), Filippin (24,6 faiz), İspaniya (24,2 faiz), Cənubi Koreya (19,9 faiz), Almaniya (19,2 faiz) və Gürcüstan (18,8 faiz) vətəndaşları arasında qeydə alınıb. Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 21,3 faiz artaraq 136,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,3 faiz artaraq 1141,5 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı isə əvvəlki illə müqayisədə 0,9 faiz azalaraq 549,0 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,7 faizi dəmir yolu və avtomobil, 40,5 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5567,7 min nəfər olub. Ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artıb.
Əlverişli iqlim şəraiti, əsrarəngiz meşələr, çaylar, şəlalələr, təbii göllər, dağ massivləri, eləcə də unikal yaşayış məskənləri və tarixi mədəniyyət abidələri ölkəmizdə turizmi daha cazibəli vəziyyətə gətirir. Bundan əlavə, son illər ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası edilməsi, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi həm xarici, həm də yerli turistlərin bölgələrə marağını artırıb. Əcnəbi turistlərin diqqətinin səfalı guşələrə cəlb edilməsi məqsədilə yeddi turizm marşrutu müəyyən olunub. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax; əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq Qarabağ, Bakı-Naxçıvan hesab edilir. Turizm zonalarının hər biri təbii gözəlliyi, zəngin bitki və heyvanat aləmi, təmiz havası, mineral bulaqları ilə turistlərin diqqətini çəkir. 
Bakı şəhərinin qədim abidələrlə zəngin olması, habelə burada ən müasir tələblərə cavab verən otellərin tikilib istifadəyə verilməsi turizmin inkişafı üçün yaxşı imkanlar açır. Hazırda Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri fəaliyyət göstərir. Son 16 ildə Bakıda 10-a yaxın beşulduzlu otel tikilib. Dünyanın “Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” və s. nüfuzlu hotellərinin Bakıda fəaliyyətə başlaması ölkəmizdə turizm üçün əlverişli imkanların yaradılması məqsədindən irəli gəlir. 
Hələ 2010-cu ildə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramının qəbul olunması, 2011-ci ilin ölkədə “Turizm ili” elan olunması da bu sahənin inkişafını sürətləndirib. 
Ümumiyyətlə, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın turizm potensialının əhəmiyyətli dərəcədə güclənməsinə şərait yaradıb. Davamlı və tarazlı inkişafda, büdcə gəlirlərinin formalaşmasında, vergi daxilolmalarının həcminin artımında mühüm rolu oynayan turizm sektorunda zəruri infrastrukturun formalaşdırılması son illər hökumət üçün prioritet məsələlərdən birinə çevrilib. Ölkəmizin sosial-iqtisadi inkişafının sürətlənməsi, beynəlxalq əlaqələrin genişlənməsi, habelə mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər turizm sahəsinin davamlı inkişafını təmin edir. 
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə qış-yay turizminin inkişafı məqsədi ilə 2009-cu ildə Qusar rayonundan 30 kilometr Şimalda, dəniz səviyyəsindən 2500 metr hündürlükdə «Şahdağ» Qış-Yay Turizm Kompeksinin tikintisi reallaşdırılıb. Qusarla yanaşı, hazırda Azərbaycanın əsas turizm marşrutlarından sayılan Qəbələdə də qış turizminin inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilib. Rayonun turizm potensialının möhkəmləndirilməsi məqsədilə «Tufandağ» yay-qış istirahət kompleksinin inşası reallaşdırılıb. Kompleks turistlər üçün ilin bütün fəsillərində ekskursiya və digər istirahət imkanlarını təmin etməklə yanaşı, onların qış idman növləri ilə məşğul olmalarına şərait yaradır. 
Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların və maliyyə qurumlarının hesabatlarında yüksək dəyərləndirilir. Dünya Turizm Təşkilatı (DTT) Azərbaycanda turizmin inkişafını yüksək dəyərləndirərək, xüsusən də elektron və asan viza sisteminə keçidi alqışlayıb. Yeni viza sisteminə keçid Azərbaycana turist axınını gücləndirməklə, bütövlükdə ölkəmizdə turistlər üçün daha sadə və əlverişli viza prosedurunun formalaşmasına imkan verib. 
Elektron viza sistemi sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına, habelə vaxta qənaət edilməsinə şərait yaradır. Yeni Miqrasiya Məcəlləsində də turist vizalarının elektron formada verilməsini nəzərdə tutan bir sıra maddələr əksini tapıb. Mühüm yeniliklərdən biri də turizm sahəsində elektron xidmətlərin təşkilidir. Bu məqsədlə yaradılmış yeni internet saytında  vətəndaşlara 15 növ elektron xidmət göstərilir. Hazırda əcnəbi turistlər elektron formada nüfuzlu hotellərdə nömrələr bron edə bilirlər və bu da mühüm irəliləyişlərdən sayılır. 
Azərbaycanın turizm potensialının təbliği məqsədilə son illərdə “Euronews” kanalında ölkəmizin turizm potensialını əks etdirən reklam çarxlarının nümayişi təmin edilib. Bununla yanaşı, telekanlaın “Postcards”, “Le Mag” və “Focus” proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışlar nümayiş olunub, habelə “Euronews.com” saytında müvafiq elektron banner kampaniyaları təşkil edilib. 
Ümumilikdə, Asiya, Afrika və Amerika qitələri də daxil olmaqla dünyanın 200-dək ölkəsində 1 milyard nəfərədək auditoriyaya malik olan “Euronews” və “CNN” kanalları ilə əməkdaşlıqda əsas məqsədi təkcə kanalların auditoriyasını Azərbaycana turist qismində cəlb etmək deyil. Bunda məqsəd həm də xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları ilə tanış etməkdir. 
Onu da xatırladaq ki, ölkəmizdə turizmin inkişafının sürətləndirilməsi məqsədilə ölkə başçısı «Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaradıb və onun idarə olunmasını təmin edib. 
Hökumət səviyyəsində keçirilən tədbirlər deməyə əsas verir ki, yaxın illərdə turizm sektoru Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən birinə çevriləcək. Ölkədəki iqtisadi inkişaf və müasirlik, tolerant mühit, xalqın multikultural dəyərlərə bağlılığı da bu hədəfin reallaşdırılması üçün geniş imkanlar açır. 

Samir Mustafayev

Sizin Reklam Yeriniz