Əlaqə Arxiv
news Image
2020.02.15
08:35
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlığın inkişafı qeyri-neft məhsulları ixracının artımını təmin edib

Qlobal böhran meyillərinə baxmayaraq, 2019-cu ildə Azərbaycanda xarici iqtisadi əlaqələrin, dövlətlərarası mal dövriyyəsinin genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun tərəqqisinə xidmət edən çevik idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi təmin edilib. Özəl sektorun inkişafı üçün yaradılan münbit şərait və ixracın stimullaşdırılmasına yönəlmiş kompleks tədbirlər respublikamızın xarici ticarət dövriyyəsinin həcminin genişlənməsinə səbəb olub.

Son illərdə sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynayır.

Ölkənin tədiyyə balansını tənzimləmək, habelə xarici valyuta axınını təmin etmək, idxaldan asılılığı maksimum dərəcədə azaltmaq üçün qarşıya qoyulmuş strateji məqsədlərdən biri də sahibkarlara ixrac üçün geniş imlarlar yaratmaq, bu prosesi stimullaşdırmaqdır. Xatırladaq ki, ölkə başçısının "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli sərəncamına əsasən bu sahədə qarşıya qoyulan vəzifələrdən biri "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqidir. Həmin il oktyabrın 5-də isə "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” təsdiq edilib. Sənədə əsasən, yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Sənəddə "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi mühüm istiqamətlərdən biri kimi yer alıb. Bu məqsədlə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirak etməsini təmin etmək, “Made in Azerbaijan” brendinin təşviqi üzrə isə dövlət mülkiyyətində olan hüquqi şəxslər vasitəsilə xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkili və xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliği üçün tədbirlər həyata keçirilir.

Ölkə başçısının 1 mart 2016-cı il tarixli «Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sənəd 2016-2020-ci illərdə Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədini önə çəkir. Fərmana əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilir. 2020-ci il dekabrın 31-dək qüvvədə olacaq fərmana görə, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Son 3 ildə sahibkarların ixrac fəaliyyətinin dəstəklənməsi məqsədi ilə ümumilikdə 60 milyon ABŞ dollarından çox ixrac təşviqi verilib.

2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 122 ölkəyə məhsul ixrac olunub, 185 ölkədən idxal olunub. Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19471,3 milyon dollar, idxalın dəyəri 13667,2 milyon dollar təşkil edib, nəticədə 5804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artıb, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalıb. Bu dövr ərzində ölkədən 1954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 10,5 faizi Çin, 9,0 faizi İsveçrə, 5,6 faizi ABŞ, 5,2 faizi Almaniya, 3,4 faizi Ukrayna, 3,3 faizi İran, 2,9 faizi Kanada, 2,7 faizi İtaliya, 2,2 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 21,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb 2019-cu ildə 2018-ci illə müqayisədə mühüm

məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 40,8 faiz, tütün 1,6 dəfə, meyvə və tərəvəz şirələri 31,8 faiz, çay 10,2 faiz, meyvə və tərəvəz konservləri 3,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 21,3 faiz, pambıq lifi 1,6 dəfə, emal olunmamış alüminium 32,9 faiz, polietilen 8,8 faiz, pambıq ipliyi 34,9 faiz, bentonit gili 19,1 faiz artıb, təzə tərəvəz ixracı isə 5,2 faiz, kartof 7,2 faiz, bitki yağları 24,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 19,1 faiz, qara metallardan yarımfabrikatlar – 37,6 faiz, qara metallardan borular 82,5 faiz azalıb.

İxracın artması həm də gömrük sahəsində keçirilən mütərəqqi islahatlarla bağlıdır. Ölkə başçısının «Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında» 3 mart 2014-cü il tarixli fərmanı isə bu sahədə ötən illərdən başlanmış islahatların davam etdirilməsini təmin edib. Fərmana əsasən, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsinə cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunur.

Reallaşdırılan ən mühüm yeniliklərdən biri də bəzi gömrük xidmətlərinin «ASAN Xidmət» mərkəzləri vasitəsilə həyata keçirilməsidir. Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi sahibkarların işini xeyli dərəcədə asanlaşdırır və neqativ halların qarşısını alır.

Ümumiyyətlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Hazırda Azərbaycanın iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqsədi ilə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunub.

Bütün bunlarla yanaşı, xarici ölkələrdə dövlətin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara alınıb.

Samir Mustafayev

Sizin Reklam Yeriniz