Əlaqə Arxiv
news Image
2020.02.18
08:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əlverişli biznes mühiti əsaslı kapital qoyuluşlarını stimullaşdırır

Şaxələndirilmiş iqtisadi modelin reallaşdırılması istiqamətində inamlı addımlar atan Azərbaycan hökuməti 2019-cü ildə karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atıb. 
Hökumət iqtisadiyyata əsaslı kapital qoyuluşu prosesində əcnəbi sahibkarlıq subyektlərinin də fəal iştirakını təmin etməyə çalışır, bu məqsədlə «açıq qapı» siyasəti həyata keçirilir. Ölkədə əcnəbi investorların hüquq və mənafelərinin qorunmasına, mülkiyyətininin toxunulmazlığına, yerli sahibkarlara bərabər iş şəraitinin yaradılmasına, əldə edilmiş mənfəətdən maneəsiz istifadəsinə imkan verən mükəməl qanunvericik sistemi mövcuddur. «İnvestisiya fəaliyyəti haqqında», «Xarici investisiyaların qorunması haqqında» qanunlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, hökumət ötən illərdə bir sıra ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Ölkədə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mövcud lisenziyalaşdırma sistemi köklü surətdə dəyişib. Bundan başqa, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi ölkədə investisiya mühitinin liberallaşdırılmasına xidmət edən addımlardan biridir.
Sahibkarların investisiya təminatının gücləndirilməsi məqsədilə hökumət tərəfindən son illərdə mühüm addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin hələ 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. 
Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakı məqsədlərə xidmət edir: investisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi; Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;  Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi; Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi; İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.
Sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət tərəfindən əməli işlər görülür. Hələ 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.
İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən bu istiqamətdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilib. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynayır. 
Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını və investisiya reytinqinin yüksəldiyini göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunub, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaradıb. 
2019-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17184,3 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 65,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 66,3 faizi məhsul istehsalı sahələrinə, 25,8 faizi xidmət sahələrinə, 7,9 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,8 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,0 faiz, büdcə vəsaitləri 28,3 faiz, bank kreditləri 12,0 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,2 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.
2019-cu ildə Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və DOST mərkəzlərinin inzibati binaları, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Pirşağı qəsəbəsində avtomobil tuneli, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Muğam Mərkəzi, Nizami kinoteatrının yeni binası, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında “Azərxalça” ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, Şamaxı rayonunda “Asan Həyat” kompleksi, bunlardan əlavə Bakı şəhərində 1920 şagird yerlik ümumi təhsil müəssisəsi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 2220 şagird yerlik 7 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi və 4 ambulatoriya-poliklinika müəssisəsi, Lənkəran şəhərində 432, Şəki şəhərində 624, Ağcabədi rayonunda 696, Lerik rayonunda 360, Cəlilabad rayonunda 180, İmişli rayonunda 756, İsmayıllı rayonunda 400, Quba rayonunda 180 şagird yerlik ümumi təhsil müəssisəsi, Goranboy, Qazax, Qobustan və Şəmkir rayonlarında 585 çarpayılıq xəstəxana, Abşeron rayonunda 140 yerlik məktəbəqədər təhsil müəssisəsi, Beyləqan rayonunda 150 şagird yerlik ümumi təhsil müəssisəsi və 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Daxili investisiyaların yüksək artım tempi, ilk növbədə, respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən, cəmiyyət həyatının ən bütün sahələrində modernləşməyə nail olmaq, iqtisadi potensialın səmərəli realizəsinə etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli gəlir. Cəmiyyətin gələcəkdə əldə edəcəyi böyük faydalar nəzərə alınaraq, müəyyən məqamlarda böyük maliyyə hesabına başa gələn infrastruktur layihələri də gerçəkləşdirilir. 
Ölkə iqtisadiyyatına umumi investisiya qoyuluşunda daxili investisiyaların xüsusi çəkisinin ilbəil artması həm də ölkənin öz milli iqtisadiyyatını daxili resursları hesabına maliyyələşdirmək imkanında olduğunu, digər tərəfdən onun xarici amillərdən asılılığının azaldığını təsdiq edir. Qeyri-dövlət bölməsinin inkişafı sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində əsas kapitala investisiya qoyuluşlarında özəl sektorun rolu da artır. 2020-ci ildə ölkədə əsas kapitala investisiya qoyuluşlarında qeyri-dövlət bölməsinin payının daha da artacağı gözlənilir. 
Kiçik və orta sahibkarlıq subyektlərinin kreditlərə çıxış imkanlarının genişləndirilməsi, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, fiziki və hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi və digər tədbirlər də əsaslı kapital qoyuluşlarının həcminə müsbət təsir göstərir. 

 

Sizin Reklam Yeriniz