Əlaqə Arxiv
news Image
2020.02.22
08:35
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İş yerlərinin rəsmiləşdirilməsi tədbirləri davam etdirilir

Azərbaycan hökumətinin son illər regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, uzun illər özünü ciddi sosial problem kimi göstərmiş işsizliyin aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun səviyyəsinin yüksəldilməsi məqsədindən irəli gəlir. Respublikamızda obyektiv səbəblərlə bağlı belə bir problemin olması hökuməti bazar iqtisadiyyatı şəraitində yeni iş yerlərinin stimullaşdırılması habelə sahibkarlıın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirməyə sövq edib. 
2003-cü ilədək ölkədə işsizlik probleminin özünü qabarıq biruzə verməsi həm də yoxsulluğun yüksək səviyyəsi ilə müşayiət olunur, dövlət vətəndaşların sosial mənafelərini təmin edə bilmirdi. Məhz bu səbəbdən də ötən 16 ildə regional inkişafla bərabər, yeni iş yerlərinin açılması prosesi də hökumətin xüsusi diqqət yetirdiyi məsələlərdən biri olmuşdur. 2003-cü ildən bölgələrdə işsizliyin xeyli dərəcədə azalması, ilk növbədə, regional inkişaf və sahibkarlığın dəstəklənməsi istiqamətindəki tədbirlərin uğurlu nəticəsi kimi özünü göstərir. 
Təcrübə göstərir ki, məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasıdır. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər mühüm nəticələr verib. Məsələn, 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramı əmək ehtiyatlarından daha dolğun istifadəyə, əhalinin səmərəli məşğulluğunun təminatına imkan verib. Bu məqsədə nail olmaq üçün proqram çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması; məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması; əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirilməsi; kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 
2014-2018-ci illəri əhatə edən yeni regional inkişaf proqramında da məşğulluqla bağlı bir sıra yeni hədəflər öz əksini tapmışdı. Ötən illərdə dövlətin məşğulluq siyasəti əhalinin məşğulluğunun inkişafına təsir edən investisiya mühitinin yaradılması, vergi, gömrük, təhsil və digər sahələrlə bağlı siyasətin təkmilləşdirilməsi və yeni iş yerlərinin açılmasını stimullaşdıran institusional mühitin formalaşmasına yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarət olub. Bu məqsədlə regional iqtisadi əlaqələrin genişləndirilməsi; ədalətli rəqabət mühitinin formalaşdırılması və inkişafı; əmək qanunvericiliyinə riayət olunmasına nəzarətin təmin edilməsi; neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan kapitalının inkişafına istiqamətləndirilməsi; elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların tətbiqi; təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlığı təmin edən şəraitin yaradılması; kənd yerlərində sosial və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin miqrasiya səviyyəsinin azaldılması; qadınların və gənclərin məşğulluğunun səviyyəsinin artırılması kimi mühüm vəzifələr icra edilib. 
Prezident İlham Əliyev yüksək demoqrafik artım şəraitində məşğulluqun təmini üçün yeni konsepsiyanın hazırlanması vacibliyini diqqətə çəkir: "...Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır". 
Məşğulluq strategiyasının reallaşdırılması çərçivəsində paxtaxt Bakıda və regionlarda əmək bazarına nəzarətin gücləndirilməsi, qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri də mühüm yer tutur. Ölkə başçısının 2014-cü il 3 fevral tarixli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunun tətbiqi barədə fərmanı Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə, əmək bazarına nəzarətin gücləndirilməsi və işçilərin əmək hüquqlarının etibarlı təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. 
Fərmanla əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı qaydalar təsdiqlənib. Fərmanla Əmək Məcəlləsinə edilmiş əsas dəyişikliklərdən biri də əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilməsidir. Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minib. Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə bir iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilir. Yeni sistem 2014-cü il iyulun 1-dən tətbiq edilib və uğurlu nəticələr verir. 
Əmək Məcəlləsinə edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısını almağa, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud problemləri aradan qaldırmağa yönəldilib. Bütün işəgötürənlər, eləcə də işçilər imzaladıqları müqavilələr barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə edə bilirlər. Bununla da hər iki tərəf əmək müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə cavabdeh olur. Əmək müqaviləsi bildirişləri işçilər üçün əmək hüquqlarının qorunmasına təminat verir, onlara işəgötürəndən öz hüquqlarının icrasını tələb etmək imkanı yaradır. Bu sənəd işəgötürənin də əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunması üçün əlavə təminat formasıdır: işəgötürən tərəf işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış konkret şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilir.
Bununla bərabər, son illər əmək qanunvericiliyinə nəzarət üzrə inzibati tədbirlər sərtləşdirilib. Bu tədbirlər və vətəndaşların müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunaraq müvafiq cərimələr tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə edilmiş dəyişikliyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə işçilərlə əmək müqaviləsi bağlamadan onları işə cəlb edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Samir Mustafayev 

Sizin Reklam Yeriniz