news Image
2020.02.26
08:37
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub

Rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməklə daxili bazarı qorumaq, ekoloji təmiz məhsullarla xarici bazarlara çıxış imkanları əldə etmək, kənd yerlərinin tarazlaşdırılmış inkişafına nail olmaq bu sahədə yürüdülən siyasətin əsas hədəfləridir. Bu hədəflərə çatmaq məqsədilə islahatların davam etdirilməsi respublikanın uzunmüddətli inkişafının strateji istiqamətlərini özündə ehtiva edən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında da dolğun əksini tapıb. 
Sənəddə qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr kimi kənd təsərrüfatı məhsullarının emalına xüsusi diqqət yetirilməsi; mövcud aqroemal müəssisələrinin müasir texnologiyaların tətbiqi nəticəsində istehsal güclərinin artırılması və yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi; aqrar sektora kreditlərin verilməsi mexanizmlərinin sadələşdirilməsi; özəl aqroservis xidmətləri şəbəkəsinin genişləndirilməsi; kənd təsərrüfatının sığortalanması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulub. 
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" adlı sənəd də təsərrüfatının inkişafını prioritet məsələ kimi önə çəkir. Bu, kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunmasının və onun rəqabətqabliyyətli sektora çevrilməsinin strateji hədəf olduğundan xəbər verir. Həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlılığı ilə seçilir. 2003-2018-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, aqrar islahatların hazırki mərhələsi həm də yüksək əlavə dəyər yaradılan ənənəvi sahələrin inkişafı baxımından tarixi dönüş dövrü kimi xarakterizə oluna bilər. Pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq, çayçılıq, üzümçülük və sitrus meyvəçiliyi ilə bağlı qəbul olunmuş sahəvi dövlət proqramları çərçivəsində bu sahələrin inkişafı üzrə tədbirlər ardıcıl və sistemli şəkildə həyata keçirilib. Nəticədə yüksək əlavə dəyər və kənd yerlərində geniş məşğulluq imkanı yaradılan sənaye təyinatlı və ixracyönümlü bu sahələrdə əhəmiyyətli inkişaf dinamikası əldə olunub. 
Pambıqçılıqda həyata keçirilən məqsədyönlü tədbirlər məhsuldarlığın artırılmasını və son nəticədə bu sahənin ənənəvi nüfuz və şöhrətinin qaytarılmasını təmin edir. Kənd təsərrüfatı məhsulları üzrə emal sənayesinin gücləndirilməsi istiqamətində görülən tədbirlər çərçivəsində Ucar rayonunda pambıq emalı, pambıq yağı və lifsiz pambıq toxumu istehsalı zavodları inşa edilir. Bu isə ölkədə sahənin inkişafına mühüm töhfə olmaqla bərabər, lifsiz pambıq toxumuna tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artımı  onların ixracında da yüksək dinamikanı təmin edib. Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb. Ölkədə uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb, biznes fəallığı xeyli yüksəlib. Bunlar özünü aqrar sektorda muzdla çalışan işçilərin sayının və investisiya qoyuluşunun həcminin artmasında da büruzə verib.
Yerli istehsal üzrə potensialın güclənməsi və rəqabətqabililiyyətliliyin yüksəlməsi hesabına ölkədə ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə artıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35 faiz olduğu halda, hazırda 90 faizə yaxındır. 
Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında sosial-iqtisadi məsələlərə həsr olunmuş müşavirədə deyib: "...Qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".
2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 900,3 mln. manat təşkil edib və bunun 3350,8 mln. manatı heyvandarlıq, 3549,5 mln. manatı bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,2 faizi o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faizi, bitkiçilik məhsulları üzrə isə 11, faiz artıb. Noyabr ayının 1-dək dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,9 faizi, yaxud 1 038,9 min hektarı biçilib və həmin sahələrdən 3249,4 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox məhsul götürülüb.
Ümumiyyətlə, son illər regionlarda aqrar sektorun inkişafının stimullaşdırılmasına xidmət edən tədbirlər intensivləşib. Ölkə başçısının qanunvericilik təşəbbüsü əsasında kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq olunan vergi güzəştlərinin müddətinin 2014-cü il yanvarın 1-dən daha beş il müddətində uzadılması əhəmiyyətli qərarlardan olub. Ümumiyyətlə isə, 2001-ci il yanvar ayının 1-dən qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Ölkə başçısının 2014-cü il 16 yanvar tarixli «Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamında isə kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsinin, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasının, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunmasının zəruriliyi bir daha önə çəkilib. Sənəddə məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində mövcud maneələrin aradan qaldırılması, ərzaq bazarında süni qiymət artımının qarşısının alınması, məhsulların qəbulu və saxlanması üçün ixtisaslaşdırılmış terminalların və anbarların yaradılması, müvafiq nəqliyyat infrastrukturunun təşkili, xüsusi ərzaq mağazaları şəbəkəsinin genişləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib. mumilikdə, son illər ölkədə uğurla reallaşdırılan dövlət dəstəyi tədbirləri kənd təsərrüfatı məhsulları istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub. 
Son illərdə ölkədə aqrar-sənaye komplekslərinin yaradılması istiqamətində də tədbirlər həyata keçirilib. Xüsusən də regionlarda aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə potensial imkanlardan daha səmərəli istifadə edilməsi, yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalı məsələləri xüsusi diqqət mərkəzindədir. "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamda göstərildiyi kimi, kənd təsərrüfatında yüksək məhsuldarlığın təmini, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili, ərzaq təhlükəsizliyinə nail olunması hazırda aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Sərəncamla kənd təsərrüfatı məhsulları ixracının artırılması, istehsalçı və istehlakçıların maraqlarının qorunması, ərzaq bazasının səmərəli fəaliyyətinin təmini məqsədi ilə əlavə tədbirlər müəyyənləşdirilib. 
Bunlardan əlavə, bölgələrdə müasir texnologiyalar əsasında anbar komplekslərinin yaradılması kənd təsərrüfatının intensiv inkişafı, mövsümi qiymətlərin tənzimlənməsi, məhsul itkisinin qarşısının alınması, daxili bazarın qorunması və ixrac potensialının artırılması üçün həyata keçirilən ardıcıl tədbirlər davam etdirilir. Bu sahədə beynəlxalq təcrübə, xarici ölkələrin iri fermer təsərrüfatları ilə qarşılıqlı əməkdaşlıq, eləcə də modelləşdirmə seqmentləri nəzərə alınır, Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinə, Dünya Bankının tövsiyələrinə istinad olunur. 

Samir Mustafayev