Əlaqə Arxiv
news Image
2020.03.04
08:29
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İqtisadi siyasətdə sosial problemlərin həlli prioritetdir

Təcrübə göstərir ki, hansısa dövlətdə sınaqdan uğurla çıxmış, müsbət nəticələri təsdiqlənmiş inkişaf modelinin adekvat olaraq digər dövlətin iqtisadi sistemə transformasiyası heç də özünü doğrultmur. Hər bir ölkənin ümumi potensialı - coğrafi-geosiyasi mövqeyi, təbii ehtiyatları, məhsuldar qüvvələrinin inkişaf səviyyəsi, intellektual və insan resursları, mental xüsusiyyətləri mütləq nəzərə alınır, bütün bunların əsasında isə milli inkişaf modeli formalaşır.
Bu reallıqlara nəzərən son illər Azərbaycanın özünəməxsus milli inkişaf modelinin formalaşması ilə bağlı müzakirələr tamamilə obyektiv təsir bağışlayır. Bu inkişaf modeli elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur. Milli inkişaf modelini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsi, ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin təşkilidir. 
Milli inkişaf modelini səciyyələndirən xüsusiyyətlər sırasında isə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda dayanması xüsusi önə çəkilir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili dayanır. Odur ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi davamlı sosial islahatlar həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Başqa sözlə, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı minimum səviyyədə ödənilməsinə xidmət edir. 
Azərbaycanda son illərdə formalaşmış sosialyönümlü inkişaf modelinin unikallığı ondan ibarətdir ki, respublikada yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Eyni zamanda, müəyyən zərurət qarşısında həyata keçirilən sərt islahatlar dərhal sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Eyni zamanda, dövlət vətəndaşların sosial mənafeyini nəzərə alaraq bəzən böyük maliyyə maliyyə tələb edən tələb investisiya layihələrini maliyyələşdirir.  
Xatırlatmaq lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra - bir ictimai-iqtisadi formasiyadan digərinə keçid prosesi ilə əlaqədar bazar iqtisadiyyatının hansı modelindən istifadə edilməsi nəzəri və praktiki baxımdan son dərəcə aktual məsələ kimi gündəliyə çıxmışdı. Milli inkişaf strategiyasının nəzəri-praktik əsaslarını formalaşdırılması və praktik şəkildə tətbiqi isə yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.
Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi diqqət cəlb edirdi. Bunlardan birincisi, sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi, onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Dövlətin sosial siyasətinin konturlarını və vəzifələrini özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin 1-ci bəndində göstərilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır".
Azərbaycan iqtisadiyyatının inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət son 16 ildə həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Bu müddətdə imzalanmış sərəncam və fərmanlarda, dövlət proqramlarında çoxlu sayda yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun, qaçqın düşərgələrinin tamamilə ləğvi kimi vəzifələr daim ön planda olub. 
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyanın 15-ci maddənin II hissəsinə edilmiş əlavəyə görə "Azərbaycan dövləti bazar münasibətləri əsasında "sosial yönümlü" iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir". Bu əlavə son illərdə Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi sosial yönümlü iqtisadi siyasət strategiyasına konstitusiya təminatı yaradıb.
Ümumilikdə, ölkə vətəndaşlarına dövlət qayğısının artırılması və onların sosial müdafiəsini gücləndirilməsi məqsədilə son 15 ildə 50-dək fərman və sərəncam imzalanıb. Buna misal olaraq "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", Azərbaycan Respublikası regionlarının (2009-2013, 2013-2018 və 2019-2023-cü illər) sosial-iqtisadi inkişafı dövlət proqramlarını, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri göstərmək olar. 
Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli məqsədilə 2008-ci ilin sentyabrın 15-də "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilib. Aparılan uğurlu islahatların nəticəsi olaraq yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44 faizdən 2019-cu ildə 4,9 faizə düşüb. 
Cəmiyyətdə sosial ədalət meyarının bərqərar olmasına xidmət edən milli inkişaf modelinin gələcək prioritetləri ölkə başçısının 6 dekabr 2016-cı il tarixdə təsdiqlədiyi Strateji Yol Xəritəsində dolğun əksini tapıb. Sənəddə 2025-ci ilədək iqtisadi inkişaf, sosial rifah və işsizliyin ləğvi ilə bağlı nəzərdə tutulan tədbirlər və proqnozlaşdırılan nəticələr xüsusilə maraq doğurur. Qeyd olunur ki, qarşıdakı illərdə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaq. Dünya Bankının təsnifatına əsasən, Azərbaycan 2025-ci ildən "yüksəkgəlirli ölkə" statusu qazanaraq adambaşına düşən gəlir səviyyəsinə görə Şərqi Avropa ölkələrinin səviyyələrinə yaxınlaşacaq. Sənəddə həmçinin qeyd olunur ki, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək.  
Təkcə 2019-cu ildə həyata keçirilmiş inqilabi sosial islahatlar paketi Azərbaycanda sosialyönümlü bazar iqtisadiyyatının formalaşdığını tam təsdiqləyir. Ötən il Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilib, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılıb, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılıb, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilib. 
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılıb. Dövlət başçısının 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlar sosialyönümlü islahatların davamlı səciyyə daşıdığını bir daha təsdiqləyib. Bu baxımdan minimum əməkhaqqının məbləğinin il ərzində ikinci dəfə 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması xüsusi vurğulanmalıdır. 
Bütün bunlar təsdiqləyir ki, Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin əsasını yüksək maddi rifah, insan ləyaqətinin müdafiəsi, ədalətin təmini, fərdlərin maddi statusunda kəskin fərqlilyə yol verməmək kimi ümdə məqsədlər təşkil edir. Ölkəmizdə əhali gəlirlərinin dinamik artımı həm də hökuməti qarşıya qoyduğu daha bir mühüm hədəfə yaxınlaşdırmaqla, həyat keyfiyyətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırmağa imkan verir. 


Samir Mustafaye

Sizin Reklam Yeriniz