news Image
2020.03.07
08:35
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Turizmin inkişafı üçün yol xəritəsi

İqtisadi fəallığın təminatında, sahibkarlığın inkişafında və qeyri-neft sektorundan büdcə daxilolmalarının artımında əsaslı rol oynayan turizm sektorunun inkişafı son illər Azərbaycanda həyata keçirilən islahatların əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi" də məhz bu sahənin inkişafına təkan verəcək fundamental əhəmiyyətli sənəd olaraq yeni vəzifə və hədəfləri müəyyən edir. 
Son illər respublikada turizm sektorunun inkişafı istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu sektorun davamlı inkişafına səbəb olub. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il, 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Bu siyasətin davamı olaraq Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 aprel tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir: "Azərbaycan Respublikasında turizm sektorunun daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından daha səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 1320 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci il “Turizm ili” elan edilmişdir". 
Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması bu sahənin qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsini, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsini, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasını, yeni turizm marşrutlarının yaradılmasını, habelə rəqabətədavamlı qiymət təklifinin təmin edilməsini zəruri edir. Bu məqsədlə "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli Sərəncamında müvafiq dövlət qurumlarına bir sıra tapşırıqlar verilib.
Azərbaycan, Şərqlə Qərbin qovuşmasında yerləşən müasir infrastrukturu və qədim zəngin tarixi abidələri olan paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə və milli parklara malik regionları ilə məşhurdur. Ancaq təsadüfi deyildir ki, Bakı şəhəri Azərbaycanın qlobal turizm sektorundakı payının böyük bir hissəsinə sahibdir. Turizm üzrə məşhur internet portallarının məlumatına görə, ölkəyə gələn xarici turistlərin üstünlük verdikləri turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir. Digər hissə isə gələcəkdə artımdan xəbər verən regional turizmin payına düşür: "Son təhlillərin nəticəsi göstərir ki, Azərbaycanın turizm sektoru bütövlükdə yüksəliş dövrünü yaşayır. 2010-2015-ci illər ərzində Azərbaycanda turizm müəssisələrinin sayında ortalama ildə 4,5 faiz, turizm sahəsində məşğulluq səviyyəsində ildə 6 faiz, turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında isə 8,5 faiz artım müşahidə edilmişdir. Dünya Səyahət və Turizm Şurasının məlumatlarına əsasən, Azərbaycanda turizm sektoru birbaşa ÜDM-in 2,8 faizini, məşğulluğun isə 2,6 faizini təşkil edir ki, bu da dünyada orta hesabla 3 faiz birbaşa ÜDM və 3,6 faiz birbaşa məşğulluq göstəricilərindən cüzi fərqlənir. Bu isə gələcək inkişaf potensialından xəbər verir. Qeyd olunanları nəzərə alaraq, turizm üzrə uğurlu layihələrin həyata keçirilməsi istiqamətində müvafiq infrastrukturun yaradılması, regionlarda yerli əhalinin gəlirlərinin artırılması ilə bağlı maarifləndirmə işlərinin aparılması, müxtəlif çeşidli turizm marşrutlarının hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir".
Ümumilikdə, ixtisaslaşmış turizmin milli iqtisadiyyatın inkişaf strategiyasında prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi bu sahədə görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, ölkəmizi cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaratmaq məqsədi güdür. Bu, eyni zamanda qarşılıqlı əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq. Strateji Yol Xəritəsi nəzərdə tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının dəstəkləməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir: "Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz ortaillik sabit artım müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi olmuşdur". 
Qonşu ölkələrdən daha çox turist cəlb etmək və qlobal miqyasda daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilmək Azərbaycanın hər iki sahə üzrə üstünlüyünü daha da artıra bilər. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd olunan məqsədlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri üzrə fiziki və sosial infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu təbliği mühüm əhəmiyyət kəsb edir. Birbaşa xarici investisiyaların dəstəyi ilə turizm sektorunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri bu artımın əsas təkanverici qüvvəsi olacaq. İnkişaf prosesləri ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanaraq, Azərbaycanda kəndlərin və bütövlükdə regionların inkişafının mühüm komponentinə çevriləcək. 
Sənədə əsasən, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcək. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği və turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur. 
İkinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. 
Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış və ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcək. Dördüncü hədəf turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir. 

Samir Mustafayev