news Image
2013.07.06
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Qazaxın tərəqqisi yeni vüsət alır

Müasir Azərbaycanın inkişaf dinamikası ölkənin tərəqqi templərinin bundan sonra da yüksək dinamizmlə davam edəcəyini göstərir. Araşdırmalar göstərir ki, iqtisadiyyatının inkişafı böyük nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunan, bu sahədə davamlı tərəqqi qazanmağı bacaran dövlətlər qazandıqları uğurları şərtləndirən ən vacib elementlərdən biri də dövrün tələblərinə uyğun islahatların aparılmasıdır.

İqtisadi texnologiyanın durmadan yenilənməsi, dünya iqtisadiyyatının indi daha böyük sürətlə qloballaşması, dövlətlərarası münasibətlərin daha geniş spektrləri əhatə etməsi fonunda belə islahatların aparılması əslində zəruri şərt kimi çıxış edir. Təqdirəlayiq haldır ki, Azərbaycanda daim dövrün tələblərinə uyğun islahatlar həyata keçirilir və bu, inkişaf prosesini daha sürətli hala gətirir. Bunu regionların timsalında da görmək olar. Konkret nümunə kimi Qazax rayonunun inkişa dinamikası da qeyd edilənlərin təsdiqi kimi çıxış edir.

Məlumat üçün qeyd edək ki, Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Ərazisi - 701 kvadratkilometrdir. Təxminən 90 min insanın yaşadığı rayon 1 şəhər və 34 kənd, qəsəbədən ibarətdir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı və heyvandarlıq təşkil edir. Əhali əsasən taxılçılıq, üzümçülük və bostan-tərəvəzçiliyi ilə məşğul olur. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.

Digər bölgələrdə olduğu kimi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, bu rayon üzrə də ən müxtəlif sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulub. Həmin sahələr sırasında sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat, rabitə xidmətlərinin yaxşılaşdırılması, elektrik enerjisi, istilik və qaz təchizatı, su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidən qurulması, əhalinin təhlükəsizliyi, tədbirlərini qeyd etmək olar. Bununla yanaşı, Dövlət Proqramına əsasən, rayon üzrə aşağıdakı tədbirlər həyata keçirilib və keçirilməkdədir: Taxılçılıq, üzümçülük, heyvandarlıq və meyvə-tərəvəz məhsullarının istehsalının və emalının genişləndirilməsinin dəstəklənməsi. Rayonda tikinti materialları yataqlarının axtarışı və kəşfiyyatı işlərinin aparılması. Rayon mərkəzi ilə kəndləri birləşdirən və kəndlərarası avtomobil yollarının asfaltlaşdırılması. Şəhərdaxili yolların asfaltlaşdırılması, rayonun yaşayış məntəqələrində yolların işıqlandırılması. İstehlakçıların etibarlı elektrik təchizatı üçün rayonun elektrik şəbəkəsində yenidənqurma işlərinin aparılması, hava elektrik verilişi xətlərinin özünüdaşıyan izoliyasiyalı naqillərlə əvəz olunması. Qazax şəhərində səhiyyə və təhsil müəssisələrinin istilik təchizatı sisteminin bərpası. Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, bərpası və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması. Qazax şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması. Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması. Rayonun əkin sahələrinin su təminatının yaxşılaşdırılması. Rayonun qaçqın və məcburi köçkünlər yaşayan məntəqələrinin Ağstafaçay çayının sel sularından mühafizəsi tədbirlərinin davam etdirilməsi. Xram və Kür çaylarının Qazax rayonunun kəndləri ərazisindəki hissələrində sahilbərkitmə işlərinin davam etdirilməsi. Hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi.

Sadalanan sahələr üzrə uğurlu nəticələrin əldə olunmasını cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da təsdiq edir. 2013-cü ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 4 milyon 952 min 800 manat, ümumi məhsul buraxılışının həcmi 24 milyon 250 min manat olub. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2013-cü ilin birinci rübündə də uğurla davam etdirilib. Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıqlardan cəmi 270 hektar, o cümlədən 180 hektar yonca, 45 hektar kartof, 15 hektar günəbaxan və 30 hektar vələmir əkilib. Taxılçılığın inkişafına dövlət dəstəyi qazaxlı fermerlərin bu sahəyə marağını daha da artırıb. Torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün əkilmiş 6365 hektar sahəyə aqrotexniki qulluq göstərirlər. Taxıl əkilən sahələr ötən ilkindən 467 hektar çoxdur. Zəmilərin mövcud vəziyyəti sahibkarların bu il 15 min tondan çox taxıl istehsal edəcəklərini proqnozlaşdırmağa imkan yaradır. Qeyd edək ki, ötən il rayonun taxılçıları 15 min 43 ton taxıl istehsal etmişdilər.

Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da səhiyyə müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni səhiyyə ocaqları üçün binalar tikilərək istifadəyə verilir.Artıq Bala Cəfərli, Quşçu Ayrım kəndlərində yeni tibb məntəqələri yaradılıb, Fərəhli, Abbasbəyli, Məzəm, Aşağı Salahlı kəndlərində tibb məntəqələri üçün yeni binaların tikintisi nəzərdə tutulub. Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Böyük Cəfərli kəndində yeni tibb məntəqəsi isə bu ilin may ayında istifadəyə verilib. Bina 6 otaqdan ibarət olmaqla müasir tibbi avadanlıq və inventarlarla təmin olunub. Qazax Müalicə-Diaqnostika Mərkəzi isə qonşu rayonların əhalisinə də xidmət göstərir.

Qazax rayonunda yeni məktəblər tikilir, hazırda fəaliyyət göstərən bəzi təhsil ocaqları əsaslı təmir olunur. Qazax şəhərində "Şəhidlərin abidə kompleksi" sökülərək yerində tamamilə yeni üslubda abidə ucaldılıb. Abidənin ətrafında abadlıq işləri aparılıb. Şəhərin qərbdən giriş hissəsində 1.460 kvadratmetr sahəsi olan Dövlət Bayrağı Meydanı tikilib, 51 metrlik qüllə ucaldılıb, meydanda 6,8 metr hündürlükdə qala divarı və 5,2 metr hündürlükdə bürclər inşa edilib.

640 şagird yerlik Çaylı kənd 2 saylı, 640 şagird yerlik Daş Salahlı kənd 2 saylı, 220 şagird yerlik Ürkməzli kənd və 180 şagird yerlik Xanlıqlar kənd tam orta məktəblər üçün yeni binaların tikintisi uğurla davam etdirilir. Bununla yanaşı, Kəmərli kəndindəki Xanbağı tam orta məktəbi əsaslı təmir olunur. "Azəriqaz" İstehsalat Birliyi respublikanın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması işlərini davam etdirir. Gəncə-Qazax iqtisadi rayonunda cari ilin əvvəlindən etibarən həyata keçirilən tədbirlər bu baxımdan Cari ilin əvvəlindən başlayaraq, Qazax rayonunun Qazaxbəyli kəndindəki Avtomatik Qazpaylayıcı Stansiyanda yeni tənzimləyici qovşaq tikilmiş, Qazax şəhərinin N. Nərimanov küçəsində yeni salınmış yaşayış massivinin, Yuxarı Salahlı, Kosalar, I Şıxlı, II Şıxlı, Daş Salahlı kəndlərinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 215,7 kilometr olan müxtəlif diametrli qaz xətləri çəkilib.

Qazaxda "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı uğurla həyata keçirilir və rayonda davamlı surətdə yeni iş yerləri yaradılır. Görülən tədbirlər nəticəsində cari ilin ötən dövrü ərzində 8 yeni müəssisə yaradılmış və 304-ü daimi olmaqla 324 yeni iş yeri açılıb. Yeni sement zavodunun açılış isə burada əlavə iş yerlərinin yarnamsına səbəb olacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir. Bu səbəbdən inşaat materiallarına, xüsusilə sementə olan tələbat durmadan artır. Hazırda respublikamızda sement istehsalı bu məhsula olan tələbatı ödəmir. Bunu nəzərə alaraq dövlətimizin başçısının tapşırığı əsasında 2007-ci ildən Qazax rayonu ərazisində yeni sement zavodunun layihələndirmə işləri aparılıb, 2010-cu ilin martından isə tikintisinə başlanılıb. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda iyulun 5-də yeni istehsal xəttinin açılışı olub. Zavod tam işə düşdükdən sonra, gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq. Qazax sement zavodu istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30 faiz azalacaq.

Qazaxda yeni konserv zavodunun istifadəyə verilməsi rayonda bağçılığın inkişafına təkan verib. Yerli fermerlər və sahibkarlar cari ildə 100 hektar sahədə yeni meyvə bağı salıb. Bununla da rayonda meyvə bağlarının ümumi sahəsi 1176 hektara çatdırılıb. Bundan başqa cari ildə Qazax rayonunda 75 fərdi ev tikilərək istifadəyə verilib. Tikilən evlərin 40-ı kənddə, 35-i isə şəhərdədir. Evlərinin ümumi sahəsi 12536 kvadrat metr, yaşayış sahəsi isə 4056 kvadrat metrdir. İstifadəyə verilmiş evlərin maliyyə dəyəri 940,2 min manatdır.

İyunun 28-də - Azərbaycan Polisinin peşə bayramı ərəfəsində Qazax Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışına həsr olunmuş mərasim keçirilib. İnşasına ötən ilin martında başlanmış dördmərtəbəli inzibati binanın ümumi sahəsi 2400, müvəqqəti saxlama yeri və digər yardımçı tikililərlə bərabər isə 3,3 min kvadratmetrdir. Ən müasir standartlara uyğun olan binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Növbətçi hissə, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib, həyətdə su hovuzu tikilib. Yeni tikilidə 47 xidməti otaq, 100 yerlik akt zalı var. Binada havalandırma, mərkəzi istilik sistemi, qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılıb. Ərazi hasarlanıb, abadlıq, yaşıllaşdırma və işıqlandırma işləri yerinə yetirilib. Rayonda digər sahələr üzrə də dinamik tərəqqi qeydə alınır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.