Əlaqə Arxiv
news Image
2020.04.16
08:52
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarlığın inkişafına dövlət dəstəyi sistemli xarakter alıb

Son illər sahibkarlığın inkişafına hərtərəfli dövlət yardımının göstərilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olaraq qalır. Ötən 16 ildə bu sahədə qəbul olunmuş dövlət proqramları çərçivəsində ölkə iqtisadiyyatının tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi təkmilləşdirilib. Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, sahibkarlara zəruri texniki yardımlar – məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar formalaşıb.
Sahibkarlıq fəaliyyətinə yüksək diqqət və qayğı qayğı sayəsində bu sektorda mühüm inkişaf müşahidə olunub. Təsərrüfat subyektlərinin fəaliyyətinə nəzarətedici və yoxlayıcı orqanlar tərəfindən əsassız müdaxilənin aradan qaldırılması, lisenziyalaşdırılan fəaliyyət növlərinin azalması, iqtisadiyyatın liberallaşmasının dərinləşməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. 
Özəl sektora dövlət dəstəyinin gücləndirilməsi məsələləri hələ Azərbaycan Respublikası Prezidentinin 2003-cü il noyabrın 24-də imzaladığı «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanda əksini tapmışdı. Fərmanda sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması vacibliyi vurğulanırdı. 
Həyata keçirilən ardıcıl islahatlar nəticəsində sahibkarlara dövlət maliyyə köməyi sistemi inkişaf etdirilib, investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilib. 2002-ci ildə yaradılmış Sahibkarlığa Milli Kömək Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondu adlanır) vəsaitlərinin səmərəli istifadə edilməsi məqsədilə müvəkkil bankların seçilməsi ilə bağlı müsabiqə komissiyasının əsasnaməsi hazırlanaraq dövlət qeydiyyatına alınıb. İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin və Milli Bankın nümayəndələrindən ibarət müsabiqə komissiyası tərəfindən müvəkkil banklar seçilib. 
Sahibkarlığın İnkişafı Fondunun məqsədi Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi verməkdən ibarətdir. Fondun vəzifələri sırasına Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər görmək; sahibkarlığın inkişafına kömək məqsədi ilə maliyyə ehtiyatlarının cəlb olunması və səmərəli istifadəsi əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə kömək etmək; sahibkarlığın inkişafına yönəldilmiş proqramları maliyyələşdirmək; iqtisadiyyatın öncül inkişaf istiqamətləri ilə bağlı investisiya layihələrinin və proqramlarının həyata keçirilməsinə maliyyə köməyi göstərmək; sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahə və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək kimi mühüm məsələlər daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev hələ 1 fevral 2004-cü il tarixdə Bakı Biznes Mərkəzində yerli sahibkarlarla keçirdiyi görüşdə bu sahədə mövcud problemlərin həlli ilə bağlı konkret tapşırıqlar verib, sonrakı mərhələdə bu məqsədlə imzaladığı bütün fərman və sərəncamların icrasını daim diqqət mərkəzində saxlayıb. Bu tarixi görüşdən cəmi bir neçə gün sonra 11 fevral 2004-cü ildə imzalanaraq qüvvəyə minmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»nın icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi olub. 
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2007-ci il tarixdə imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərmanla təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını vergi xidməti orqanları həyata keçirir. Bu sistemin tətbiqindən sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artıb, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. 2008-ci ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu «Doing Business» hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində «İslahatçı ölkə» elan edilib. 
Son illərdə Azərbaycan Respublikası Prezidentinin "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması iş adamlarına dövlət dəstəyi mexanizmlərini daha da gücləndirib.  
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət–biznes) elektron reyestrinin yaradılması da reallaşdırılıb. Fərmanla Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi, habelə "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu", habelə "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı" təsdiq edilib.
Fərmanla müəyyən edilib ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.
Xatırladaq ki, belə bir dövlət qurumunun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdı. Ümumilikdə, sözügedən sənədə görə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilib. 

S.Elmanoğlu

Sizin Reklam Yeriniz