news Image
2013.07.11
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Regionlarda ərzaq məhsullarının istehsal həcmi artan xətt üzrə inkişaf edir

Müasir dönəmdə dünya dövlətləri üçün aktuallığını qoruyan əsas məsələlərdən biri ərzaq təhlükəsizliyinin etibarlı təmininə nail olmaqdır. Bu xüsusda böyük nailiyyətlərə gətirib çıxaran və qeyd olunan səpkidə uğurlu siyasət yürüdən ölkələrdən biri qismində Azərbaycan çıxış edir. Xüsusən də ölkə regionlarının tərəqqisi ilə bağlı həyata keçirilən uğurlu siyasət bölgələrdə son illərdə məcmu ərzaq istehsalının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Artıq bir çox ərzaq məhsullarına olan tələbat bilavasitə yerli istehsal hesabına ödənilir. Bununla yanaşı, qeyd olunan istiqamətdə iqtisadi zonalar üzrə uğurlu siyasət həyata keçirilməsi davam edir.

Məlumdur ki, respublikanin ayrı-ayrı regionları təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın sahə və ərazi quruluşuna, tarixi inkişaf xüsusiyyətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə bir-birindən fərqlənir. Ona görə də ölkənin yalnız müəyyən hissəsində bu və ya digər məhsulu istehsal etmək və xidmət sahəsini inkişaf etdirmək başqa ərazilərə nisbətən səmərəli olur. Nəticədə ərazi-əmək bölgüsü formalaşır.

İqtisadi rayonların ayrılması zamanı ərazi-əmək bölgüsü nəticəsində yaranmış təsərrüfatın ixtisaslaşma istiqamətləri əsas amil kimi götürülür. Hər bir iqtisadi rayon özünəməxsus iqtisadi coğrafi mövqeyə, təbii şəraitə, təbii ehtiyatlara, təsərrüfat quruluşuna və əhalinin milli tərkibinə malikdir. Təsərrüfatın ixtisaslaşması və kompleks inkişafı iqtisadi rayonun əsas əlamətləridir.

1995-ci ildə Azərbaycanda aparılan iqtisadi rayonlaşmaya əsasən respublikada 10 iqtisadi rayon ayrılır. Onlardan biri olan Aran iqtisadi rayonu da ərzaq təhlükəsizlyinin təmin olunmasında xüsusi çəkitsini davamlı surətdə artırır. Hətta müəyyən məqamlar üzrə burada yeniliklərə də imza atılır.

Məsələn, respublikada ərzaq təhlükəsizliyini davamlı olaraq gücləndirmək məqsədi ilə dövlət torpaq fondu hesabına ölkə ərazisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etmək məqsədilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 4800 hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatları yaradılıb. Bununla əlaqədar, torpaqların təyinatı dəyişdirilib, dövlət investisiyaları hesabına su və enerji təminatı yaradılıb, kompleks meliorativ tədbirlər görülüb, müsabiqə vasitəsilə qalib şirkət seçilib. Müsabiqədə qalib gəlmiş "Qarabağ Taxıl" MMC tərəfindən ərazi təmizlənib, müasir texnologiyaların tətbiqi ilə şumlama və digər aqrotexniki tədbirlər görülüb. Ərazidə dövlət əsaslı vəsaiti hesabına yeraltı qrunt sularının axıdılması və torpağın münbitliyinin artırılması məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilib, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Yuxarı Mil Kanalının davamı olaraq ümumi uzunluğu 10,7 km olan beton örtüklü kanal çəkilib, taxılçılıq təsərrüfatının elektrik enerjisi ilə təmin olunması üçün 35/10 KVA-lıq "Xocavənd" yarımstansiyasından əraziyə 10,7 km uzunluğunda 2 dövriyyəli yüksək gərginlikli elektrik xətti çəkilib və təsərrüfatın ərazisindən keçərək ətraf əraziləri elektrik enerjisi ilə təmin edən köhnə xətlərin yeri dəyişdirilərək yolların kənarı ilə yeni yüksək gərginlikli elektrik xətləri çəkilib.

İnvestisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir. İdarə edilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb. Hazırda ərazidə yaradılmış taxılçılıq təsərrüfatının nəzdində tutumu 30 min ton olan müasir taxıl anbarı kompleksinin tikintisinə başlanıb və özəl aqroservis yaradılıbr. Bununla yanaşı, layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.

Bununla yanaşı, ərazidə ABŞ istehsalı olan süni yağışyağdırma üsulu ilə müasir suvarma sistemləri (pivot) quraşdırılıbr ki, bu da suvarma suyuna qənaət edilməsinə, orta məhsuldarlığın ən azı iki dəfə artmasına, eləcə də torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və münbitliyinin artırılmasına şərait yaradır.

Eyni zamanda, əraziyə yüksək reproduksiyalı toxum gətirilərək 1875 hektar sahədə ərzaq buğdası, 2000 hektar sahədə yazlıq qarğıdalı, günəbaxan və soya səpini aparılıb. Bu ilin payızında isə bütövlükdə taxılçılıq təsərrüfatı üçün ayrılmış 4800 hektar sahədə ərzaq buğdası əkiləcək. Elmi əsaslara söykənən yüksək aqrotexniki qaydalara uyğun əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə ABŞ-dan "John Deere" markalı müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilib. Azərbaycanda ilk dəfə olaraq belə böyük ərazidə yaradılmış özəl iri taxılçılıq təsərrüfatında 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub. Layihənin tam reallaşdırılması nəticəsində 400-dək yeni iş yeri yaradılacaq. Hazırda təsərrüfatda buğda biçini davam edir və hər hektardan orta hesabla 55-60 sentner məhsul əldə olunur. İstehsal olunan yüksək keyfiyyətli ərzaq buğdası Dövlət Taxıl Fonduna təhvil verilir. Ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edən bu cür iri taxılçılıq təsərrüfatlarının ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.

Perspektivdə Aran iqtisadi rayonunda aqroparkların yaradılması d anəzərdə tutlur. Xatırladaq ki, regionların inkişafı ilə bağlı keçirilən müşavirədə Prezident ilham Əliyev ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar-sənaye kompleksinin modernləşdirilməsi istiqamətində aqroparkların yaradılması konsepsiyasını irəli sürüb: "Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı artıq bir neçə ay bundan əvvəl müvafiq göstərişlər verilib, başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki, bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır".

Hesab olunur ki, indiyə kimi mövcud olan təsərrüfatçılıq formaları dünyanın bir çox ölkələrində ərzaq təhlükəsizliyi sahəsində yaranan problemləri həll etmək və çağırışlara cavab vermək üçün yetərli imkanlara malik olmadığına görə, ölkə başçısının irəli sürdüyü bu konsepsiya Azərbaycanda həyata keçirildikdən sonra digər ölkələr üçün də bir nümunə olacaq. Məlumat üçün bildirək ki, aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri-kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar yaransın.

Müasir dövrdə aqroparklar bir sıra səbəblərə görə digər təsərrüfatçılıq formalarına nəzərən üstünlüklərə malikdir. Məsələn, aqroparklarda istehsal-emal-logistika-marketinq qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin rəqabətə davamlılıq qabiliyyəti təmin olunur. Müasir texnika və texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün şərait yaranır, texnikalardan istifadə əmsalı yüksək olur, ortaq xərclər minimuma endirilir, nəqliyyat xərcləri və enerji sərfi azalır, kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya-kommunikasiya texnologiyalarının genişlənməsinə şərait yaranır, ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir. Peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığı stimullaşdırılır, Heyvanların bəslənmə şəraitini mexanikləşdirməklə və saxlanma yerlərini genişləndirərək onların sərbəst hərəkət imkanlarını artırmaqla intensiv heyvandarlıq praktikasına əməl edilir, Ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır, istehsalçılarla istehlakçılar arasında olan boşluq üzərindən "körpü" salınır, iqtisadi və sosial fayda yüksək olur və beləliklə də urbanizasiyanın azaldılmasına dəstək verilir. Dünyada qarışıq aqropark təcrübəsindən də geniş istifadə olunur.

Hesab olunur ki, Aran iqtisadi rayonu qarışıq aqroparkların yaradılması üşün daha əlverişlidir. Misal üçün Bərdə, Yevlax, İmişli və digər bu kimi rayonlarda taxılçılıq və heyvandarlıq məhsullarının istehsalı və emalı üzrə aqroparkların yaradılması məqsədəuyğun hesab edilə bilər. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Perspektivdə isə qeyd olunan istiqamətdə regionlarda daha böyük istehsal sahələri yaradılacaq ki, bu da Azərbaycanın ərzaq təhlükəsizliyinin daha etibarlı şəkildə təmininə gətirib çıxaracaq.

 

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs