Əlaqə Arxiv
news Image
2020.04.23
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Vergi mədəniyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Son illərdə neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunvericilik səviyyəsində, həm də nazirliyin səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb. Ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla, əksər operativ nəzarət tədbirləri dayandırılıb. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına müsbət təsirini göstərib.

Ölkənin tarazlı və davamlı inkişafının təmini, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisinin sürətləndirilməsi məqsədini önə çəkən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası digər dövlət orqanları ilə yanaşı, vergi orqanları duran bir sıra vəzifələrin həllinə imkan verib. Xatırladaq ki, konsepsiyada iqtisadi sistemin rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə aktiv vergi siyasətinə keçidin təmini, vergi dərəcələrinin optimallaşdırılması, vergi ödəyiciləri üçün daha əlverişli şəraitin yaradılması və digər hədəflərin reallaşdırılması nəzərdə tutulmuşdu.

Son illər ölkə iqtisadiyyatının inkişaf tempinə adekvat olaraq vergi sisteminin təkmilləşdirilməsi, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasir tələblər səviyyəsində qurulması və digər istiqamətlərdə mühüm nailiyyətlər əldə edilib. Lakin iqtisadi inkişafın dinamik xarakter daşıması vergi siyasətinin daim təkmilləşdirilməsini, onun daha çevik iqtisadi tənzimləmə mexanizmləronə malik olmasını zərurətə çevirmişdi. Bu hədəflərin reallaşdırılması məqsədilə keçmiş Vergilər Nazirliyində «Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan» və «2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyası» hazırlanıb. Hər iki konseptual sənəd 2020-ci ilədək vergilər sahəsində həyata keçirilməli islahatların fundamental əsaslarını və reallaşdırılma mexanizmlərini özündə ehtiva edib. Sənəddə biznes mühitinin daha da liberallaşdırılmasına, sahibkarlığın inkişafının sürətləndirilməsinə, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, əmək münasibətlərinin leqallaşdırılmasına və s. xidmət edən tədbirlərin gerçəkləşdirilməsi nəzərdə tutulmuşdu.

«2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyası»nın başlıca missiyası Azərbaycanın iqtisadi inkişaf hədəflərinə nail olmaq üçün mütərəqqi, mükəmməl və beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılması olub. Sənəddə, həmçinin qeyri-neft sektorunun inkişafının stimullaşdırılması, vergi daxilolmalarının həcminin artırılması, innovasiya yönümlü iqtisadiyyatın inkişafını təmin edən, qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinin formalaşdırılması məqsədləri önə çəkilib. Ötən illərdə vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prinsiplərinə əsaslanan əməkdaşlıq mexanizmlərinin yaradılması, əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergiödəmə vərdişlərinin cəmiyyətin əxlaq normasına çevrilməsi kimi məqsədlərin reallaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər görülüb.

Ümumilikdə, strategiya ilə qarşıya qoyulmuş əsas məqsədlər son illərdə Azərbaycanın vergi sisteminin sosial-iqtisadi inkişafın təmin edilməsində, sahibkarlığın inkişafının sürətləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında əsas mənbə kimi tanınmasını təmin edib. Strategiyada göstərilirdi ki, bu və digər tədbirlərin reallaşdırılması vergi orqanlarının daha çevik və qarşıya qoyulan vəzifələri operativ həll etmək imkanlarına malik mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyətini daha da gücləndirməlidir. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətcə yeni prinsiplər əsasında qurulması vergi orqanlarının bu sahədə tutduğu mövqeyi əhəmiyyətli dərəcədə gücləndirib.

«2013-2020-ci illərdə vergi sisteminin inkişafı strategiyası»nın həyata keçirilməsi zamanı bütün vergi ödəyiciləri üçün bərabər və ədalətli şəraitin yaradılması, vergi ödəyicilərinin öz öhdəliklərini tam və vaxtında yerinə yetirmələri, eyni zamanda, vergi orqanlarının inzibati xərclərinin və vergi nəzarəti sahəsindəki bəzi çətinliklərin azaldılması üçün vergi sisteminin mümkün qədər sadələşdirilməsi, səmərəliliyinin, rəqabət qabiliyyətinin, şəffaflığının, məqsədyönlülüyünün təmini diqqət mərkəzində olub.

Strategiya çərçivəsində vergi qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə və Ümümdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması əsas vəzifələrdən biri kimi önə çəkilib. Bu məqsədlə aksizli malların idxalına və daxildə istehsalına tətbiq olunan aksiz dərəcələrinin eyniləşdirilməsi, vergi qanunvericiliyinin Avropa İttifaqının direktivlərinə və ÜTT-nin tələblərinə uyğunlaşdırılması prosesinin davam etdirilməsi təmin edilib.

Digər əsas vəzifələrdən biri isə passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçidin təmini olub. Belə ki, vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi məqsədilə iqtisadiyyatın innovativ inkişafının və modernləşdirilməsinin təmini istiqamətində araşdırmaların aparılması, vergi dərəcələrinin optimal qiymətlərinin müəyyənləşdirilməsi üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin hazırlanması diqqət mərkəzindədir.

2020-ci ilədək olan dövrdə vergilər üzrə güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi də vacib məsələlərdən biri kimi önə çəkilmişdi. Qeyri-neft sektorunun sürətli inkişafı və onun ixrac potensialının gücləndirilməsi məqsədilə bu sahədə tətbiq olunan vergi güzəştlərinin monitorinqinin aparılması, onların bir qisminin ləğvi və yenilərinin tətbiqi istiqamətində tədbirlərin davam etdirilməsi təmin edilib.

Vergi ödəyicilərinə xidmət sisteminin daha da yüksəldilməsi və təkmilləşdirilməsi də mühüm hədəflərdəndir. Bu təkmilləşdirmələrin əsas istiqamətini vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin yaradılması təşkil edir. Eyni zamanda, özəl vergi məsləhətçiləri, vergi ombudsmanı institutlarının yaradılması, vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin spektrinin genişləndirilməsi, ünvanlı xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və digər məqsədlər nəzərdən keçirilir.

Strategiyada bütün bunlarla yanaşı, həm də əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, gələcəyin intizamlı, savadlı vergi ödəyicilərinin formalaşdırılması, bu sahədə beynəlxalq təcrübənin araşdırılaraq, müvafiq təkliflərin verilməsi, məlumatlandırma vasitələrinin, xüsusi dərslik və tədris vəsaitlərinin hazırlanması

nəzərdə tutulub. Vergi ödəyiciləri, o cümlədən, əhalinin digər təbəqələri arasında vergi mədəniyyətinin yüksəldilməsinə xidmət edən məlumatlandırma, maarifləndirmə və təbliğat işinin səmərəliliyini artırılması məqsədilə ictimai birliklər və təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, müvafiq tədris-metodiki təlimatların hazırlanması təmin edilib. Stratejiya çərçivəsində həyata keçirilən islahatların KİV-də geniş işıqlandırılması da təmin edilib.

Rəsmi məlumatlara görə, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən yeni hesabatda ölkəmiz ən çox islahat aparan 10 ölkə sırasında mövqe tutub. Azərbaycan hesabatda 3 göstərici üzrə («Əmlakın qeydiyyatı», «Biznesə başlama» və «Vergilərin ödənişi») həyata keçirilən islahatlar üzrə ən yaxşı göstəricisi olan ölkələr sırasındadır. «Biznesə başlama»da qeydiyyatın elektron qaydada aparılmasının tətbiqi, «Əmlakın qeydiyyatı»nda notariuslar və əmlakın reyestri informasiya bazasının onlayn rejimə inteqrasiyası, «Vergilərin ödənişi»ndə hesabat və ödənişlərin elektron qaydada aparılmasının geniş tətbiqi müsbət nümunə kimi ayrıca vurğulanıb. Ölkəmizin «əmək bazarının səmərəliliyi», «texnoloji səviyyə», «maliyyə bazarının inkişafı» göstəriciləri üzrə də mövqeyi yaxşılaşıb.

S.Elmanoğlu

Sizin Reklam Yeriniz