news Image
2013.07.12
08:00
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
Uğurlu investisiya siyasəti regionların tərəqqisinə böyük töhfələr verir

Məlumdur ki, bu gün istənilən ölkənin iqtisadi inkişafında investisiya faktoru kifayət qədər mühüm əhəmiyyətə malikdir. Bu sahədə isə Azərbaycan böyük uğurların müəllifi kimi çıxış edir. Ölkəmizin iqtisadiyyatına həm daxili, həm də xarici resurslar hesabına böyük miqdarda sərmayə yatırılır.

Ümumiyyətlə, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Ümumiyyətlə, müasir dövrdə bu istiqamətdə ölkə iqtisadiyyatında əhəmiyyətli keyfiyyət yüksəlişi yaşanır. Belə ki, əsas investisiya siyasətinin formalaşmasına diqqət daha da artırılır. İnvestisiya qoyuluşları vasitəsilə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində əhəmiyyətli keyfiyyət dəyişiklikləri həyata keçirilir. Bu məqsədlə əsasən investisiya siyasətinin formalaşmasına diqqət artırılır, çünki investisiya sferası təsərrüfat mexanizminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. İnvestisiya vasitəsi ilə respublikanın makro-mikro iqtisadiyyatının yüksək inkişafına nail olunur. Eyni zamanda iqtisadiyyatın tarazlığı, onun səmərəliliyinin yüksəldilməsi və milli gəlirin artımı təmin edir. Bu hal regionlaar yatrılan investisyalarda da özünü aydın formada büruzə verir. Regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramlarında da investisiya amili xüsusi diqqət mərkəzində yer alır. Müxtəlif rayonlar və burada hansı sahələrə investisiya yatırılacağı da sözügedən proqramlarda aydın şəkildə vurğulanır. Ölkədə "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyatının yaradılması regionlarda sahibkarlığın tərəqqisi ilə yanaşı, burada onlar tərəfindən geniş həcmli sərmayə qoyuluşuna şərait yaradan əsas amillər sırasında yer alır. Xatırladaq ki, ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli Sərəncam imzalayıb. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin tətbiqinə başlanıb. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilib.

"Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına gətirilən mallar üzərində dövlət sərhədinin buraxılış məntəqələrindəki nəzarət orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada sənədlər gömrük orqanına təqdim olunur. Bununla əlaqədar, "Dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə "icazə" blanklarının verilməsinin ardıcıllığını müəyyən edən müvəqqəti Texnoloji sxem" təsdiq edilib. Bunlar ölkənin, o cümlədən də regionların tərəqqisinə mühüm töhfələr verir. Məlumdur ki, Azərbaycan regionda əsas iqtisadi inkişaf dinamikasına malik dövlət kimi sərmayədarlara açıqdır. Son illərdə ölkəmizə sərmayə qoyuluşu artan xətlə gedir. Bu amil iqtisadiyyatda müsbət meyllərin göstəricisidir. Xarici beynəlxalq təşkilatların apardığı təhlillərin nəticələri də Azərbaycanda investisiya mühitinin əlverişli olduğunu göstərir. Ölkədə sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində addımlar genişləndikcə, regionların inkişafı daha da sürətlənir.

Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafı təmin edən istehsal infrastrukturunun yaradılması və onun təkmilliyinin artırılmasının investisiya siyasətinin uğurul nəticələrindən xəbər verir. Bu fonda yerli ehtiyatlar və iqtisadi potensialdan maksimum səmərəli istifadə əsasında xarici bazarlara belə çıxışı olan, rəqabətqabiliyyətli regional istehsal infrastrukturunun təkmilləşdirilməsinə nail olunur. Bundan irəli gələrək, Azərbaycanın regionlarında dayanaqlı sosial-iqtisadi inkişafın daha səmərəliliklə davamlı təmin edilməsi, rəqabət qabiliyyətli regional istehsal infrastrukturunun təkmilliyinin artırılmasının investisiya problemlərinin təhlili və müvafiq əlverişli vergi mühitinin yaradılması, biznes işinin yaxşılaşdırılması da daim xüsusi diqqət mərkəzindədir.

Bununla yanaşı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini verib. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır. Həmçinin, sahibkralara verilən kreditlər də regionlara maliyyə axınının güclənməsinə təsir edir. Qeyd edək ki, təkcə ötən ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin 83 faizi regionların payına düşüb.

Ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir. Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, "Ağstafa Aqroservis" müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlayıb. "Aqrolizinq" xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilib, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilib. Təkcə ötən il ərzində on rayonda aqroservis filialları tikilib, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilib. mişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb.

Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçib, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artıb, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilib. Görülən işlər perspektivdə daha yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır.

Təhlillər göstərir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişaf meyilləri və güclü maliyyə sabitliyi arxitekturası, eyni zamanda, valyuta sərvətlərinin artımı tendensiyası respublikamızın nəhəng iqtisadi və sosial infrastruktur layihələrini maliyyələşdirməsinə dərin zəmin yaradıb. Hazırda Cənubi Qafqaz iqtisadiyyatında ümumi maliyyə vəsaitlərinin 87 faizinə sahib olan Azərbaycan bu rezervlərin aktiv pul kütləsi kimi ölkə iqtisadiyyatı ilə yanaşı, xarici dövlətlərin maliyyə bazarlarına, iqtisadiyyatına yönəltməklə regionda potensial sərmayəçi imicini möhkəmləndirir. Azərbaycanın iqtisadi siyasət platformasının əsas komponentlərindən birinə çevrilən sərmayə qoyuluşları ilə bağlı strategiyanın reallaşması regionlara maliyyə rezervlərinin yönləndirilməsi ilə yanaşı, onların tərəqqisini daha dinamik hala gətirir. Həmin investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, regionlarda da əhalinin yüksək sosial rifahının təmin edilməsində əhəmiyyətli rol oynayır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.