Əlaqə Arxiv
news Image
2020.04.22
08:18
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi artıb
Respublikada investisiya mühitinin yaxşılaşdırılması, bölgələrə sərmayə qoyuluşlarının təşviq edilməsi Azərbaycanda regionların sosial-iqtisadi inkişafı məqsədinə xidmət edən mühüm tədbirlər sırasındadır. Son 17 ildə bu sahədə həyata keçirilən tədbirlər regionlara yerli və xarici investisiya yatırımlarının sürətlənməsinə ciddi təkan verib.
2020-ci ilin yanvar-mart aylarında əsas kapitala 2929,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 29,3 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,1 faiz azalıb. İstifadə olunmuş vəsaitin 2021,0 milyon manatı və ya 69,0 faizi məhsul istehsalı sahələrinə, 619,7 milyon manatı (21,1 faizi) xidmət sahələrinə, 288,7 milyon manatı (9,9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1703,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1684,3 milyon manatı və ya 57,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 66,9 faiz, büdcə vəsaitləri 17,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,4 faiz, bank kreditləri 4,5 faiz, sair vəsaitlər 2,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,8 faiz təşkil edib.
2020-ci ilin yanvar-mart aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, Naxçıvan Muxtar Respublikasında ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialı, Kürdəmir və Tovuz rayonlarında  “Asan Həyat” kompleksi, Goranboy və Qazax rayonlarında Mərkəzi Xəstəxana, Ağstafa rayonunda Aqrar Sənaye Kompleksi, Qazax rayonunda əhəng zavodu, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.
Xatırlatmaq lazımdır ki, Azərbaycanda əcnəbi şirkətlərin investisiya fəaliyyəti 1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlməklə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. 
«İnvestisiya fəaliyyəti haqqında» qanuna əsasən, investisiya mənfəət və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə sərvətlərə pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, digər qiymətli kağızlar, daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıqlar), torpaqdan, sudan, digər ehtiyatlardan, o cümlədən binalardan, qurğulardan və avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn digər əmlak hüquqları aiddir. 
Ümumiyyətlə, hökumət ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə «açıq qapı» siyasəti həyata keçirir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın müasir investisiya siyasətinin əsas xüsusiyyəti ölkə iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna investisiya şəklində yönəldilməsidir. 
Ötən illərdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilmişdir. Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb.
Gömrük orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, prosedurların daha da sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Gömrük Təşkilatı ilə birgə xüsusi proqram həyata keçirilib. Nəticədə ixrac rüsumları ləğv edilib, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilib. Daxili bazarda haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Tarif Şurası» yaradılıb. 
İndiyədək Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində iştirak edib, müəssisələrin səhmlərinin ən azı 51 faizini əldə edərək böyük məbləğdə investisiyalar qoyublar. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya axınına güclü təkan verib. 
Ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların artırılması məqsədilə BMT, Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq iqtisadi təşkilatlarla, maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri ilbəil genişlənir. 
Azərbaycan hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini aparıb, bu mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilib. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi olub. Fondun məqsədi münbit investisiya mühitini müəyyənləşdirən şərtlər sisteminin təşkilindən, sahibkarlığın ümumi mədəniyyətinin artırılmasından, habelə investisiya fəaliyyətinin informasiya təminatının möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsindən, bu sahədə fəaliyyət göstərən digər qurumların dəstəklənməsindən, onlarla sıx əməkdaşlıq münasibətlərinin qurulmasından ibarət olub.
Ümumilikdə, ölkədə həyata keçirilən dövlət investisiya proqramları regionların iqtisadiyyatının, əsasən qeyri-neft sektorunun yüksək artımına, əhalinin iqtisadi və sosial tələbatının daha yüksək səviyyədə təminatına, regionlararası inkişaf fərqinin azaldılmasına, ixrac potensialının yüksəldilməsinə, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin qorunmasına yönəlmiş dövlət əhəmiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədinə xidmət edir.
Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində respublikaya xarici sərmayə qoyuluşlarını təmin edib. Həyata keçirilən səmərəli siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır.
Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
S.Elmanoğlu 
Sizin Reklam Yeriniz