Əlaqə Arxiv
news Image
2020.05.15
08:18
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Özəl müəssisələrdə qida təhlükəsizliyinin təmini strateji hədəflərdəndir

Ölkəmizin müasir sosial-iqtisadi vəziyyəti və qarşıya çıxan yeni çağırışlar ərzaq təhlükəsizliyi sahəsində təminatın və nəzarətin müasir tələblərə uyğunlaşdırılması zərurətini meydana çıxarıb. Ərzaq təhlükəsizliyinin mühüm tərkib elementlərindən olan qida təhlükəsizliyinə nəzarət sisteminin köklü şəkildə inkişaf etdirilməsi hazırda aktual çağırışlardan biridir. 
Azərbaycan Prezidenti İlham Əliyevin bu məqsədlə imzaladığı "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 10 fevral tarixli fərmana əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Agentliyə bu sahədə dövlət siyasətinin mərkəzləşdirilmiş və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün funksional idarəetmə orqanı səlahiyyətləri verilib. 
Yeni qurumun yaradılması ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın daha da artırılması ilə yanaşı, qida bazarına dövlət nəzarətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsində pərakəndəliyin və təkrarçılığın aradan qaldırılması, funsional idarəetmənin müasirləşdirilməsi və səlahiyyət bölgüsünün yeni meyarlar əsasında tənzimlənməsi baxımından əhəmiyyətli rol oynayır. 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayan Agentlik yeni publik dövlət qurumu olaraq qida zəncirinin (istehsal, emal və çatdırılma mərhələlərinin) bütün iştirakçılarının qida təhlükəsizliyi ilə bağlı məsuliyyəti üzərinə götürən və preventiv yanaşmaya əsaslanan sistemin yaradılmasını təmin etməkdədir. 
Ümumiyyətlə, dövlət başçısının ərzaq və qida təhlükəsizliyinə dair imzaladığı fərman və sərəncamlar Azərbaycanda ərzaq təhlükəsizliyinə nəzarət mexanizminin müasir yanaşmalar və tələblər əsasında beynəlxalq normalara uyğun qurulmasına imkan yaradıb. Qida təhlükəsizliyi ilə bağlı bütün məsələlərin vahid dövlət qurumu tərəfindən həyata keçirilməsi aparılan islahatların sistemliliyini və səmərəliliyini təmin edir. Bu tədbirlərin strateji məqsədlərindən biri də, şübhəsiz, Azərbaycanda kiçik və orta sahibkarlar üçün normal şəraitin yaradılmasından ibarətdir. Yəni, əvvəllər sahibkar qida təhlükəsizliyi ilə bağlı sənədləşmə işlərini 6-7 qurumda həyata keçirirdisə, artıq yalnız Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməklə kifayətlənəcək. Başqa sözlə, vergi sistemində tətbiq olunan "Bir pəncərə" sistemi qida sektorunda da həyata keçirilir. İstər bazar və marketlərdə, istərsə də ət dükanlarında qidanın keyfiyyətinə nəzarət bu agentlik tərəfindən həyata keçirilir.
Qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verən Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətinin ilk günündən etibarən qida sahəsini təmsil edən sahibkarlara müraciət edərək əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında üzərinə düşən məsuliyyəti dərk etməyə çağırıb və işlərini ölkəmizin milli ərzaq təhlükəsizliyi siyasətinin tələblərinə uyğun qurmağa dəvət edib. Sahibkarlara qida təminatının bütün mərhələlərində müvafiq tələblərə, gigiyenik normalara uyğun qurmaq tövsiyə edilib. Agentliyin mühüm strukturlarından biri kimi Qida Təhlükəsizliyi İnstitutunun yaradılması isə qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk amillərinin qiymətləndirilməsi, qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirməkdədir. 
Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə dair siyasətin tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılması, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsi, ölkədə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə nəzarətin təşkili, eləcə də, qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində müvafiq işlərə başlayıb. 
 Agentlik əhalinin qida rasionunda mühüm yer tutan ət və ət məhsullarının keyfiyyətinə yüksək nəzarət mexanizmlərinin yaradılması, heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir tipli kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməyə çalışır. 
Dövlət başçısının "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" 11 iyun 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həlli məqsədilə Agentlik tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Agentlik yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb edərək baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılması, kəsim məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunması, sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə - küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirir. Qısa müddətdə bu sahədə monitorinqlər aparılaraq heyvan kəsimi ilə bağlı mövcud vəziyyət öyrənilib, regionlar üzrə vətəndaşların gündəlik ət tələbatının həcmi müəyyən olunub. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda mərkəzləşmiş heyvan kəsimi məntəqələrinin fəaliyyəti təmin edilib. 
Müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində də işlər görülür. Agentlik tərəfindən ölkə üzrə mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb, həmin məntəqələrin maddi-texniki bazası yaxşılaşdırılıb, avadanlıq və ləvazimatlarla təmin olunub. 
Agentlik bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara və kənd mülkiyyətçilərinə də diqqət göstərir, istehsalla məşğul olan şəxsləri sanitar-gigiyena normalarına riayət etməyə çağırır. Eyni zamanda, pestisidlərin istehsalı, daşınması, isitfadəsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə maarifləndirici tədbirlər həyata keçirir. Pambıqçılıq təsərrüfatlarında çalışan işçilərin təhlükəsizliyinin qorunması, pestisidlər, aqro-kimyəvi maddələr və digər bitki mühafizə vasitələrindən düzgün istifadə qaydalarının təşviqi ilə bağlı regionlarda keçirilən maarifləndirici görüşlər də bu qəbildəndir. Eyni zamanda, bitkiçilik məhsulları istehsalçıları və ixracatçıları ilə birgə keçirilən silsilə görüşlər fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi ilə bağlı təşviqedici və izahedici xarakter daşımaqla, milli qida təhlükəsizliyi laboratoriyaların yaradılması, karantin rejiminin tətbiqi və ixracdan əvvəl fitosanitar karantin baxışının keçirilməsi, qablaşdırma, ixracın sertifikatlaşdırılması, fitosanitar vəziyyətin idarə edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.
2018-ci il iyul ayının 1-dən etibarən qida təhlükəsizliyi sahəsində dövlət qeydiyyatı və  reyestrinin aparılması bu sahədə təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdə Agentlik tərəfindən qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək verilmiş,  onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirilib. 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında imzalanmış Anlaşma memorandumuna əsasən, qeydiyyat və dövlət reyestrinin aparılması, qida təhlükəsizliyi ilə bağlı xidmətlərin "ASAN xidmət" mərkəzlərində "bir pəncərə" prinsipi ilə həyata keçirilməsi bu sahədə şəffaflığın təmin olunduğunu bir daha təsdiqləyir. 

S.Elmanoğlu

Sizin Reklam Yeriniz