Əlaqə Arxiv
news Image
2020.05.20
08:30
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
İqtisadi sferada şəffaflıq və liberallıq təmin edilir

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də məhz şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutan qanunverici-institusional tədbirlərin gücləndirilməsidir.

Prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən idarəçiliyin bütün sahələrində şəffaflığın və aşkarlığın artırılması, maliyyə intizamının gücləndirilməsi zərurətini önə çəkib. Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 13 yanvar 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanun qəbul edilib. Bundan başqa, qanun əsasında «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)» layihəsi hazırlanaraq 3 sentyabr 2004-cü il tarixdə təsdiq edilib. Proqrama əsasən, 2005-ci ildən Ədliyyə, Gömrük, İqtisadi İnkişaf, Daxili İşlər, Xarici İşlər nazirlikləri, prokurorluq və digər dövlət orqanlarına işə qəbul yalnız test üsulu və müsabiqə yolu ilə həyata keçirilir.

Prezident İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılıb. Ümumilikdə, ölkə rəhbərinin 28 iyul 2007-ci il tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə», 2009-cu il 22 iyun tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarsı mübarizənin gucləndirilməsi haqqında», 13 aprel 2010-cu il tarixli «Sahibkarlıq sahəsində yoxlamaların nizama salinması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» fərmanları ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə fərmanına əsasən, Ədliyyə Nazirliyində «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri» formalaşdırılaraq 2011-ci il may ayının 1-dən fəaliyyətə başlayıb. Reyestrin aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sisteminin vahid portalı www.yoxlama.gov.az internet ünvanında yerləşdirilərək yoxlayıcı orqanların və sahibkarlıq fəaliyyəti subyektlərinin istifadəsinə verilib.

Azərbaycanın dinamik iqtisadi inkişafı, vətəndaşların sosial rifah halının ildən-ilə güclənməsi, hüquqi-siyasi şüur səviyyəsinin yetkinləşməsi hökumətə bu sahədə həm də inzibati tədbirləri gücləndirməyə, korrupsiyaya rəvac verən halları müəyyənləşdirərək qarşısını almağa imkan yaradır. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə ölkə Prezidenti 2011-2012-ci illərdə bir sıra fərmanlar, sərəncamlar imzalayıb. Bunların bir qismi Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, bir sıra xidmətlərin «vahid pəncərə» sistemi əsasında tətbiqinin həyata keçirilməsini nəzərdə tuturdu. Tətbiq olunan cərimələrin müəyyən faizinin mükafat formasında yol polisi və gömrük orqanları əməkdaşlarının aylıq

vəzifə maaşlarına əlavə olunması da stimullaşdırıcı addım kimi mühüm əhəmiyyətə malikdir.

Görülmüş tədbirlər sırasında 16 fevral 2011-ci il tarixli «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların ekspertizasının aparılması qaydasının müəyyənləşdirilməsini, dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və tariflər barədə dəqiq məlumatlar almaq məqsədilə «www.rusum.az» saytının yaradılmasını, dövlət qurumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək məqsədilə «www.etika.az» saytlarının yaradılmasını qeyd etmək olar.

2007-ci il 28 iyul tarixli «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» çərçivəsində normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında» sərəncamlar imzalayıb.

Sərəncamla imzalanmış «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda korrupsiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə də geniş yer ayrılmışdı. Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının, etik davranış qaydalarının, ərizə və şikayətlərə baxılması işinin, cinayət təqibi sahəsində qanunvericiliyin, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin, təkmilləşdirilməsi tədbirlərini xüsusi qeyd etmək olar.

Fəaliyyət Planında, həmçinin, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, maraqlar toqquşmasının qarşısının alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli mühitin yaradılması, audit, vergi, gömrük, dövlət satınalmaları, sosial müdafiə və digər sahələrdə fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə geniş yer ayrılmışdı. Fəaliyyət Planının 12-ci bəndində nəzərdə tutulan tədbirlər ölkədə sahibkarlıq mühitinin daha da liberallaşmasını, respublikada güclü orta təbəqənin formalaşmasını təmin edib.

İnsan və hüquq azadlıqlarının təmini elə bir mürəkkəb prosesdir ki, bu sahədə islahatların sonu və son imkanları görünmür. Ölkə rəhbərliyi məhz bu reallıqdan çıxış edərək Azərbaycanın inkişaf etmiş ölkələr səviyyəsinə qaldırılması üçün hüquqi-siyasi liberallaşma sahəsində kompleks tədbirlərin zəruriliyini önə çəkir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı» da sosial-iqtisadi inkişaf prosesinin keyfiyyətcə yeni mərhələsində hüquqi-siyasi islahatların uğurla davam etdirilməsi məqsədini ön plana çəkib.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik «ASAN xidmət» mərkəzlərini yaratmaqla

onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir.

«ASAN xidmət», ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış «müştəri məmnunluğu» ideyasının reallaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş «bir qapı» prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.

Həmin mərkəzlərdə xidmətlər hər bir vətəndaş üçün həyata keçirilir və təqvimin bütün günlərində fasiləsiz açıq olur. «ASAN xidmət» mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiya və s. dövlət orqanlarının əməkdaşları müasir xidmətlər göstərirlər. Yeni mərkəzlər biznes strukturlarının da işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.

S.Elmanoğlu

Sizin Reklam Yeriniz