Əlaqə Arxiv
news Image
2020.05.21
08:15
| A A A
LAYİHƏNİN İSTİQAMƏTİ: “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”
Sahibkarların güzəştli kreditlərlə təminatı genişlənir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bunda başlıca məqsəd Azərbaycanda sahibkarların dövlətin güzəştli kreditlərə çıxış imkanlarının sadələşdirilməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu aktiv fəaliyyətə 2002-ci ildən başlayıb. Dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış çətinliklərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydalar” təsdiq edilib. Sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizminin yenidən qurulması bu maliyyə qurumunun inkişafında dönüş nöqtəsi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə apardığı müasir iqtisadi şəraitin tələblərinə uyğun olaraq düşünülmüş və ardıcıl islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, iqtisadi dayanıqlığının təmin olunmasına, regionların tarazlı inkişafına və ölkənin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfəsini verib. Eyni zamanda, dövlət-sahibkar münasibətlərinin və qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılıb.

Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və özəl sektora davamlı dövlət maliyyə dəstəyinin göstərilməsi nəticəsində sahibkarlığın inkişafı daha da sürətlənib. Dövlətin maliyyə dəstəyini həyata keçirən Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlər məqsədli dövlət proqramlarının və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından irəli gələn tapşırıqların icrasına, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin maliyyələşdirilməsinə, regionların tarazlı inkişafına, o cümlədən yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir.

Fond Azərbaycan təcrübəsində sahibkarın dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda səmərəli investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının pozitiv nümunəsinə çevrilib. Ölkənin maliyyə imkanları genişləndikcə Fonda ayrılan vəsaitlərin həcmi də artır, eyni zamanda, bu vəsaitlərdən istifadə imkanlarını sadələşdirən çevik və işlək mexanizmlər tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2002, 2004, 2005, 2006, 2009 və 2011-ci il tarixli sərəncamları ilə əvvəllər SKMF adı ilə fəaliyyət göstərən Fondun vəsaitlərindən istifadə qaydaları təkmilləşdirilib, bu sahədə fəaliyyətin genişləndirilməsinə imkan

yaradılıb. Nəticədə güzəştli kreditlərin daha aşağı faizlərlə alınması, məqsədəuyğun, rentabelli şəkildə yerləşdirilməsi mümkün olub.

Fondun vəsaitlərinin yönəldiyi sahələrdən biri də dünya ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycana gətirilməsi, respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasıdır. Bu baxımdan, qeyri-neft sektoru sahələrinin inkişafının sürətləndirilməsi və yeni texnologiyaların tətbiqinə əsaslanan layihələrin güzəştli şərtlərlə maliyyələşdirilməsinə xüsusi diqqət göstərilir.

Dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək müəyyən edilib.

Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi qaydada müraciət edirlər.

Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər.

Fond 10 (on) bank günü müddətində Fondun vəsaitləri hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, müraciətlərin təmin olunması və ya ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) bank günü ərzində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Fonda və sahibkarlıq subyektinə məlumat verir.

Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında məlumat müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) bank günündən gec olmayaraq verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatı apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və faiz borcunu bütövlükdə Fondun hesabına köçürməlidir.

Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışının, eləcə də qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradır.

S.Elmanoğlu

Sizin Reklam Yeriniz